14 Eylül 2017 Perşembe

27 il sonra "O" ( It)

Bazar günü CinemaPlus da "It" filminə baxdım. Cinemaplusun tamaşaçılar üçün yaratdığı şərait, rahatlıq, səs və görüntü təchizatı mənə görə əladır. Heyf ki, düz arxamızdakı sırada əyləşən "pусскоязычный" qaqaşların filmdəki olaylara verdikləri əlaqəsiz reaksiyalar , rəylər, yersiz gülüşləri məni bu dəfə çox narahat etdi  və üstəllik filmdə səslənən bir suala onlardan birinin rahatca bərkdən verdiyi "cavab" məni deyəsən əməlli hirsləndirdi ki , bəlkə də elə ondandır , bu dəfəki postum daha çox tənqid yüklü olacaq. Yəqin neqativlikdən elə filmdə də ancaq neqativlik axtarıb tapmışam :) 




Əvvəlcə deyim ki, "It" əzizimiz Stephen Kingin 86-cı ildə qələmə aldığı təxminən 1000 səhifəlik eyni adlı romandan motivləşdirilib. Romandan elə düz 4 il sonra Tommy Lee iki dənə çox bəyəndiyim film çəkib əsərə əsasən. O qədər bəyənmişdim ki, hər iki filmi hələ də rus dublajıyla netbukumda saxlamışam.



Amma yeni filmi heç sevmədim. Rejissor və aktyor işinə nəsə deməyə dilim gəlmir, hələ bütün ilk film sevgimə baxmayaraq bu oğlanları daha çox sevdim, daha uyğun görünürdülər obrazlara...


Amma serialın əslində ən əsas qəhrəmanı odur - o, yəni Kloun. 1990-da Tim Curry rolun öhdəsindən möhtəşəm gəlmişdi, o obraz çox daha kloun kimi idi , nə qədər "creepy" idisə o qədər də "sevimli" idi . Deyəcəksiniz , qızın başı xarab olub, amma inanıram ki , filmi izləmiş olanlar mənlə razılaşacaqlar. 


                                        Bir soldakıya baxın, bir sağdakıya, haqsızammı ? :D 

Amma bu Kloun daha çox elə ilk baxışdan dəhşət saçmaq üçün idi. Hələ o geyim, o qrim :/ Uşaqların baş rolda olduğu filmi bu qədər "müasirləşdir" , amma klounu o günə qoy, niyə axı ? :/ 



Müasirlikdən danışmışkən , Beverly xarakterinin də dəyişimini heç bəyənmədim. Ümumiyyətlə , filmdə ən az bəyəndiyim acting da o gənc aktrisada idi. 




Və "It"-in ən bəyənmədiyim iki səhnəsini seçsəm bir ilk və bir son səhnə olacaq. Az qala filmə baxmayanlar belə hadisələrin necə başladığını bilir, ona görə bunu spoiler kimi qəbul etməyəcəyinizi düşünürəm :) Olaylar bizim "uğursuzlar klubu"nun ( bəli, bu 6 oğlan özlərini belə adlandırırlar ) Billinin kiçik qardaşı Barrynin müəmmalı şəkildə yoxa çıxması ilə başlayır. Anlamıram, o yoxa çıxmanı çox daha filmin janrına da uyğun olaraq mistik etmək olardısa, niyə azyaşlı obrazı o cür şiddət səhnəsində təsvir edirlər ? (İlk filmdə bu səhnədə bu acı detal yox idi) 



Bir də son səhnə... Beverly və Bill romantik səhnəsi :) Yaxşı ki, filmin sonu idi, ciddən , artıq uşaqların yer aldığı filmlər də məgər bunsuz keçmir yəni ? :D  




Yox, mən köhnə fikirli zad deyiləm. Məsələ başqadır. "It" romanını oxumamışam, fikrim də yoxdur, amma hamımızın anlaya biləcəyi bir önəmli hissə var : Hər birinin öz qorxuları olan uşaqlar (!) və o qorxuları onlara qarşı istifadə edə biləcək fövqəltəbii bir güc , yəni məlum Kloun . Azyaşlı ilə dəhşət , şiddət səhnələri və bu iki şey arasındakı o incə, çox incə çizgi...Saflıq və çirkab misalı. Bilmirəm anlata bilirəmmi ? :) 


