28 Mart 2015 Cumartesi

No one killed Jessica ( Cessikanı heç kim öldürməyib )

39 yaşlı rejissor Rac Kumar Quptanın 2011-ci ildə izləyicilərinə təqdim etdiyi  və ən çox müzakirə edilən filmlərdən biri olan “No one killed Jessica” gerçək bir hadisənin motivləri əsasında çəkilib. Söhbət 1999-cu  ildə  34 yaşlı model Jessica Lalın qətlindən gedir. Filmin baş rollarında Vidya Balan( Jessicanın bacısı Sabrina Lal)  və o dövr üçün çox danışılan və tənqidlərə məruz qalan  səhnələrə  çəkilməyi qəbul edən Rani Mukkerji ( jurnalist-Mira)yer alıb. Dram və triller janrının ən keyfiyyətli nümunələrindən biri hesab olunan “No one killed Jessica “  təkcə 57-ci Filmfare mükafatlandırma mərasimində  ən yaxşı film, ən yaxşı ssenari, ən yaxşı rejissor, ən yaxşı baş rol aktrisa, ən yaxşı ikinci dərəcəli aktrisa  nominasiyaları üzrə  mükafatları  toplamağı bacarıb və bunlar filmin qazandığı uğurların sadəcə bir hissəsidir. Xatırladım ki, Oscar Hollywood üçün nə qədər önəm kəsb edirsə Filmfare də Bollywood üçün o qədər dəyərlidir :)

Əgər “çəhrayı ” hind filmləri zövqünüzə uyğun deyilsə, bu film məhz sizinçündür. Bir də Hindistan reallıqlarının peşəkar təsvirini görmək istəyənlərçün...

Yenə tipik bir Hindistan siması... Hökümət adamının oğlu tərəfindən öldürülən hər kəsin sevimlisi, xristian bir qız, cəzasız qalmış bir cinayət ,  bütün bunların məhv etdiyi ailə və paramparça qəlblər...

Sabrina  sadəcə hər kəsin gördüyünü  danışmağını istəyirdi. İllərlə davam edən məhkəmə şouları onu həyatdan tamamilə xaric olunmuş birinə çevirir. O bacısından sonra həyatında qalmış ən əziz insanları da itirmək üzrədir... Və elə bu vaxtda vaxtilə bu olaya qətiyyən əhəmiyyət verməyən məşhur jurnalist Mira qəzetlərin birində belə bir başlıq oxuyur : Jessicanı heç kim öldürməyib. Bu olayı ən xırda detalına kimi araşdırandan sonra o artıq hər kəsi qarşısına almağa razıdır. İndi o bütün dikbaşlığını, çoxbilmişliyini və öz diliylə desək, ifritəliyini Jessicanın qətlinin ictimailəşdirilməsinə həsr etməlidir.

Və bir gün həm Sabrinanın, həm də Miranın telefonuna bir mesaj gəlir. Tək onların yox, həm də on minlərlə hindistanlının telefonuna... Bu mesajın sadəcə bir nəfərlə əlaqəsi var, o da artıq həyatda olmayan Jessicadır...

Filmdən yadda qalan sitatlar :

Bütün davalar sizin əslində kim olmağınızla əlaqədardır.

Hər kəs rüşvət alır, sadəcə səbəblər dəyişir.

Sənin jurnalist etikası dediyin şey gözlərimizi bağlamalı olduğumuzumu deyir ? Görməməzlikdən gəlmək və axırda da hüzurlu bir yuxu gözləmək !

Bir şəhidin məzarı həmişə təzədir. Biz şəhidləri düşmənə necə çevirməli olduğumuzu yaxşı bilirik.

Bu gün adi bir toxunma ilə mübarizə aparmasan, sabah səni təcavüz belə gözləyə bilər.

Güc güclü insanların əlində istirahət edir. Sadə insanlar sadəcə dişlərini sıxar və gözləyər. Həyatın gerçəkləri bunlardır.

Filmdən  musiqiləri bu linkdən dinləyə bilərsiniz :

https://www.youtube.com/watch?v=0oBJuzg4qu0&list=PLA6E8A6A4342808FC









20 Mart 2015 Cuma

Ek villain (Pis adam)

