29 Ekim 2017 Pazar

Qorxu film seriyaları

Hazırda  bu blogda yazarkən ən çox araşdırma apardığım, ən çox vaxtımı alan  və məni ən çox yoran postu oxuyursunuz, ümid edirəm, bəyənərsiniz  :)

Bu gün məşhur “Hallowen” gününün gəlişi münasibətilə sizinlə ən məşhur qorxu film seriyaları haqda danışmaq istəyirəm, hər zamanki kimi yenə də nəzərinizə çatdırım ki, bu sadəcə mənim sıralamamdır və elə özüm də burda olmayan , amma olmağa layiq daha bir neçə bu tip film seriyalarının olduğundan xəbərdaram. Amma, nə olar ki, ömrümüz uzun olsun , gələn il mən yeni siyahı yazaram, siz də oxuyarsınız :)

Başlayaq :)

“Final destination” (“Son  dayanacaq”)  - Rejissor James Wong sayəsində qorxu filmləri arasına girməyi bacaran seriyanın ilk nümunəsi 2000-ci ildə izləyicisiylə görüşdü(Sonrakılar 2003,2006,2009,2011- ümumi 5 film). Başda məşhur “X Files” serialının bölümləri  üçün  kiçik hekayə olsa da New Line Cinema  sayəsində film oldu  və oxşar  ssenarilərdən yorulmuş tamaşaçı yeni və original ideya ilə üzləşdi. 



 Bu dəfə  hekayənin “pis adamı” deyə bir obraz yoxdur, qəhrəmanların axırına çıxan ölümün (başqa sözlə-Əzrayılın) özüdür.  Bəs əgər ölüm səninçün gəlibsə ondan qaçmaq , onu aldatmaq , ondan yayınmaq olarmı ? Gündəlik həyatda istifadə etdiyimiz hər şey – maşın yolları , su , qaz plitəsi , həkim müayinələri – hər şey ölüm sırası gəlmiş qurbanın  “təsadüfi faciə”yə qurban getməsinə kömək edəcək . 



İzləyicilərçün  seriyanın ilk filmi nə qədər özəl olsa da , tənqidçilərin ən çox bəyəndiyi 2011-ci ildə çəkilmiş 5-ci film olmuşdu. Ümumiyyətlə , “Final destination “ janrına görə iddialı  iş olmağı bacarmasa da , sırf ideya və fərqlilik baxımından  izləyici kütləsi üçün xüsusi yerdə durmağı bacarıb.
Seriyanın davamının gəlməyəcəyi deyilib. Amma  “Saw”  (“Mişar”) seriyası üçün də eynisi deyilməmişdimi ? :) Elə isə qoy növbəti seriyamız da “Saw” olsun :)



Bu gün 8-ci filmi , “Jigsaw”-u izləmişkən, qısaca yeni film haqda  məlumat verim, trailerdən sonra filmdən zatən yüksək gözləntilərim yox idi , hələ o gözləntilər kölgəsində filmi yetəri qədər bəyəndiyimi deyə bilərəm – axı , hər şeyə rəğmən bu əfsanənin qayıdışı idi ! :) Filmi izləsəniz , əfsanə deyərkən sadəcə onun özünü nəzərdə tutmadığımı anlayacaqsınız, sonlara yaxın sürpriz bir şok var :)



Velosiped sürərək, qurbanlarının yanına gələn o unudulmaz kukla , o şedevr soundtrack və də Jigsaw üçün həqiqətən darıxıbmışam … Gedin , izləyin , amma yanınızda  azyaşlı uşaqları aparmayın , əksinə siz də bu gün mənim Cinema Plus zalında gördüyüm  pis vəziyyəti qınayın … Böyüklərin belə neçə_neçə səhnəsini sıxılaraq , güclə izlədiyi bir filmin nümayişinə bu qədər azyaşlı necə buraxıla bilər axı ?!