Bazar günü izlədiyim o filmdə mən o çizginin neçə dəfə yox olduğunu gördüm. Zatən yüksək gözləntilərim olmayan filmdən heç zövq ala bilmədim ,anlayacağınız...Üstəlik,filmin 27 ildən sonra çəkilməsi (Belə ki, ssenaridə dəhşətli hadisələr 27 il aralıqla təkrarlanır) məndə , bəlkə əvvəlki filmlədəki olaylarla hansısa əlaqə olar, ordakı hadisələr hansısa "göndərmələr" olar ümidi yaratmışdı , amma düzü o ümid elə traileri izləyən kimi yox olmuşdu :) 




Postumu yekunlaşdırmazdan əvvəl istəyirəm nəzərinizə çatdırım ki, bu ilki film bir qorxu filmi olaraq vizyonda rekordlar qırır :) (Qorxu filmləri adətən çox qazana bilmir , hələ mən maraqla #jigsaw gözləyirəm) Bilmirəm bunu reklam və pr fəaliyyətlərinə borcludurlar , ya nə , amma 8 sentyabrda vizyona girmiş 35 milyon büdcəli film , ilk həftəsonu 117 milyonu keçmişdisə , artıq dünya üzrə 200 milyonu da keçib :) 



Yəni , tənqidçilərdən də övgülər aldığını nəzərə alıb mənim baxış bucağımda bir problem olduğunu düşünməyə də bilmirəm :) "Mother" filmi ilə sevgimizi qazanan Andy Muschiettinin bu filmini də izləmək arzusundasınızsa , yazdıqlarımın hamısını nəzərə alın məncə. Zatən əvvəldə də vurğuladığım kimi, rejissor və aktyor işində hər şey əla idi. Nə isə, dostlar , uzandıqca uzanacaq bu post :) İstəyərəm bütün izləyicilər Bill, Benjamin , Richie , Stan , Eddie , Mike və Beverlyni izləyərkən öz qorxularını yada salsın , o qorxular ki, sadəcə uşaqlıqda yox hər zaman arxanızca gələcək... Və istərəm siz də ən az bu uşaqlar qədər qorxularınızın qarşısında cəsur davrana biləsiniz :) 



P. S. Aktyorluğunu , obrazını (Richie, sən də olmasan kim bizi o qədər şeyin arasında gülümsədəcəkdi ? :) ) və elə öz sevimli simasını da çox bəyəndiyim 14 yaşlı Finn Wolfhard məndə artıq mövcud olan "Stranger Things" izləmək marağını bir az da artırdı :) Aranızda bu serialı izləmiş olanlar varmı ? Təəsssüratlarınızı mənlə bölüşün ! :) 



Gələn yazıda görüşənədək :)


11 Eylül 2017 Pazartesi

Pretty Little Liars

 Bu yazı uzun müddətdir , davam edən lənəti qırmağım nəticəsində yazılır , bəli ! 2 aydır ki, yeni serial  haqda yazı yazmağıma mümkün ola biləcək hər şey əngəl olurdu , amma bu gün “Kifayətdir! “ deyib bərk-bərk netbukuma yapışmışam .  Bu gün sizə mənimçün özəl olan və bir neçə ay öncə final etmiş bir serial haqda danışmaq istəyirəm : Pretty Little Liars ! ( Balaca şirin yalançılar  tərcüməsini  yadırğayıram , ona görə gəlin, bundan sonra serial haqda , qısaca , PLL deyə bəhs edək :)  )







Öncə, bir şeyi hamılıqla qəbul edib , rahatlaşaq istəyirəm. Serial həm teen drama , həm də triller janrındadır.(6-cı və son sezonda isə sadəcə dram və triller ) Ona görə “teen drama” birləşməsindəki “teen” Amerika və Avropa  izləyicisi  üçün nə qədər yeniyetmə  mənası versə də, bizim izləyicimizçün tam olaraq gənclik dönəmi mənasını verir. İzah etməyə çalışım , yəni , serial əsasən  elə öz baş rolları yaşda olan izləyicilərə xitab edirdisə , həmin baş rolların yaşadıqlarını bizim 20-30 yaş aralığındakı gənclərimizin heç olmasa 25 faizi yaşaya bilibmi , şübhə edirəm :) Hələ , nəzərə alaq ki, söhbət hələ yüksək həyəcan  və maraq  yaradan hadisələrə aid deyil :)