     Hər hekayədə bir əsas oğlan, bir əsas qız və bir pis adam olur. Amma bu elə pis adamın hekayəsidir. Bəlkə də çoxlarınıza bu cümlələr  tanış gəldi. Bu günün filmi- Ek villain (Pis adam)-dır. Mənə görə 2014-cü ilin ən uğurlu filmlərindən biri Mohit Surinin  bu filmidir. Film tənqidçilərinə görə Şraddha Kapur(Aişa)  məhz bu filmlə öz aktrisalığını ortaya qoymağa bacardı. Filmdə Şraddhadan başqa baş rollarda Sidhart Malhotra( Quru) , Riteş Dekmuş(Rakeş) da çəkilib. İlk öncə onu deyim ki, mənim düşüncələrimdə  hind filminin ən yadda qalan, ən təsirli, ən dramatik ilk və tək “pis adam” obrazı  Şahrux Xanın Darr(Vahimə) filmində yaratdığı obraz idi. Amma məhz Ek villain-dəki Riteş Dekmuşun yaratdığı Rakeş son illərdə hind filmində yaranan fərqli “pis adam “ obrazına olan aclığı doydura bildi. Filmin bütün rolları  beyninizdə maraqlı suallar yaradacaq.

     Rakeşlə bitmir. Bu filmdə iki “pis adam” var. Onların ikisinin də həyatını sevdikləri qadın dəyişir. Quru bir qadını sevənə qədər “pis adam” idi, Rakeş isə bir qadını sevəndən sonra pis adam”a çevrilir.” Onlar əslində doğularkən bir-birindən ayrılmış iki əkiz kimidirlər”. Bütün film boyu psixoloji səhnələr sizi gərgin həddə saxlayacaq.

     Və məhəbbət… “ öz cənazəsinə özü gələn, nifrəti silah olan, anlayışın nə demək  olduğunu belə bilməyən bir şeytan “ı  belə dəyişdirə bilər. Və o şeytanın həyatındakı əsas məqsədi bir qızın dəftərçəsində yazılan arzuları həyata keçirməyə çevirə bilər. “Şeytan”ın ovuclarından hər an yox ola biləcək yaşama səbəbinin ən önəmli arzusu isə bir həyat xilas etməkdir…

     Bu film hər biri öz qadınını dəlicəsinə sevən iki pis adamın hekayəsidir. Üzüntü, göz yaşı, ümid, çarəsizlik və məhəbbət… Sonda onları bir-birinə sadəcə bir şey bağlayacaq- qisas… Ya da , yenə də sadəcə qadın…

     Əmin olun ki, əgər bu film bir junaldırsa, yazdıqlarım onun heç üz qabığı da deyil :) Filmə mütləq baxın, ya da heç olmasa “baxacağım filmlər” siyahınıza daxil edin :)

Filmdən yadda qalan sitatlar :

 Hansısa dinə mənsub olmağa çalışarkən, insan olmağı unutmusunuz.

Supermenin qırmızı  alt paltar geyməsi necə vacibdirsə, qanqsterlərin də kobud olması çox vacibdir ?!

Bağışlamaq  keçmişi dəyişmir, amma gələcəyi dəyişə bilər.

Başqalarının əzablarını paylaşmasan öz əzablarını sakitləşdirə bilməzsən.

Öldürdüyün hər qadının əri gör sənə nə qədər dua edib, bəs mənimkini niyə öldürmədin hə ?!

Qaranlıq  qaranlıqla aydınlana bilməz, yalnız işıq ona kömək edə bilər. Nifrət nifrətlə rahatlıq tapa bilməz, yalnız sevgi onu xilas edə bilər.











     Filmin bütün musiqilərini aşağıdakı linkə daxil olaraq dinləyə bilərsiniz:


8 Mart 2015 Pazar

R...Rajkumar (Rackumar)

   Bu dəfəki filmimiz rəngarəng, gülüş və məhəbbət dolu “R…Rajkumar”dır. Filmin rejissoru və hekayəsi elə filmin özündə səslənən Gandi Baat musiqisinə hazırlanmış rəqsdə iştirak edən aktyor və məşhur rəqs xareoqrafı Prabhu Devadır. Film aksiyon janrında çəkilib. Baş rollarda Şahid Kapur, Sonakşi Sinha və Sonu Sud çəkilib. 145 dəqiqəlik filmin təxminən yarım saatı rəngarəng musiqilərə həsr olunub :)

   Əgər siz boyu  və ya çəkisi ilə sizdən əməlli fərqlənən birini sevməkdən qorxursunuzsa mütləq bu filmə baxın, Rackumar  sizin fikirlərinizi dəyişdirə bilər :)