Nəisə. 8-cisi arasına yeni qoşulan seriyanın sözsüz ki, ən bəyənilən  filmi birincisi idi,  ilk izləyişimi xatırlayıram ,  necə qarışıq duyğularla  baxdığım “Saw ” sonluğunda yaşadıqlarımı unutmaqsa mümkün deyil ! :)



Şəxsən bir qorxu filmi fanatı kimi , filmin mistik, fövqəl-təbii ünsürlərdən uzaq olması  mənimçün onun üstünlüyü idi , eləysə izləyicini qorxutmaqçün  ən ideal yol nə qalır ? Təbii ki, şiddət . Bəs əgər bu şiddət sadəcə hansısa günahın cəzasını ödəməkçün qurulmuş tələnin nəticəsidirsə və sağ qalmaq üçün mütləq bir yol varsa  ? Maraqlıdır ? Elə isə, oyun başlasın ! :)



Sıradakı  o əcaib və artıq klassikləşmiş maskanı həyatımıza əbədi “urcah edən”  “Scream “(“Çığırtı”) seriyasıdır :) Həm izləyicilərin , həm də tənqidçilərin çox bəyəndiyi, 1990-cı ildə  Wes Cravenin rejissorluğu ilə izlədiyimiz ilk filmdə naməlum bir şəxs  insanlara zəng vurub onlara filmlər haqda suallar verir, sonra da  onları qurbanına çevirirdi. Əsl hədəfi isə  Neve Campbellin canlandırdığı qız idi. Film seriyasında həm də  “Friends” serialının Monicası Courtney Cox və onun hazırda  ayrılmış olduğu həyat yoldaşı David Arquette də yer alıb.  





Wes Craven 90-larda durğunluq yaşayan slasher janrını ( izah verim , loru dillə desək , filmdəki bütün gənclərin bir-bir öldürülməsi) canlandırmaqla qalmadı , həm də elə qorxu janrında çəkdiyi filmin özüylə bu janra sətraltı lağ belə etməyi bacardı.



Çox tərəddüd etdikdən sonra , öz feminist aurasıyla , şiddət və təcavüz səhnələriylə çox danışılan , tənqidçilərin yerdən-yerə vurduğu “ I spit on your grave “ (“Məzarına tüpürəcəyəm”)  üçlüsünü (2012,2013,2015) də əlavə etməyi qərara aldım. İlk film 78-ci ilin “Day of the Woman” filminin yenidən rejissor Steven R. Monroe tərəfindən  canlandırılması idi  və Almaniya , Norveç , Avstraliya kimi ölkələrdə qadağan edilmişdi.  Filmin ilk yarısındakı təcavüz səhnələrində yaxın çəkimlərdən istifadə olunmuşdusa da , ikinci yarıdakı intiqam səhnələrində rejissor  daha   görünən səhnələrə yer vermişdi.  İlk filmdə  ərazinin şerif rəisi və ən önəmlisi – zəka qüsurlu Matthewun  da “pis iş”lərə qoşulması  əslində izləyici üçün əxlaqi dəyərləndirmələrin qarşı-qarşıya qoyulması idi. Bütün tənqidlərə, vizyon uğursuzluqlarına rəğmən , üçlüyün ilk iki filmini məncə  ən yaxşı intiqam mövzulu  filmlər sırasına daxil etmək olar. Amma əgər izləyəcəksinizsə , əvvəlcədən özünüzü bol-bol ağır səhnəyə hazır edin…



Modern qorxu janrında yeni bir cığır açan “Paranormal activity”  seriyasının 6 filmindən (2007, 2010,2011,2012,2014,2015)  heç olmasa birini aramızda izləməmiş olan varmı , görəsən ? Oren Pelinin tamaşaçı ilə ilk görüşə gələn filmini  tənqidçilər də çox bəyənmişdilər , vizyonda da yetəri qədər uğurlu olmuşdu. Fövqəltəbii hadisələrin  sanki gizli mühafizə kamerasıyla çəkilməsi –yeni və uğurlu ideya oldu. Ailələri evlərində izləyən , qorxudan və də öldürən görünməz qatil … Ya da bunların arxasında bir qatil axtarmaq olarmı ? Seriyanın qorxutma işini də əla bacardığını inkar edə bilmərik :)



Qorxu filmləri haqda danışanda  yada düşən qəhrəmanları  - Hannibal Lecterı , Michael Myersı, Freddy Kruegeri, Jasonu unudacağımımı düşündünüz ? :) Hansının film seriyasından başlayaq ? İçlərindən ən çox insana bənzəyəni seçək –Hannibal Lecter .



