22 Temmuz 2015 Çarşamba

Raincoat (Yağmurluq)

Hekayəsi O.Henrinin ( Villiam Sidney Porter ) “Maginin hədiyyəsi “ əsərindən götürülmüş Raincoat filmi mütəmadi olaraq baxdığınız hind filmlərinə qəti bənzəmir. Bir hind filmi düşünün , musiqi yox, əlvan rənglər yox, günəş yox… Bunların əvəzinə isə sadəcə qaranlıq, tünd tonlar, yağış və səssizlik…

Rituparno Qosha aid olan ekran əsərində baş rollarda Ajay Devqan və Aishwarya Rai Bachchan çəkilib. Bəlkə  də “Hum Dil De Chuke Sanam “ izləyənlər əslində bir-birinə bənzəməyən bu ikilinin filmdə necə gözəl uyum yaratdığının şahidi olublar. Raincoat isə sizdə tamam başqa təəssüratlar yaradacaq.

Dialoqların çox az olduğu filmdəki hadisələr çox az yerdə cərəyan edir. Maraqlı bir faktı da qeyd edim ki, Raincoat cəmi 16 gün ərzində çəkilib. Ancaq bu sizi filmə baxmaqdan uzaqlaşdırmasın.  Bəlkə də Bollywoodun ən məşhur ekran əsərlərindən belə daha çox şey yaşadacaq sizə…

Mannu (Ajay) illər sonra hələ də ilk günkü kimi sevdiyi Nirunun (Aishwariya) qarşısına çıxır. Həm də onun heç gözləmədiyi bir vaxtda . Qara bir yağmurluqda… Bu adi bir üst geyimi deyil, onlar ikisi də hər şeyi öyrənəcək..

Yazıma başlamazdan əvvəl,filmə  baxarkən xeyli düşündüm ki “filmdən yadda qalan sitatlar “ hissəsinə nə yazım. Heç nə tapmadım. Bacarsaydım  “filmdən yadda qalan hisslər “ qısa başlığı  ilə o simaları, o mimikaları, o həsrəti, o xəyal qırıqlıqlarını, yalnızlığı, ümidsizliyi ifadə edərdim. Amma anladım ki, sözlərim gücsüzdür.

İndiyə qədər baxdığım hind filmlərinin içində də mənə görə ən təsirli sonluq məhz Raincoat-a aiddir…


İki möhtəşəm aktyor və sizi öz dünyasına aparacaq çox fərqli bir tərtibat. İzləyin, ən azından hind filminin başqa yanlarını da görməkçün :)










7 Temmuz 2015 Salı

Fashion

Madhur Bandarkarın unudulmaz ekran əsəri – Fashion 2008-ci ilin ən çox danışılan filmlərindən biri olub. Məhz bu film Priyanka Çopraya ən yaxşı qadın roluna görə birinci Filmfare mükafatını gətirdi. Bəlkə də filmin bu qədər səs-küyə səbəb olmasının səbəbi elə adı ilə eyni olan dünyanın bütün çirkablarını göstərməsi idi…

“Fashion “ 2008ci ildə ən yaxşı aktrisa (Priyanka Çopra) və ən yaxşı ikinci dərəcli aktrisa (Kanqana Ranaut) mükafatlarını tək “Filmfare”də yox həm də “Milli Film Mükafatı”nda almağı bacardı.
Filmdə Priyanka Çopradan ( Meqna Mathur) başqa son  vaxtın ən çox danışılan aktrisalarından olan  Kanqana Ranaut ( Şanali Qucral) , Muqda Qods ( Cennet Siquera) , Abraz Xan ( Abhicit Sarin) və digərləri rol alıb.

“Fashion” model yox, supermodel olmaq istəyən  gözəl və iddialı bir qızın-Meqnanın  Mumbaiyə gəlməyilə başlayır. İlk günlərdən dəb dünyasına daxil olmağın nə qədər çətin olduğunu görsə də davam edir və əziyyətlərinin bəhrəsini görür. O artıq ən böyük rəqibi – Şanalinin yerini ələ keçirib və artıq bütün dəb mərasimlərinin ən öndəgedən modelidir… Amma bu hələ başlanğıcdır… Meqna həyatında ona dəyər verən tək-tük insanları itirməyə başlayır: Onu ən yaxşı anlayan sevgilisini və ən yaxın rəfiqəsini… Lakin ən dəhşətlisi körpəsini məhv etməyə məcbur olmağı ilə başlayır …

Meqnanın güzgüdə özünü anidən görməsi ilə əslində özünü çoxdan itirdiyini anlaması da bir olur …
Və ən başa qayıdır. Ailəsinin dəstəyi, psixoloqların köməyi faydasız olanda atası qızının yenidən modelliyə qayıtmasını təkid edir …
Meqna onun bütün həyatını dəyişən aləmə qayıdır. Artıq heç nə əvvəlki kimi deyil… Vaxtilə ən böyük rəqibi olan Şanali indi onun rəfiqəsidir və onun Meqnadan başqa sağlam həyata qaytaracaq heç kimsəsi yoxdur… Meqna bu yolu yenidən başlamalıdır. Amma dəyişən tək odur, dəb dünyası və onun insanları elə həmişəki kimidir…

Filmdən yaddaqalan sitatlar :

Sən çox düşünürsən, bizdə nə qədər az düşünsən, o qədər də qazanarsan.

Əsil yalnızlıq insanın özünü itirdiyində olur.

Özü-özünü itirməkdən daha çətin olan isə  özünü bağışlamaqdır.

Məğlub olan yıxılan deyil, yıxılandan sonra qalxmağı bacarmayandır.

Deyirlər uğura gedən yolda rastlaşdığın insanlarla dibə düşəndə də görüşürsən.

Dəb dünyasında zəiflərə yer yoxdur.

CD-lər erasında köhnə kasetləri oynatmağı tərgit.

Ola bilər ki, yaxşı dostun ola, amma o yaxşı həyat yoldaşı olmaya da bilər. Amma əgər həyatın yoldaşın yaxşıdırsa, deməli o həm də sənin yaxşı dostundur.

Nə vaxt ki, doğrularla savaşmağa gücün qalmadı, onda yalanları müdafiə etməyə başlayacaqsan.