31 Ekim 2015 Cumartesi

Raavanan (İblis)

Böyütmədən, təhrif etmədən yazıram:” Raavanan”  sizi möhtəşəm bir aktyorla-Vikramla tanış edəcək. Mən onu ilk dəfə bu filmlə tanıdım və bir daha anladım ki, hind filmlərini özəl edən nədir …
2010-cu ildə çəkilmiş bu möhtəşəm Tamil filminin sonradan remake-i də çəkildi. Bu dəfə isə Vikram Dev (Yoldaşı qaçırılan polis), Aishwaryanın həyat yoldaşı Abishek Bachchan isə Vira (polisin yoldaşını qaçıran tayfa başçısı) obrazını canlandırdı. (Bu filmə “Raavan” adı verilmişdi.) Amma “Raavanan”-ın uğuru gözlənildiyi kimi təkrarlanmadı. Bəlkə də, sirr elə Vikramın yaratdığı möhtəşəm aktyorluqda idi  :)

Hekayə izləyicisinə bir az standart gələ bilər. Vira(Vikram) bacısının intiqamını almaq üçün bir polisin xanımını  qaçırır. Əvvəlcə məqsədi onu öldürmək idi. Amma nəyinki öldürmür, onun həyatını xilas edir. Üstəlik taleyin oyununda məğlub olaraq ərindən də qürurlu Raciniyə(Aishwarya Rai Bachchan) aşiq olur… Racini üçün isə o sadəcə  iblisdir… Yoldaşı( Prith  Viraj) isə Allah…

Kim bilir, bəlkə də  Racini Viranın hekayəsini eşidəndə ona başqa yöndən baxmağı bacaracaq ?
İşinin peşəkarı olan Dev (Prith) isə  sevdiyi qadını qaytarmaqçün hər şeyə hazırdır. Amma Viranı öldürməkçün daha da artığına…

Sonda xəbərdarlıq edim ki, filmin elə sonluğu var ki,  o səhnəni ağlınıza belə gətirməyəcəksiniz :)

Filmdən yadda qalan sitatlar :

Daha yaxşısı qadının deyinməyini eşitməkdir, nəyinki onun ağladığını görmək.

Ölümdən qorxmayan birini necə öldürmək olar ?


Sənin qadının qızıl kimi təmizdir, qızıl isə oda düşəndə daha da təmizlənir.

Filmdə yer alan bütün musiqiləri aşağıdakı linkdə tapa bilərsiniz :
https://www.youtube.com/watch?v=_NXSWwRYhDs&list=PLE5AF74064B6F902A










13 Ekim 2015 Salı

Guzaarish (Yalvarış)

Hind filmi sevərlər Sanjay Leela Bhansalinin Bollywooda verdiklərini bilməmiş olmaz :) “Hum dil de chuke sanam”, “Devdas”, “Black”, “Goliyon ki Raasleela Ram-Leela”, “Saawariya” və əlbəttə ki, “Guzaarish”…

2010-cu ilin bu möhtəşəm ekran əsərində baş rollarda çox istedadlı iki aktyor : Hritik Roshan(Ethan Maskarenhas)  və Aishwarya Rai Bachchan(Sofia D-souza)  çəkilib.

Ethan çox məşhur sehrbaz idi. Ta ki, yaxın dostlarından birinin planı ücbatından öz sehr nömrəsində yıxılaraq boyundan aşağı iflic olana qədər…

14 ildir yataq xəstəsi olan Ethan insanlarla  öz evində radio aparıcılıq edərək ünsiyyət qurur. Bu işlə bərabər hər şeydə ona kömək edən isə 12 ildir onun tibb bacısı olan gözəl və cazibədar qadın-Sofiadır.

Həyat bu cür davam edərkən Ethan öz vəkilindən bir xahiş edir :  Vəkili məhkəmədən onunçün eftonaziya icasəzi almalıdır…

Filmin az qala hər dəqiqəsində ən böyük arzusu ölmək olan birinin çəkdiyi əzabı hiss edəcəksiniz.

Yaşayan bir insan təsəvvür edin, digərləri kimi burnu qaşınanda heç nə edə bilmir, saçı üzünə düşəndə onu qaldıra bilmir…Əsəbləşəndə nələrisə yıxa, dağıda bilmir .Anasının gözlərinin içinə baxır, amma onu bağrına basa bilmir.O sehrlərində uçmağı belə bacarırdı, indisə sadəcə düşüncələrində azaddır. Və bir kişi üçün ən dəhşətlisi yəqin ki, sevdiyi qadının gözləri önündü şiddət görməsi, onunsa heç nə edə bilməməsidir. Bağırmaqdan başqa heç nə…

Ethan sadəcə yaşamaq haqqı olduğu kimi öz iradəsilə ölmək haqqının olmasını da istəyir. Axı o, intihar etməkdə belə acizdir…

Amma deyəsən, onunçün bir ümid qalıb və bəlkə də  elə məhz  bu ümid ona həyatının ən xoşbəxt  gününü yaşadacaq – sevgiylə, musiqiylə, dostlarla, gülüşlə keçən həyatının son gününü…

Sözlərlə  ifadə olunmayacaq bir drama filmi və təsvirlərimin aciz qalacağı aktyorluq…

Mütləq izləməlisiniz :)

Filmdən yadda qalan sitatlar :

Həyat çox qısadır, dostlar, amma siz bütün qəlbinizlə yaşayırsınızsa, o , kifayət qədər uzundur.