Niyə “insana bənzəyən ” ? Çünki nə kitablarda , nə də filmlərdə  törətdiyi dəhşətli cinayətləri , insan ətindən yeməklər bişirib qonaqlıqlarda servis etməyi kimi  vərdişləri sayəsində heç kimin ona insan deməyə dili gəlmir. Amma  heç nə möhtəşəm  zəkaya və təsir etmə qabiliyyətinə sahib olan Lecterin “cool”luğundan əskiltməyi bacarmayıb :)



Kitablardan danışmışkən , 4 filmdən ibarət olan seriya Thomas Harrisin eyni adlı kitablarının motivləri əsasında çəkilib. Filmlər kitabların yayınlanma ardıcıllığında deyillər.
“Red Dragon” yazıldı :1981. Filmi : 2002.
“The Silence of Lambs”  yazıldı : 1988. Filmi : 1991.
“Hanniba”l yazıldı  :1999. Filmi :2001.
“Hannibal rising” yazıldı : 2006. Filmi : 2007 .



Seriyanın ilk və unudulmaz filmi “Quzuların səssizliyi “ ABŞ-da 60-cı illərdən bəri artmaqda olan seriya qatillər mövzusuna ən maraqlı və də uğurlu yanaşmalardan biri idi. Bu qatillər sadəcə insanları qətl etdiklərinə görə yox , cinayətlərindən sonra qurbanlarında izlər qoyduqlarına, az qala öz cinayət istiqamətlərini, tərzlərini yaratdıqlarına görə məşhurlaşırdılar və bu tip  hadisələr FBI üçün də yeni  düşüncə istiqamətləri tələb edirdi.



İlk filmdə  kişi həmkarlarının arasında yalnız qalmış , dərin xarakterli , tez incinən ruha sahib olan qadın xarakterinin – Clarke Starlingin ön planda olması dönəmin filmləri üçün yenilik idi. Onun digər əsas obraz- Hanniballa görüşmə dialoqları  ( film boyu 4 dəfə görüşürlər) nə qədər uzaq olsa da , sıxıcılıqdan uzaq idi, hətta Joodie Fosterə Oscarı məhz o dialoqların birini gətirdiyini düşünürəm :)
Oscarlardan danışmışkən , “The silence of lambs”  “Exorcist”  və “Jaws”-dan sonra  “ən yaxşı film “ nominasiyasında qalib gəlməklə qalmadı , qorxu janrında  olan filmlər arasında  5 əsas  Oscar mükafatını alan tək film oldu (Ən yaxşı film, ən yaxşı aktyor, ən yaxşı aktrisa, ən yaxşı rejissor , ən yaxşı ekran adaptasiyası. Bu arada , bu janrda ən yaxşı film adını Oscarda  alan son və dördüncü film , hələ ki, “Altıncı hiss”-dir).



Çoox sevdiyim Anthony Hopkinsin  obrazını yaradarkən yaxın çəkimlərdə  gözlərini demək olar qırpmaması , mimikalardan istifadə etməməyə çalışması nəzərinizdən qaçmayıb ki ? Fikrimcə, yalnız bu qədər işini bilən komandanın bir arada olması və bu qədər keyfiyyətli ssenari   bu cür uğurlu işi ortaya çıxara bilərdi…



“Sənin arxanca gəlməyəcəyəm , Clarise, dünya içində sən varkən daha gözəldir”… :)



“Hannibal “ filmində isə Joodieni J.Moore əvəz etmişdi  və  onun sonluğunda Lecterin Scarletə olan jesti ilə  , məncə, bir daha  bu obrazın niyə  qorxu janrında bu qədər fərqli yerinin olması aydın oldu.
Seriyanın son filmini tənqidçilər bəyənməsə də , Hannibalın gəncliyini canlandıran aktyorun işi yüksək qiymətləndirilmişdi. Üstəlik , 2013-2015-ci illər aralığında yuxarıda adını çəkdiyim kitablara əsasən   tv-də  “Hannibal” serial da çəkildi ki, vaxt tapan kimi onun haqqında da  yazmağa çalışacağam.



Estafeti verək Freddy-ə. Ümumiyyətlə bu da daxil olmaqla , sıradakı 3 film teen slasher janrının  əjdahalarıdır deyə bilərik.  Hər 3 filmin ümumi bir məqsədi var idi : Cığırından çıxmış (nigahdan kənar əlaqələr, içki, narkotik və.s)  amerikan gəncinə dərs vermək. Bəli, bəli, bu 3 film ciddi mühafizəkar quruluşa sahib idi  və o günün gəncinə , valideyninə çox saylı göndərmələri var idi.  Bunun ən əsas nümunəsi isə  “Friday the 13th” seriyası idi ki, o haqda daha sonra.
“The  Nightmare on Elm Street” (“Elm küçəsinin dəhşətləri”) illər öncə 200-dən artıq uşağa qarşı  istismar mühakiməsindən  məhkəmədə azad olan , lakin buna baxmayaraq ,həmin uşaqların valideynləri tərəfindən diri-diri yandırılaraq cəzalandırılan  baxça işçisi Freddynin o valideynlərin uşaqlarının yuxularına intiqam almaq üçün geri qayıtmasından bəhs edir…




