22 Temmuz 2015 Çarşamba

Raincoat (Yağmurluq)

Hekayəsi O.Henrinin ( Villiam Sidney Porter ) “Maginin hədiyyəsi “ əsərindən götürülmüş Raincoat filmi mütəmadi olaraq baxdığınız hind filmlərinə qəti bənzəmir. Bir hind filmi düşünün , musiqi yox, əlvan rənglər yox, günəş yox… Bunların əvəzinə isə sadəcə qaranlıq, tünd tonlar, yağış və səssizlik…

Rituparno Qosha aid olan ekran əsərində baş rollarda Ajay Devqan və Aishwarya Rai Bachchan çəkilib. Bəlkə  də “Hum Dil De Chuke Sanam “ izləyənlər əslində bir-birinə bənzəməyən bu ikilinin filmdə necə gözəl uyum yaratdığının şahidi olublar. Raincoat isə sizdə tamam başqa təəssüratlar yaradacaq.

Dialoqların çox az olduğu filmdəki hadisələr çox az yerdə cərəyan edir. Maraqlı bir faktı da qeyd edim ki, Raincoat cəmi 16 gün ərzində çəkilib. Ancaq bu sizi filmə baxmaqdan uzaqlaşdırmasın.  Bəlkə də Bollywoodun ən məşhur ekran əsərlərindən belə daha çox şey yaşadacaq sizə…

Mannu (Ajay) illər sonra hələ də ilk günkü kimi sevdiyi Nirunun (Aishwariya) qarşısına çıxır. Həm də onun heç gözləmədiyi bir vaxtda . Qara bir yağmurluqda… Bu adi bir üst geyimi deyil, onlar ikisi də hər şeyi öyrənəcək..

Yazıma başlamazdan əvvəl,filmə  baxarkən xeyli düşündüm ki “filmdən yadda qalan sitatlar “ hissəsinə nə yazım. Heç nə tapmadım. Bacarsaydım  “filmdən yadda qalan hisslər “ qısa başlığı  ilə o simaları, o mimikaları, o həsrəti, o xəyal qırıqlıqlarını, yalnızlığı, ümidsizliyi ifadə edərdim. Amma anladım ki, sözlərim gücsüzdür.

İndiyə qədər baxdığım hind filmlərinin içində də mənə görə ən təsirli sonluq məhz Raincoat-a aiddir…


İki möhtəşəm aktyor və sizi öz dünyasına aparacaq çox fərqli bir tərtibat. İzləyin, ən azından hind filminin başqa yanlarını da görməkçün :)










Hiç yorum yok:

Yorum Gönder