Qaydaları poz, tez bağışla, yavaş öpüş, dərindən sev, qaydasız gül. Və heç vaxt səni gülümsədən şeylərə görə təəssüflənmə…

Bu qədər gözəl ayaqlar və ətəklər adına belə uzun ətək geyinmək.
 Əminəm ki, ayaqlarını gördüyüm gün mən ayağa qalxacağam.

-Mən anama sehrbaz olduğumu dedim və məni silkələməsini istədim. Mənim üstümdən saysız hesabsız dəmir pullar yağırdı…
-Bu sənin ilk nömrən idi ?

-Yox, mənim ilk sehr nömrəm anamın üzündə yaranan o təbəssüm idi…















8 Ekim 2015 Perşembe

Hindistan sərgisi

Salam, yoldaşlar ! :)
Çox təəssüflə əvvəlcə qeyd edim ki, son hind sərgisi haqda olan yazım hələ də bilmədiyim səbəblərə görə blogumdan silinmişdi. Çox əziyyətli başa gəlmişdi halbuki. Amma xoşbəxtlikdən o sərgi sonuncu olmadı, oktyabrın 1-indən hindistanlı mal sahibləri Amay Ticarət Mərkəzindədirlər artıq və sərgi hələ ayın 18-inə kimi də davam edəcək :)
Başlayaq sərgidə satılan məhsullardan :)
Mebeldən, xalçadan tutmuş dırnaq boyasına kimi hər şey var. Hind geyimləri, sarelər, şallar, çantalar, ayaqqabılar, hər növ zinət əşyaları, şamdanlar, zınqırovlar, xınalar, tüstü çubuqları, əl işləri olan qablar və qutular, dekorativ əşyalar, ətirlər, baxım və makyaj vasitələri və çox güman yazarkən unutduğum digər şeylər :)
Mənə görə məhsul baxımından əvvəlki sərgilərdən daha zəngindir hazırki baş tutan sərgi.
Və əsas məsələ : qiymətlər ! :))
Qiymətlər heç də ucuz deyil, hətta əvvəlki sərgilərdə hər şeydə ciddi endirimlər etmiş biri olaraq baha da deyə bilərəm. Amma bir-iki şeyi mütləq yadda saxlayın :
1,Ora daxil olan kimi həyəcanlanacaqsınız, bir anlıq sizə heç lazım olmayacaq şeylər belə gözünüzə elə görünəcək ki, onlara pul vermək istəyəcəksiniz. Odur ki, diqqətli olun. Bir manat belə xərcləyərkən özünüzdən soruşun , bu sizə lazımdır, ya yox ? :) (mən bu səhvi hətta bu gün də etdim, siz etməyin ! :) )
2.Fərz edək ki, daxil olandan sonra  çoxdan axtardığınız , arzuladığınız nəyisə tapdınız. Dərhal almayın. Onlarla stend var, hər birinə yaxınlaşın. Çəkinmədən qiymətləri öyrənin. Nə qədər endirim edəcəklərini soruşun. Hətta hind sahibkarla belə danışa bilərsiniz. Rus dilini hamısı, doğma dilimizi isə təxminən yarısı anlayır :)
Sonda müqayisə edin və hardan nəyi alacağınıza qərar verin.
3. Zinət əşyaları, çanta və şal alarkən diqqətli olun. Bəzilərini bizim ticarət mərkəzlərində asanlıqla tapmaq olar.(Hind istehsalı olmadıqlarına görə)
4. Yeyinti, xına, kosmetika və ya baxım məhsulu alanda diqqətlə son istifadə müddətinə baxın.
Keçən sərgilərdən fərqli olaraq bu dəfə uzun taxta qablar-tüstü qutuları  yoxdur.
Yenə də 3-5 manat arası  pul xərcləyərək elə ordaca əlinizə hindistanlı xanım tərəfindən xına vurdura bilərsiniz :)
Keçən sərgilərdə şallar, yaylıqlar çox ucuz idi. Bu dəfə belə deyil. Fantastik qiymətlərlə əl işi olan xalçalarla da rastlaşacaqsınız :)
Bu sərgidə ən sevdiyim mebellər idi. Çox kübar, fərqli, qeyri-adi, istifadəyə çox yararlı və əsil hind üslubunda olan kreslolar, dolablar, şkaflar və fərqli dizaynları olan möhtəşəm işləməli sandıqlar. Subay qızlar cehiz olaraq qəşəng şeylər aldıra bilər ordan :)
Kosmetika və baxım vasitələri təxmini elə keçən dəfələrdə olduğu kimi idi. Üz yuma gelləri, skrablar, kremlər, sabunlar, göz karandaşları, dodaq balzamları və elə təxmini əvvəlki qiymətlər.
Əl bəzəmək üçün olan xınalar 1.5 manatdan, saç üçün xınalar 2 manatdan (balacası) başlayan qiymətlərlə satılır.
Əsil hind çayı , qəhvəsi və ədvaları düz sərginin girişindədir. Ədvaların son istifadə tarixi noyabr ayında bitir deyə sadəcə 1 manata satılır. (Amma 50 qəpiyə də razı sala bilərsiniz). Alarkən bunu diqqətdə saxlayın.
Tüstü çubuqlarının da qiyməti 1-2 manat arası dəyişir. Sandal ağacı, lavanda kimi onlarla fərqli qoxu təklifləri var.
Sərgidən bu qədər :)
Yenə nəsə sual qalsa verə bilərsiniz, cavablandırmağa çalışacağam :)
P. S. Amay Ticarət Mərkəzi Xətai m.st.a yaxın yerləşir. Təxminən on dəqiqə piyada yol var, başqa tərəfdən isə Megafuna da yaxındır.
Cibiniz dolu olsun, yoldaşlar ! Xoş istirahətlər ! :)