Bir , iki, Freddy sənin üçün gəlir…
İki , üç, yaxşısı qapını bağla…
Beş, altı, xaçını oğurlayacaq…
Yeddi, səkkiz,  gec olana qədər oyaq qal…
Doqquz, on, bir də heç vaxt yatma…



Seriyanın ilk filmi çoxunuzun sevimlisi Johnny Deppin debüt filmidir .  Bu seriyanın da əsasını  illər sonra insanların “Scream” sayəsində daha da sevəcəyi rejissor  wes Craven  qoyub. Yəqin ki, xəbəriniz yoxdur , Craven ssenarisini  o vaxt yeni yaranan New Line Cinemaya aparana qədər  bütün çəkiliş şirkətləri ondan imtina etmişdi :)



 İlk filmin əsas qəhrəmanı  boşanmış valideynləri , “avara” dostları  və “pis” sevgilisi olan Nancy Thompson idi. Zatən Freddynin niyə gəldiyini ilk anlayan da o olur və onunla təkbaşına  mübarizəyə girişir. Filmin sonluğunu da çox bəyənmişdim.



Sual yarana bilər ? Valideynlər günah törədirlərsə , niyə uşaqları cəzalanır ? Yəni, ailələr uşaqlarını qorumaqçün ən böyük pisliyi edirlər , yəni , ən böyük bisliyi elə  öz övladlarına edirlər ?  Valideyn-övlad yanaşması   həm də Freddy və anası  ilə bağlı da fərqlidir. Belə ki, Freddy rahibə olan anasına  ruhi problemləri olan çoxsaylı kişinin təcavüzü nəticəsində dünyaya gəlir(Rahibədən dünyaya gələn mifik şeytan paradoksu). Əslində , bununla yenə dönəmin ən əsas problemlərindən birinə- nigahdan kənar doğulan uşaqlara və onların yaşadıqlarına  işarə edilir. Yoxsa , öldürülən gənclər həm də rahibənin başına gələnlərə görə cavab verir ? Amma yenə , bütün bunlar arxa plana salınaraq önə çəkilən  sətiraltı sloqanlar bunlardır : Əgər sən ölkəni mühafizəkar ruhdan uzaqlaşdırmağa çalışsan, nigahdan kənar əlaqələrə, narkotikə, içkiyə qurşansan , cəzalanacaqsan ! Valideyn ,  övladına nəzarət etməsən, o sənin səhvini ölümlə ödəyəcək…



Maraqlı daha bir detalsa yuxulardır… Psixologiyada  yuxuların insanların şüuraltındakı istəklərə çatma vasitəsi olduğu deyilir (“yuxunda görərsən”  məsəli , bir növ realda əlin çatmayana , yuxunda çata bilər , deməkdir ). Amma  bizim seriyamızda isə yuxu sadəcə qurban olan gənclərin   çıxa bilmədiyi (oyana bilmədiyi ) və zəif nöqtələrindən asanlıqla istifadə oluna biləcək bir fəza kimi təqdim edilir.



Seriyanın filmlərindəki çoxsaylı dini  simvollar (rahibə, xaç, müqəddəs su və.s) günahlar və onların cəzası aspektindən dini baxışla da gənclərə etdiklərinin günah olduqlarını, cəzalandırılacaqlarını mesaj vermək funksiyası daşıyır. Ümumi  9 film var. Onlardan birində də , sanki Freddy azmış kimi , bir də Michael Myers var :) .“Freddy’s Nightmares” adıyla isə 1988-90-cı illərdə tv serial çəkilmişdi.
Keçək teen-slasherlərdən ən sevmədiyimə…



Köhnə rus dublajı ilə filmləri izləyəndə əcaib zövq alıram , amma  “Friday the 13th” seriyasından əsla ! Niyə ? Çünki yuxarıda vurğuladığım amerikan gəncinə drəs vermək məqsədini bir az şişirdiblər və o qınadıqları pis vərdişləri bir-başa gözə salmaq üçün belə həddən çox açıq səhnələr salıblar … Demək olar seriyanın bütün filmlərində bu var. Sanki “baxın , belə şeylər edirsiniz , gözünüzü yaxşı açın , bax ,bax ,bunlara görə öləcəksiniz!” deyərmiş kimi :))



Seriyanın ilk filmi 1980-ci ildə rejissor Sean S. Cunnigham tərəfindən çəkilib.  Çox uğurlu səs effektləri  (təbiətdən gələn səslər , epikləşmiş “kill kill kill ha ha ha” ),  sakit və yavaş irəliləyən çəkiliş,  saysız hesabsız cinayət səhnələrində  yaxın plan çəkimindən istifadə ,  ilinə görə çox peşəkar  formada işləyən qrim və makyaj ustaları  filmin uğuruna əsaslı qatqı ediblər.



