20 Ekim 2017 Cuma

Rosemary's baby

İnstagramda Faduniyada qorxu filmləri ayı bitmədən sizə daha bir əjdaha klassika - "Rosemary's baby " haqda danışmalıyam. Əvvəlcə instagram postu kimi hazırlamaq istədim , amma o qədər uzun yazı alındı ki, burda paylaşmağı qərara aldım :)




Sizə yəqin maraqlı gəlir , bu filmlər niyə belə məşhurlaşır ? Niyə az qala janrının davamçıları üçün məktəbə çevrilir ? Niyə bu qədər müsbət rəy, mükafatlar və çox məşhur siyahılarda, dərslikdə yer almaq fürsətini əldə edir ? Çünki bu cür filmlər hər şeyi ilə peşəkar olmaqla yanaşı öz dövrlərinin aktual olan və olmayan məsələlərinə həm açıq , həm də üstüörtülü şəkildə o qədər məharətlə "toxunur " ki, bunu indi belə çox az film qismən bacarır.


"Rosemary's baby " 1968-ci ildə vizyona girib və həyatı, qalmaqalları , həmçinin filmləri ilə çox məşhur olan rejissor Roman Polanski imzası daşıyır. Film bir il əvvəl yayımlanmış İra Levinin eyniadlı bestseller kitabının elə Polanski tərəfindən ssenariləşdirməsi ilə ekranlaşdırılıb. Rejissorun "Repulsion" və "The tenant" da daxil olan üçlüyündən ikincisi və ən güclüsüdür (digər 2 filmi izləməmişəm). Sadəcə psixoloji qorxu janrını deyil , özündə həm də fövqəl-təbii triller janrını saxlayır. Üstəlik rejissor Stanley Kubrickin də sevimli filmləri sırasında yer almağı bacarıb ! Baş rolda -Rosemary rolunda dönəmin məşhur aktrisası Mia Farrow yer alıb. Bu rol üçün ondan daha uğurlu seçim ola bilməzdi sadəcə :)




Keçək filmə :) Qorxu filmlərinin ən sevdiyim detallarındandır ki, film çox sakit , çox hüzurlu, çox sıradan aurada başlasın. Ki , burda da məhz beləydi. Giriş səhnəsini çox sevdim və əslində o səhnənin belə sətiraltı mənaları olduğunu düşünürəm, amma çox uzatmamaqçün ,qoy o qalsın :) 

Gənc cütlüyümüz : kiçik rollarda , reklamlarda çəkilən və karyerasında irəli getməkçün çalışan Guy və onun dönəmin tipik amerikan evdar qadınını yansıdan yoldaşı - Rosemary bir gün New Yorkda yeni mənzil alırlar( Bu arada bu film Polanskinin Amerikada çəkdiyi ilk filmi idi). 




Rose özgüvəni çox zəif olan, ərinin arxa planında qalmağa çalışıb onu daim dəstəkləyən və uşaq sahibi olmaq istəyən gənc qadındır. Köçmələrindən çox qısa müddət sonra qonşu mənzildə yaşayan Minnie və Roman Castevetlərlə dostlaşırlar. Ara-sıra Rose bu yaşlı cütlüyə qarşı qəribə şübhələrlə yanaşsa belə əri Guyın onlarla çox yaxın olması onun içini rahatladır.



Eynən "Mother" haqda yazarkən də bunu demişdim, məncə elə filmlər var ki, onu daha yaxşı anlayasınız deyə , ya dəfələrlə baxmalısınız, ya da izləmədən öncə spoiler sayıla biləcək informasiyaları oxumalısınız. Zatən, düşünürəm ki, spoiler verməsəm film haqda fikirlərimi sizə dolğun çatdıra bilməyəcəyəm.

Harda qalmışdıq ? :)


Gedişat Roseun qəribə hamilə qalma olayı ilə başqa yön almağa başlayır. Huşunu itirən qadın yuxusunda bütün qonşularının və yoldaşının da yer aldığı qəribə bir ayinin mərkəzində olduğunu və təcavüzə məruz qaldığını görür ( bu səhnələr elə çəkilib ki, heç bir şiddət səhnəsi falan yoxdur, zatən bütün film boyu nə təzyiq , nə də ciddi qorxu yarada biləcək bir səhnə belə görə bilməzsiniz ). Oyandıqda yoldaşı təcavüz söhbətinə görə xanımına zarafatca təşəkkür edib bunu normal qaydada elədiklərini deyir.





Beləcə Roseun dəhşətli hamiləlik günləri başlayır. Bitib tükənməyən ağrılarla mübarizə apardıqca onsuz da zərif bədəni olan gənc qadın lap çəlimsizləşir , üzü-gözü solmağa başlayır. Bütün bunlar davam etdikcə qonşuluqdakı Castevetlərin də xoşniyyət yardımları kəsilmir. Minni hər gün gələcək anaya otlarla hazırladığı süd gətirir, onu öz tanışları olan şəhərin ən məşhur doğum həkiminin qəbuluna bircə zənglə yazdırırlar. Amma Roseun ağrıların kəskinləşməsi və kəsilməməsi , dostlarının ona verdiyi məsləhətlər təmiz haldan düşmüş qadını yenə ciddi şübhələrə salmağa başlayır.