2010-cu ilin yayında ekranlara gələn serial düz 7 il 7 mövsümlə davam etdi və kifayət qədər izləyici və sevgi qazanmağı da bacardı. Amma serialın ən parlaq dövrü , fikrimcə izləmiş hər kəs də təsdiq edər ki, məhz ilk 5  mövsüm oldu … PLL Sara Shepardın eyni adlı kitab seriyasından  əsaslanmış olsa da , serialın başlanması, kitabdan uyğunlaşdırılması,  ssenaristlik , rejissorluq  və prodüserliyi  I.Marlene Kingə aiddir. Əlbəttə , burda digər adları da unutmaq olmaz , lakin öz diliylə desək , bu ekran işi onun az qala övladı sayıla bilər :)




PLL 5 sezonuyla bitməliydi  , lakin serial o qədər sevilir və reytinq yığır ki, kanal Marlenə iki sezon daha  hazırlamağı xahiş edir və qadın da əlindən gəldiyi qədər hekayəni uzatmağa çalışır. Əslində Marleni buna görə qınamaq düzgün deyil, amma kaş ki, FreeForm kanalı sırf  gəlir xətrinə mənimçün özəl yeri olan bu serialın məhvinə imza atmasaydılar :(




Doğurdan, axı başda sizə serialın mənimçün çox özəl olduğunu dedim . Əslində çoxsaylı serial izləmiş və izləməkdə davam edən biri olaraq , məndən bir serial siyahısı tərtib etməyimi istəsəydilər, PLL heç vaxt ön yerlərdə yer almazdı , nə mövzusuna görə, nə rejissor işinə görə , nə ssenariyə görə , nə də aktyor işinə görə. Amma o siyahıda mütləq bir yeri olacaqdı ! Niyə ? Çünki bu mənim  internetdə izləməyə başladığım ilk serialdır :) Hələ də yadımdadır , özümə  bir  müddət idi ki, netbuk almışdım və səbrsizliklə  evdə sürətli internetin olacağı günləri gözləyirdim. Hər şey düzələndən sonra , yüngülvari araşdırma edib  “Pretty little liars”-I tapmışdım :) 5-6 il öncə hər halda məni  bir serialda ən çox maraqlandıran şey  həyəcan verici, sürükləyən süjet xəttinin olması  idi :)




 Çooox uzun bir girişdən sonra bəlkə bir az da serialın ssenarisindən, hekayəsindən , qəhrəmanlarından danışaq ? :) Seriala heç başlamamısınızsa, deyim ki, bundan sonra yazacaqlarım spoiler sayılmır , hansı saytda serial izləmək istəsəniz, çox güman bənzər  başlıq cümlələrini oxuyacaqsınız :) Odur ki, rahat olun :)




Serial  yaxın rəfiqə olan 5 məktəbli  qızın(Alison , Aria , Spencer , Emily , Hannah ) bir gecə bərabər qaldığı evdə qızlardan birinin (Alison)  müəmmalı formada yoxa çıxması  və hadisədən 1 il keçdikdən sonra bu qədər müddət bir-birilərindən xəbəri olmayan  digər 4 qızın yenidən yollarının kəsişməsiylə başlayır. Bəs onların yollarını nə və ya kim birləşdirir ?  Serialı başdan sona maraqla izləmənizə səbəb olacaq “A” … Ya da , daha aydın desək ,”A”nın bu qızların bütün yalanlarından xəbərdar olması.



 Bəs insanları ortaq qorxudan başqa bir araya gətirən nə ola  bilər ? Hələ aralarında ikən Alisonun qurduğu dostluq bağları… 4 tam fərqli qız , fərqli maraq dairələri, fərqli zövqlər və onları bir araya gətirən sirrləri. Özlərinin belə bəzən önəmsəmədikləri ən kiçik səhvlərindən belə “A”-nın  xəbəri var və başlarda sadəcə ondan mesajlar alan qızlar başa düşürlər ki, bu işdən asanlıqla  canlarını qurtara bilməcəyəklər və bir yerdə hərəkət etməlidirlər… Əvvəlcə mesajların itkin Alisonun növbəti oyunu olduğunu düşünən qızların fikirləri rəfiqələrinin cəsədlərinin tapılması ilə darmadağın olur. Amma  “A”-nın da qızlardan əsl istəyi elə Alisonla bağlıdır...





Tam 5 sezon qızların az qala yaşam mücadələlərinə şahid oluruq :) Süjet xətti irəlilədikcə qızların ətrafındakı insanların , özəlliklə də sevgililərinin də (hər birinin sevgilisi olmasa , olarmı heç ? :D )  cinsini belə bilmədiyimiz “A”-nın oyunlarına  alət olması bir yana , qızlar da həyatlarını cəhənnəmə çevirən bu adamın kim olduqlarını öyrənmək üçün əllərindən gələni edirlər. 