Hekayə isə əslində çox klassikdir. Bu film seriyası sayəsində çox məşhurlaşmış film məkanı olaraq yadda qalan Crystal Lake-də 57-ci ildə 11 yaşlı bir oğlan uşağı- Jason boğulur, onun anası buna görə ərazidəki düşərgədə olan gənclərin səhlənkarlıqda ittiham edir və onları öldürür,  illərlə bağlı olan ərazi 79-cu ildə yenidən açılır və olanları önəmsəməyən gənclər yenidən bu düşərgəyə gəlirlər.
“Cümə günü , Ayın 13-ü”  “yolunu azmış” amerikan gənclərinin castingini apararkən  xüsusi olaraq tanınmamış, çox sadə, bir-birinə oxşayan gənc simalar seçib.



70-80-ci illər qorxu filmləri arasında qətllərin qatilin gözüylə görülməsi  uğurlu çəkiliş üslubu sayılırdı ki, burda da əksərən ona əməl olunub.  Aramla irəliləyən ilk filmdə sona qədər  qatilin kimliyi sual altında qalırsa , növbəti filmdə artıq qurbanlar kimdən qaçdıqlarının fərqindədirlər.
Rejissor , qorxu filmlərinə xas olmayan yeniliyi ilə də yadda qalıb.  Seriyanın ilk qurbanı  açıq havada ,gündüz vaxtı qətl edilir , üstəlik  Cunnighamın xüsusi olaraq gecə zülmətindən qaçdığı da sezilir, daim mütləq hardasa bir işıq kölgəsi belə olsa var. Daha bir fərqli cəhət də  filmdə əlvan rənglərdən bol-bol istifadə olunmasıdır (Gənclərin geyimlərində belə).



Ümumilikdə  fərqli rejissorların çəkdiyi 12 film yer alan seriyanın davamı gələcəyi haqda elə bu ay  söz-söhbət yayıldı. Hər halda , xəbər təsdiqini tapsa , Faduniyadan öyrənəcəksiniz :)


Və… Siyahımızın son filmi… Çooox sevdiyim , klassika kimi klassika  “Halloween” seriyası …



Daha bir gəncliyə xitab filmi :) və bir John Carpenter əfsanəsi… 
Filmin baş rollarında o vaxt hələ   heç bir filmdə  yer almamış Jamie Lee Curtis Laurie rolu ilə  və Donald Pleasence  Dr.Sam rolu ilə  yer alıb. “Psycho” filminin baş rol aktrisası Janet Leighin qızı olan Jamie filmə görə cəmi 8000, D.P isə cəmi 20000 dollar qonorar almışdı.Buna baxmayaraq 325 min büdcəlik film vizyonda təkcə Amerikada 47 milyondan çox qazanmışdı.



 İlk filmin məntiq səhvlərinin az olmamasına, çox az büdcəsinə rəğmən  seriya qatil mövzulu filmlərin bir növ “ata”sı sayılır. Üstəlik 1978-ci ildə vizyona girmiş  bu filmlə ilk  dəfə qatilin super güclərinin olması , ölümsüz olması ideyasının  yaranmasını demək olar.  Burda da cinayət səhnələri dönəmin uğurlu qorxu nümunələri kimi  qatilin gözüylə görülür.  Qeyd edim ki, senzuradan keçə bilmək üçün  səhnələrdə minimum qan görmək olar. Ümumiyyətlə,  vəhşət  səhnələri  mahiyyət etibarilə sırf qurbanların baxışlarından və üz mimikalarından anlaşılır. Fərqli rejissorlara aid olan növbəti 7 davam filmində isə  artıq daha çox qan, daha çox şiddət səhnəsi görmək mümkündür ( davam filmlərindən əlavə Michael Myers obrazı haqda 2  daha əlavə film də çəkilib).