   Bu ilk baxışdan məhəbbətdir. Romoe Rackumar( Şahid )  saf və çox səmimi bir sevgiylə  Çandanı (Sonakşi)  sevir. Amma bu dikbaş qızın öz ağası Şivraja (Sonu Sud) iki mafiya arasındakı düşmənçiliyin bitməsi üçün  məcbur ərə veriləcəyindən xəbərsizdir. Çandanın ürəyini fəth eləmək daha asan olacaq ya bu qədər düşməni bir anda qarşıya almaq ? :) Məhəbbət, döyüş,xəyanət, saf dostluqlar, Hindistanın ən ağrılı problemləri olan polis özbaşınalığı, cəhalət, qadınlara zorakılıq filmin  bütün səhnələrində yer alıb. Amma bunlar da hamısı deyil. Romoe sizi bol-bol güldürəcək ! :)

Filmdən yaddaqalan sitatlar:

-Heç özünə baxmısan ?! Bizim boyumuz belə eyni deyil!
-Onda sən ancaq Amitab Baççanla evlənə bilərsən ? Sən də gombulsan, mən sənə nəsə deyirəm ?!

Bu məhəbbətdir ! Məhəbbət boy, çəki və rəng  tanımır ! O burdan gəlir-ürəkdən !

Mənə sevgi ilə de, hətta ölməyə belə hazıram.

Mən əgər pul üçün hər şey edirəmsə, təsəvvür elə, sevgi üçün nələr edə bilərəm.

Mənim həyatımda sadəcə iki şey var : Ya məhəbbət, məhəbbət, məhəbbət ! Ya da ağrı , ağrı, ağrı !

Mənə yaxın durma, sağlıq üçün zərərliyəm.

Filmin bütün musiqilərini aşağıdakı linkdən dinləyə bilərsiniz :



















3 Mart 2015 Salı

Phir Bhi Dil Hai Hindustani ( Biz hindlilər ürəkli insanlarıq )

Mən indiyə kimi bu filmin bizim kanallarımızda efirə verildiyini görməmişəm, amma bir çox Hindistan və hind filmi sevərlərin sevimli kanalı olan –İndiya TV-də mütəmadi göstərilir. Ən pis halda internetdə çox asanlıqla tapıb altyazılı variantlarını izləyə bilərsiniz. İzləyin də məncə. İzləməniz üçün sizə bir neçə səbəb deyim :)

Rejisorluğunu Əziz Mirzənin etdiyi film çox dinamikdir  . Gülüşü, təhlükəni, faciəni, göz yaşını, vətənpərvərliyi, qəzəbi və bütün sevgiləri özündə canlandırır.

Hindistanın indiyə qədər də qalmaqda olan  ən ağrılı problemlərindən birinə toxunub : Hökümət adamlarının özbaşınalığı və nəticədə günahsız insanların başına gələn və ya gələ biləcək dəhşətli hadisələr.

Və bəlkə çox izləyici üçün ən önəmli səbəb! :)  Filmin baş rollarında Şahrux Xan (Acay), Juhi Çavla (Ria) və  filmdəki  dramatik səhnələrilə  tamaşaçıların qəlbinə toxunan Pareş Raval ( Mohan Coşi) çəkilib.

Acay və Ria hind efir məkanının ən öndə gedən və daima rəqabətdə olan  iki jurnalistidir. Onlar bu işin hər şeyinə bələddir, hətta ən pis tərəflərinə belə. Bütün jurnalistlər kimi onlar da məşhur hökümət adamını öldürmüş, hər kəsin terrorist bildiyi  Mohan Coşini  kameraya çəkmək istəyirdilər. Amma hadisələr dəyişir. Terrorist artıq onların düz qarşısındadır və o hər şeyi danışır … Onun danışdıqlarını çantasındakı gizli  kameraya çəkən Ria və Acay isə bir qərar verirlər. Təkcə özləri üçün yox, bütün Hindistan üçün…

Filmdən məşhur sitatlar :

Əzizim, burda dostluqlar maraqlı deyil, pullar maraqlıdır ! (Jurnalistikadan söhbət gedir)

Xahiş edirəm, bu gün düşünməyin, bu gün öz hindli ürəyinizi dinləyin !

Əgər mən ümidimi itirsəm, arxama çönəcəyəm, tək olmadığımı görmək üçün…

Siyasətdə ən önəmli şey – vaxtdır.

-İndiyə kimi Acay həmişə mənə evlənmə təklif edirdi…
-Eyy… Yox, o, yalan deyir…
-İndisə mən ondan soruşuram, mənimlə evlənərsən?
-Dayan, bir şərtim var. De ki, “Mən ən yaxşıyam!
-Əlbəttə ki, mən ən yaxşıyam !
-Yox, yox. Onda de ki, “ Sən ən yaxşısan!”.
-Oyy, çox sağ ol !
:)

Filmdən bütün musiqiləri dinləyə biləcəyiniz link :
















https://www.youtube.com/watch?v=QjMcvvV3UBI&list=PL036B05EC89A31524