5 sezon finalında kim olduğu bəlli olur, amma , inanın , o bölümə qədər o qədər hadisə baş verir, flashbacklər sayəsində Alison başda olmaqla qızların o qədər sirrləri ortaya çıxır , o qədər yeni xarakterlər,yeni və köhnə düşmənlər peyda olur  və o qədər ağlagəlməz bağlantılara şahid olursunuz ki ! :) Qızlar təxmin edə bildiyiniz və bilmədiyiniz hər şeyi yaşayırlar ,ölülərin sağ olduğunu öyrənməyə və adam öldürməyə qədər. PLL heç bir obrazı önəmsəməzlikdən gəlməməli olduğunuz serialdır (ki zatən mənim də ən bəyəndiyim obraz başlarda hətta qonaq aktrisa status olan Mona xarakteri idi) və zatən 5 mövsüm  boyu da qızların hər biri daxil olmaqla , az qala bütün kadronun  “A” ola biləcəyi variantları irəli sürülürdü  :D




Bəzən düşünürəm, əgər hər şey ordaca bitsəydi , janrına görə serial uğurlu hesab etmək olardı həqiqətən. Amma bunu etmədilər və 6-cı sezonla bir də A.D çıxır qarşımıza :) “A” ilə müqayisə etmək olarmı , ya yox, bununçün izləmək lazımdır , amma  öncəki sezonlardakı həyəcanı yaxalaya bilməyəcəyimiz dəqiqdir.




Lakin mənimçün son 2 sezonda serial gözdən salan sadəcə hekayənin mənasızca uzanmağı deyildi.  Hekayədə 5 il zaman atlaması edirlər və “böyük qayıdış”-da  bütün sevgi münasibətlərini bitmiş, dağılmış  görürük. Zatən reytinqlərin düşməyindənmidir , nədir , fikrimcə səhvlərini anlayıb serialın finalını doğru “durumu toparlamağa” çalışdılar. O zaman anlamışdım ki, serialı o qədər izləmiş olmamağımın səbəbi baş rolların hər şeyə rəğmən sevgilərini , dostluqlarını qorumaları imiş. Tipik xarici seriallardan fərqli olaraq… Ona görə də PLL, baxmayaraq ki , final bölümünə qədər izləmişəm, mənimçün 5 sezonu ilə bitdi , siz əgər izləmək fikrinə düşsəniz , mənim etdiyimi etməyin və 6-cı sezona başlamayın :)



Bir bölümü təxminən 40 dəq davam edən serialın çoox sevdiyim bir özəlliyi  var idi : Hər bölüm bitəndə “A”-nın edəcəklərinə, planlarına aid çox qısa səhnə göstərirdilər ki, az qala izlədiyimiz bütün bölümün hekayəsini dağıdıb maraqla gələn bölümü gözləməyə səbəb olurdu :)




Əgər  maraqlı və həyəcanlı süjet xətti olan gənclik draması sizə maraqlıdırsa , izlədiyiniz təqdirdə  bu 5 qızı az qala rəfiqəniz qədər yaxından tanımağa ,onların başlarına gələnlərə şahid olmağa  hazırsınızsa və özəlliklə indiyə qədər heç bir xarici serial izləməmisinizsə , məsələn , yenicə abituriyentlik bəlasından xilas olub  fikrinizi yayındıracaq və  xarici seriallara başlamaqçün uyğun variant  hesab olunacaq bir şey axtarırsınızsa PLL-ə başlaya bilərsiniz. Yox, “mənə həqiqətən yaxşı serial tövsiyyə et!” deyirsinizə , onda izləyəcəksəniz ,sit-com sevənlərçün Friends əfsanəsi , drama sevənlərçün  yeni sezonuna az qalmış Black Mirror var :)


Əgər  “The  Walking Dead” , “Game of Thrones”, “Sherlock”, “Black Mirror “, “Hannibal”, “Westworld” və də bənzər seriallar izləyib bəyənmisinizsə, onda məncə postu həsr etdiyim serialdan uzaq olun ki, xəyal qırıqlığı olmasın və daha uğurlu və keyfiyyətli seriallar izləmiş ola biləsiniz .


P. S. Bu son deyil , seriallar haqda yazılar davam edəcək ! :)