Hekayəyə gələndə,  6 yaşında ikən , 1963-cü ildə , Michael Myers adlı balaca öz bacısını sevgilisiylə görüb ( yenə ir yoldan çıxmış gənc görürük burda , gülməli səslənsə də , vəziyyət belədir yəni :) )onu bıçaqlayaraq öldürür ,  15 il sonra isə saxlandığı ruhi xəstəxanadan qaçır  və Laurieni təqib etməyə başlayır (Michaelin hardasa peyda olub qızı izlədiyi , sonra birdən birə yox olduğu səhnələr… Çox əladır). Paralel olaraq , Myersin həkimi Dr. Sam Loomis (Bu ad  Psycho-dakı obrazlardan birinin adıdır, ümumiyyətlə ilk filmdə  adını çəkdiyim əfsanə filmə dair rejissorun sevgi və hörmətini ifadə edən bir neçə göndərmə var)  xəstəsinin  axtarışına çıxır.  Mexaniki öldürü onun paltarını geyinən və üzünə də əcaib ağ maska taxmış  Michael isə Laurieni öldürmək  qərarındadır. Bəs niyə ? Niyəsini filmi izləyəndə biləcəksiniz :)



Nəyinki ilk filmdə, bütün seriya boyu “Pislik öldürülə bilməz” fikri hakimdir (eynən Jason, Freddydə olduğu kimi). Əgər Michael pisliyi, şeytanı tərənnüm edirsə , Laurie tam əksi , saflığı ifadə edir. Amma özünü müdafiə səhnələrində bəlli olur ki, qurban olmaq bəzən məzlumu qatil olmağa aparır.
Ya da Michael niyə öz bacısını öldürmüşdü  ? 6 yaşlı uşaq üçün böyük bacını öldürmək əxlaq dəyərlərini bərqərar etmək demək idi , ya  mühafizəkar cəmiyyətin istəyi idi ?

Ümumiyyətlə də, “Hallowen” seriyasında da , digər maska taxan  və normal insan üzü görünməyən “pis adam”lar  olan qorxu filmlərində  bu “adam”lar təmiz cəzalandırma sistemini ifadə edirlər, yəni, zatən onun insane olması lazım deyil , o günahkarı cəzalandıracaq qüvvədir. Bu tip bütün filmlərdə də adət halını almış saf və təmiz bir qurban qızın sona qədər mübarizə aparıb sağ qalması olayı yaşanır ( qorxu filmi qaydalarına əsasən o qızlar həmişə sağ qalmalıdır, “pis iş” görənlər ölməlidir) , lakin bu yaşamaq savaşından sağ çıxarkən filmi izləyəcək gənclik də o qız timsalında başına nələr gələ biləcəyini anlamalı və dərs çıxarmalıdır.
Musiqisini belə çox sevdiyim “Halloween” gələn il qayıdır , özü də Jamie Lee Curtislə ! :)
Bu dəfəlik bu qədər , dostlar, bu qədər uzun yazımı bura qədər səbrlə oxuduğunuza görə hər birinizə təşəkkür edirəm , gələn yazıda görüşərik ! :)

P.S. Bəs sizin sevimli qorxu filmi seriyanız hansıdır ? :)

20 Ekim 2017 Cuma

Rosemary's baby

İnstagramda Faduniyada qorxu filmləri ayı bitmədən sizə daha bir əjdaha klassika - "Rosemary's baby " haqda danışmalıyam. Əvvəlcə instagram postu kimi hazırlamaq istədim , amma o qədər uzun yazı alındı ki, burda paylaşmağı qərara aldım :)




Sizə yəqin maraqlı gəlir , bu filmlər niyə belə məşhurlaşır ? Niyə az qala janrının davamçıları üçün məktəbə çevrilir ? Niyə bu qədər müsbət rəy, mükafatlar və çox məşhur siyahılarda, dərslikdə yer almaq fürsətini əldə edir ? Çünki bu cür filmlər hər şeyi ilə peşəkar olmaqla yanaşı öz dövrlərinin aktual olan və olmayan məsələlərinə həm açıq , həm də üstüörtülü şəkildə o qədər məharətlə "toxunur " ki, bunu indi belə çox az film qismən bacarır.