 Bu hissələrdə rejissor bizi elə bizim dövrümüzdə də aktual olan bir məsələni kənardan izləməyə dəvət edir. Modern tibb , modern dərmanlar ; yoxsa türkəçarələr və alternativ tibb ? Xatırladım ki, o illərdə Amerikada bir dərman şirkətinin məhsulları nəticəsində minlərlə uşaq ölü və ya şikəst doğulmuşdu deyə insanlar tibbə olan inanclarını itirmişdilər ( o dəhşətli dalğa qonşu Türkiyəyə belə gedib çatmışdı). 

Paralel olaraq gənc ailənin yaxın dostu olan Hutchın anlaşılmaz ölümündən əvvəl israrla Rosea çatdırılması istədiyi kitab da hamilə qadını şübhələr və qorxu burulğanın dibinə salır. Artıq ərinə belə güvənməyən qadın doğumuna sayılı günlər qala ən son ümidini də itirir və ən başdan "görəsən bu iş necə bitəcək ? " sualının cavabına yaxınlaşmış oluruq.



Filmin çox heyrətamiz , çox da düşündürücü sonluğu var və o sonluq haqda da uzun uzun danışa bilərdim, lakin danışmıram :)



Mən bu filmdən sonra bir az "Mother" filmini xatırladım. Hər ikisində çox ciddi şəkildə dini mövzulara göndərmə var idi. Bu filmdə siz İsanın dünyaya gəlişinin əksini görəcəksiniz. Polanski filmdə izləyiciyə elə bir imkan yaradıb ki, biz hadisələrə sanki Rosemarynin gözüylə baxırıq . Onunla bərabər şübhələnirik, onunla bərabər özümüzü nəyə uğradığımızı anlamamış vəziyyətdə görürük, bərabər özümüzü hətta aldadıb toxdadırıq da... Mental əxlaq dəyərlərinə güclü bağlılığı olan bu qadın katolik olsa belə daha çox ətrafına, yaşadığı mühitə və zəmanəyə, bütün bunların tələb və təkliflərinə uymağa çalışan bəsit , hətta belə demək olarsa , "axmaq" bir qadındır... 




Hətta filmdə obrazları ara sıra televizor qabağında əyləşmiş görməyiniz belə o dövr yenicə evlərə ayaq basmış bu qutunun insanların həyatına bir növ necə axmaqca təsir etdiyinə işarədir. Bununla da bitmir , Rose xarakterinin geyimlərinə , danışığına falan fikir versəniz ( dönəmin dəbini sıx izləyir , saçını kəsdirir , kimləsə ilk ünsiyyətdə o dəqiqə əri haqda danışır, demək olar hər mövzuda asanlıqla yola gətirilə və təsirə düşə bilir ) belə Polanskinin o dövr üçün standart evdar qadına necə məharətlə "libas " hazırladığının şahidi olacaqsınız .



 "Rosemarynin körpəsi " tək bir film kimi o qədər insan düşüncəsini, hisslərini sorğulayır ki, danışdıqca danışmağı gəlir adamın :) Kim bilir , bəlkə bütün insanların içində pislik var ? Sadəcə bunu üzə çıxarmaqçün hansısa şəraitə düşmək lazımdır ? Ya da pislik nədir ? Pis insan necə olur ? Niyə görə , hansı qayda və normalara görə insanlardan pisləri ayırırlar ? Filmi çəkməzdən öncə Satanist Kilsəsinin məşhur qurucusu Anton Szandor Laveylə belə görüşüb fikirlərini öyrənən Polanski filmə çox incə bir məqam əlavə edib : Bu filmin "villain"ləri (hindcə-pis adam) heç bir qorxu film personajına bənzəmirlər. Onlar hər kəs kimi normal həyatları, sıradan qayğıları olan , hətta çox vaxt sevimli belə görünə biləcək sıradan insanlardır. Onlar əsla və əsla mənfi obrazlar kimi təqdim olunmur , hətta sonda-ən kritik məqamda belə. 




Ailə , dostluq , qonşuluq, həkim -xəstə kimi münasibətlərinə qədər fərqli mövzulara toxunan filmin izləyicisindən soruşduğu ən önəmli sual fikrimcə budur : İnanc... Bu insanları qoruya bilərmi ? Ya da insanın özü , öz həyatı , öz bədəni üzərində hakimiyyəti hansı dərəcədədir ? Və ən nəhayət , əgər filmin adında belə Rosemary və körpəsi varsa , bu dünyada ananın öz dünyaya gətirdiyi balasına olan sevgisindən daha güclü və eyni zamanda da daha aciz nə var ki ?



Şiddətlə hər kəsə filmi izləməsini tövsiyə edirəm. Çünki bu sadəcə bir qorxu janrı nümunəsi deyil, onun adının altına sığınmış , türklər demiş , əsl "başyapıt" dır.
Hətta o həzin laylaya bənzər soundtracki də uzun müddət yaddaşınızdan silinməyəcək.


Xoş izləmələr… :)

Hiç yorum yok:

Yorum Gönder