18 Ocak 2015 Pazar

Koi... Mil Gaya ( Sən tək deyilsən)

Əziz oxucu, film haqda yazıya başlamazdan əvvəl, soruşmaq istəyirəm : Sən başqa planetlərdə həyatın olduğuna inanırsan ? Filmə baxsan, bu sualı niyə soruşduğumu da başa düşəcəksən : )
“Koi… Mil gaya” (“Sən  tək deyilsən”)  çox məşhur “Krrish” seriyasının 1-ci və 3-cü filmlərinin rejisoru, həm də  Hritik Roşanın atası Rakeş Roşanın filmidir. Filmin prodüserliyi də ona aiddir. Həmçinin ssenari müəllifləri olan Xani İrani, Sacin Bhaumin və Robin Bhatt kimi adların  yanında onun da adı var. 170 dəqiqəlik filmin baş rollarında  Hritik Roşan (Rohit), Priti Zinta ( Nişa), Rekxa ( Rohitin anası),  Racat Bedi( Rac) çəkilib. Film əsasən fantastika və dram janrındadır. Çəkildiyi 2003-cü ildə xeyli sayda mükafat ( o cümlədən ən yaxşı film, ən yaxşı baş rol kişi aktyoru üzrə Filmfare mükafatları) qazanıb.
Bu yaxınlarda “Koi… mil gaya”nı yerli kanalların birində “+13” yazısıyla görmək təəccüb doğurdu düzü. Çünki film əslində bütün yaş həddləri üçün nəzərdə tutulub.
“Sən tək deyilsən “  əksər hind filmləri kimi ana xəttini  əks cinslərin sevgi münasibətləri üzərində qurmayıb. Film boyu  hisslərinin saflığını, əsil məsumiyyəti, dostluq bağlarının möhkəmliyini  izləyərkən çox kövrələcəksiniz…
Biz insanlar bəlkə də çox qəddarıq. Səbəblər bizi maraqlandırmır. Biz düşünmədən kimisə incidə, alçalda, özümüzdən və bütün insanlardan uzaq tuta bilərik… Amma haralardasa bizim kimi olmayanlar yaşayır. Onlar insan olmaya da bilər. Amma öz əməlləri ilə kimlərisə insan olmalarından utandıracaqlar. Onlar insanların bir-birinə edə bilmədiklərini edəcəklər.
Sevgi və dostluq ! Bu ikisi milliyyət, din, dil, irq və.s tanımır. Yalnız bunlarla bitmir. Filmdə müəyyən əqli qüsurları olan  insanlar, onların cəmiyyətdə nələr yaşaya biləcəyi və bilməyəcəyini o qədər incə məqamlarla izləyə biləcəksiniz ki… Qısası, bu filmi mütləq “Baxacağım filmlər” siyahısına əlavə etməlisən ! : )
Bu çox möhtəşəm, saf və dəyərli dostluq hekayəsidir. Ya da insan olmayanların insanlıq dərsinin hekayəsi…

Filmdən məşhur sitatlar:

Siz müəllimsiniz, cənab, yüzlərlə tələbəyə görə məsuliyyət daşıyırsınız. Siz onları həyatda irəli getmələri üçün ruhlandırırsınız. Kompüter insanları yaratmayıb, ser. İnsan kompüterləri yaradıb. Ona görə də beyinlər kompüterin heç vaxt bacarmadıqlarını yerinə yetirə bilər.

Heç vaxt kimisə alçaltmayın , cənab. Çünki “kiçiklər” də bir gun gəlir ki, böyüyürlər.

Əgər bütün normal insanlar sizin kimidirsə, mən xoşbəxtəm ! Xoşbəxtəm ki, o sizin kimi deyil !

Filmdən bütün musiqiləri bu keçidə daxil olaraq dinləyə bilərsiniz :










Hiç yorum yok:

Yorum Gönder