"Rosemary's baby " 1968-ci ildə vizyona girib və həyatı, qalmaqalları , həmçinin filmləri ilə çox məşhur olan rejissor Roman Polanski imzası daşıyır. Film bir il əvvəl yayımlanmış İra Levinin eyniadlı bestseller kitabının elə Polanski tərəfindən ssenariləşdirməsi ilə ekranlaşdırılıb. Rejissorun "Repulsion" və "The tenant" da daxil olan üçlüyündən ikincisi və ən güclüsüdür (digər 2 filmi izləməmişəm). Sadəcə psixoloji qorxu janrını deyil , özündə həm də fövqəl-təbii triller janrını saxlayır. Üstəlik rejissor Stanley Kubrickin də sevimli filmləri sırasında yer almağı bacarıb ! Baş rolda -Rosemary rolunda dönəmin məşhur aktrisası Mia Farrow yer alıb. Bu rol üçün ondan daha uğurlu seçim ola bilməzdi sadəcə :)




Keçək filmə :) Qorxu filmlərinin ən sevdiyim detallarındandır ki, film çox sakit , çox hüzurlu, çox sıradan aurada başlasın. Ki , burda da məhz beləydi. Giriş səhnəsini çox sevdim və əslində o səhnənin belə sətiraltı mənaları olduğunu düşünürəm, amma çox uzatmamaqçün ,qoy o qalsın :) 

Gənc cütlüyümüz : kiçik rollarda , reklamlarda çəkilən və karyerasında irəli getməkçün çalışan Guy və onun dönəmin tipik amerikan evdar qadınını yansıdan yoldaşı - Rosemary bir gün New Yorkda yeni mənzil alırlar( Bu arada bu film Polanskinin Amerikada çəkdiyi ilk filmi idi). 




Rose özgüvəni çox zəif olan, ərinin arxa planında qalmağa çalışıb onu daim dəstəkləyən və uşaq sahibi olmaq istəyən gənc qadındır. Köçmələrindən çox qısa müddət sonra qonşu mənzildə yaşayan Minnie və Roman Castevetlərlə dostlaşırlar. Ara-sıra Rose bu yaşlı cütlüyə qarşı qəribə şübhələrlə yanaşsa belə əri Guyın onlarla çox yaxın olması onun içini rahatladır.



Eynən "Mother" haqda yazarkən də bunu demişdim, məncə elə filmlər var ki, onu daha yaxşı anlayasınız deyə , ya dəfələrlə baxmalısınız, ya da izləmədən öncə spoiler sayıla biləcək informasiyaları oxumalısınız. Zatən, düşünürəm ki, spoiler verməsəm film haqda fikirlərimi sizə dolğun çatdıra bilməyəcəyəm.

Harda qalmışdıq ? :)


Gedişat Roseun qəribə hamilə qalma olayı ilə başqa yön almağa başlayır. Huşunu itirən qadın yuxusunda bütün qonşularının və yoldaşının da yer aldığı qəribə bir ayinin mərkəzində olduğunu və təcavüzə məruz qaldığını görür ( bu səhnələr elə çəkilib ki, heç bir şiddət səhnəsi falan yoxdur, zatən bütün film boyu nə təzyiq , nə də ciddi qorxu yarada biləcək bir səhnə belə görə bilməzsiniz ). Oyandıqda yoldaşı təcavüz söhbətinə görə xanımına zarafatca təşəkkür edib bunu normal qaydada elədiklərini deyir.





Beləcə Roseun dəhşətli hamiləlik günləri başlayır. Bitib tükənməyən ağrılarla mübarizə apardıqca onsuz da zərif bədəni olan gənc qadın lap çəlimsizləşir , üzü-gözü solmağa başlayır. Bütün bunlar davam etdikcə qonşuluqdakı Castevetlərin də xoşniyyət yardımları kəsilmir. Minni hər gün gələcək anaya otlarla hazırladığı süd gətirir, onu öz tanışları olan şəhərin ən məşhur doğum həkiminin qəbuluna bircə zənglə yazdırırlar. Amma Roseun ağrıların kəskinləşməsi və kəsilməməsi , dostlarının ona verdiyi məsləhətlər təmiz haldan düşmüş qadını yenə ciddi şübhələrə salmağa başlayır.





 Bu hissələrdə rejissor bizi elə bizim dövrümüzdə də aktual olan bir məsələni kənardan izləməyə dəvət edir. Modern tibb , modern dərmanlar ; yoxsa türkəçarələr və alternativ tibb ? Xatırladım ki, o illərdə Amerikada bir dərman şirkətinin məhsulları nəticəsində minlərlə uşaq ölü və ya şikəst doğulmuşdu deyə insanlar tibbə olan inanclarını itirmişdilər ( o dəhşətli dalğa qonşu Türkiyəyə belə gedib çatmışdı). 

