15 Mart 2016 Salı

Novruz-Axır çərşənbə falları

Xanımlar, əvvəlcə onu deyim ki, hər hansısa falı sınamaq qərarına gəlsəniz, bunu yalnız əyləncə xətrinə edin. Həyatımızı, gələcəyimizi öyrənmək üçün hansısa proseslər çox gücsüzdür. Amma ənənələrimizi yaşatmaq, bizdən sonrakı nəsillərə ötürmək, dostlarla əylənməkçün bu bayram günlərində daha gözəl nə ola bilər ki ? :)

 Bu postda indiyə qədər eşitdiyim, oxuduğum, gördüyüm, qarşıma çıxan Axır çərşənbə fal və etiqadlarını paylaşıram sizlərlə :)

 1.Qapı pusma.- Bu haqda yəqin ki, bütün qızlarımızın məlumatı var :) Bu fal üçün havanın qaralması vacibdir. Qapınızı hər an kimlərinsə pusa biləcəyini ehtimal edərək, axır çərşənbə gecəsində özəlliklə evinizdə xoş söhbətlərin olmasına diqqət etməyə çalışın :)

 2.Qismətini bilmə.-Axır çərşənbə gecəsi gec yatmaq adətdəndir. Yatmazdan qabaq qızlar duzlu kökə yeyir, su içmirlər. Gecə yuxuda həmin kökə yeyən xanıma su verirlər. Adətən də bu suyu verən həmin xanımın qisməti hesab olunur :)

 3.Niyyət yozma.-Axır çərşənbə günü otuzluq lampanın altına bağlı qıfıl qoyurlar. Niyyət edib evin qapısının açılmasını gözləyirlər. Evə kim ilk girsə, onun ilk dediyini niyyətə görə yozurlar.

 4.Alma falı.-Axır çərşənbə günü qızlar alma yeyir, almanın toxumlarının on dənəsini yatmazdan əvvəl balışın altına qoyurlar. Yuxuda görülən adam qismət kimi qəbul olunur :)

 5.Başmaq falı.-İlaxır çərşənbədə və ya elə Novruz bayramında gəlinlik yaşında qızlar sağ ayaqlarının başmaqlarını götürüb qapıya arxaları dönmüş vəziyyətdə geriyə atırlar. Başmağın pəncə hissəsi üzü üstə qapıya doğru olsa bu həmin qızın bu il nişanlanacağına, evə tərəf düşsə isə, bu il qismətinin açılmayacağına yozulur :)

 6.Hə-Yox falı.-Axır çərşənbədə niyyət edilir : "Hə" yazıb altından bir neçə düz xətt çəkilir, başqa sətirdə "Yox" yazıb altından bir neçə düz xətt çəkilir. Sonra düz xəttləri sayıb yeddincini qaralayırıq("hə" və "yox" da sayılır). Qaralama prosesi ya "hə"nin, ya da "yox"un üzərində qalana kimi 7 dəfə saymaqla təkrar edilir. "Hə"-nin qaralanması arzuya çatmaq, "yox"un qaralanması isə əksi kimi yozulur.

 7.Sevgi yoxlaması.-Axır çərşənbə günü nişanlı qızların öz nişanlıları tərəfindən çox istənilməsini yoxlamaq üçün onlara düyünlü saplar verilir (insaflı davranaraq, çox nazik saplar məqsədəuyğun deyil :) ). Əgər qız düyünləri aça bilsə, demək ki, nişanlısı onu çox sevir. Aça bilməsə, az :)

 8. Xeyir-şər falı.-Axır çərşənbə günü bir niyyət tutulur və naməlum sayda çöplər düzülüb "xeyir", "şər" deyə saymağa başlanılırş Əgər axırıncı çöp "xeyir" olsa məqsədə çatılır, "şər" olsa tutulan niyyət həyata keçmir.

 9.Üzük falı.-İlaxır çərşənbənin ən məşhur fallarından biri :) Əslində bu fal üçün üzüyün nişanlı bir qıza aid olması elə də vacib deyil. Üzük elə saçına bağlanacaq qızın barmağındakı üzük də olsa məqsədəuyğundur. Belə ki, falına baxılan qızın saçından asılmış üzük əvvəlcə həmin qızın saçlarına sürtünməli, sonra stəkana yarımçıq tökülmüş suyun üstündən keçirilməlidir.Üzüyü bir dəfə stəkana vurduqdan sonra o üzü fırlanmağa başlayır və hər dəfə stəkanın divarlarına dəyişi sayılır. İnanca görə üzüyün dayanmasına qədərki son vuruş sayı həmin qızın evlənəcəyi yaşı ifadə edir.

 10. Axır çərşənbə günü hər tərəfi bərabər qızdırılan bir dəmirin (tava da olar) üstünə partlamamış qarğıdalılar qoyulur. Qızlar hər biri öz qarğıdalı dənəsini seçir və onların patlamasını gözləyirlər. Qarğıdalı dənələrinin patlama ardıcıllıqları onların sahibələrinin evlənmə(nişanlanma)ardıcıllıqları kimi yozulur :) Qarğıdalı yoxdursa buğda da istifadə oluna bilər.

 Xanımlar, sonda "7 sin süfrəsi"(7 "s"li süfrə)nin elementlərini də sizlə paylaşıram.

 Sirkə.-Dad və zövqə işarədir.
Sarımsaq.-Sağlamlığa işarədir.
Səbzə.-Ümidi ifadə edirş.
Sumax.-Bərəkət rəmzi kimi süfrəyə qoyulur.
 Sikkə.-Var-dövləti simvolizə edir.
 Saat.-Uzun ömürə işarədir.
 Su.-Aydınlıq rəmzidir.

 Həyatınızın 7 "s"in ifadə etdiyi şeylərdən heç vaxt əskik olmasın ! İlaxır çərşənbəniz və qarşıdakı Novruz bayramınız mübarək ! :)


                                         





Hiç yorum yok:

Yorum Gönder