Paralel olaraq gənc ailənin yaxın dostu olan Hutchın anlaşılmaz ölümündən əvvəl israrla Rosea çatdırılması istədiyi kitab da hamilə qadını şübhələr və qorxu burulğanın dibinə salır. Artıq ərinə belə güvənməyən qadın doğumuna sayılı günlər qala ən son ümidini də itirir və ən başdan "görəsən bu iş necə bitəcək ? " sualının cavabına yaxınlaşmış oluruq.



Filmin çox heyrətamiz , çox da düşündürücü sonluğu var və o sonluq haqda da uzun uzun danışa bilərdim, lakin danışmıram :)



Mən bu filmdən sonra bir az "Mother" filmini xatırladım. Hər ikisində çox ciddi şəkildə dini mövzulara göndərmə var idi. Bu filmdə siz İsanın dünyaya gəlişinin əksini görəcəksiniz. Polanski filmdə izləyiciyə elə bir imkan yaradıb ki, biz hadisələrə sanki Rosemarynin gözüylə baxırıq . Onunla bərabər şübhələnirik, onunla bərabər özümüzü nəyə uğradığımızı anlamamış vəziyyətdə görürük, bərabər özümüzü hətta aldadıb toxdadırıq da... Mental əxlaq dəyərlərinə güclü bağlılığı olan bu qadın katolik olsa belə daha çox ətrafına, yaşadığı mühitə və zəmanəyə, bütün bunların tələb və təkliflərinə uymağa çalışan bəsit , hətta belə demək olarsa , "axmaq" bir qadındır... 




Hətta filmdə obrazları ara sıra televizor qabağında əyləşmiş görməyiniz belə o dövr yenicə evlərə ayaq basmış bu qutunun insanların həyatına bir növ necə axmaqca təsir etdiyinə işarədir. Bununla da bitmir , Rose xarakterinin geyimlərinə , danışığına falan fikir versəniz ( dönəmin dəbini sıx izləyir , saçını kəsdirir , kimləsə ilk ünsiyyətdə o dəqiqə əri haqda danışır, demək olar hər mövzuda asanlıqla yola gətirilə və təsirə düşə bilir ) belə Polanskinin o dövr üçün standart evdar qadına necə məharətlə "libas " hazırladığının şahidi olacaqsınız .



 "Rosemarynin körpəsi " tək bir film kimi o qədər insan düşüncəsini, hisslərini sorğulayır ki, danışdıqca danışmağı gəlir adamın :) Kim bilir , bəlkə bütün insanların içində pislik var ? Sadəcə bunu üzə çıxarmaqçün hansısa şəraitə düşmək lazımdır ? Ya da pislik nədir ? Pis insan necə olur ? Niyə görə , hansı qayda və normalara görə insanlardan pisləri ayırırlar ? Filmi çəkməzdən öncə Satanist Kilsəsinin məşhur qurucusu Anton Szandor Laveylə belə görüşüb fikirlərini öyrənən Polanski filmə çox incə bir məqam əlavə edib : Bu filmin "villain"ləri (hindcə-pis adam) heç bir qorxu film personajına bənzəmirlər. Onlar hər kəs kimi normal həyatları, sıradan qayğıları olan , hətta çox vaxt sevimli belə görünə biləcək sıradan insanlardır. Onlar əsla və əsla mənfi obrazlar kimi təqdim olunmur , hətta sonda-ən kritik məqamda belə. 




Ailə , dostluq , qonşuluq, həkim -xəstə kimi münasibətlərinə qədər fərqli mövzulara toxunan filmin izləyicisindən soruşduğu ən önəmli sual fikrimcə budur : İnanc... Bu insanları qoruya bilərmi ? Ya da insanın özü , öz həyatı , öz bədəni üzərində hakimiyyəti hansı dərəcədədir ? Və ən nəhayət , əgər filmin adında belə Rosemary və körpəsi varsa , bu dünyada ananın öz dünyaya gətirdiyi balasına olan sevgisindən daha güclü və eyni zamanda da daha aciz nə var ki ?



Şiddətlə hər kəsə filmi izləməsini tövsiyə edirəm. Çünki bu sadəcə bir qorxu janrı nümunəsi deyil, onun adının altına sığınmış , türklər demiş , əsl "başyapıt" dır.
Hətta o həzin laylaya bənzər soundtracki də uzun müddət yaddaşınızdan silinməyəcək.


Xoş izləmələr… :)