18 Aralık 2015 Cuma

Yeni il və qış auralı 10 film

Salam, oxucu :)

Əgər bu bloga ilk dəfə baş çəkirsənsə, səni xəbərdar edim ki, burda əvvəllər ancaq hind filmləri haqda və bir neçə bənzər yazılar var idi. Amma qərara gəlim ki, formatı dəyişim :)

Bu blogu yaradanda sırf hind filmi adı gələndə ağzını büzən və ancaq yaşıl çəmənliklərdə dəli kimi qaçan qız-oğlanı təsəvvür edənləri “ilham mənbəyi” kimi qəbul etmişdim :D
İstəyirdim ki, oxucum başqa prizmadan o filmə baxa bilsin. Hətta baxmasın,  zövqünə, xarakterinə, vaxtına uyğun filmi seçə bilsin.

Məsələn, sən , əziz realist, çılğın və işgüzar adam, ilk dəfə tv-də təsadüfən mənim az qala 50 dəfə izlədiyim “DDLJ”-I izlədin, özü də Rajla Simranın sarı çiçəklərin əhatəsində bir-birinə doğru irəliləmə səhnəsindən başladın ? Və, bitdi ? Yox, nə olsun ki, o səhnə mənim favorit səhnəmdir, o səhnədə ifa edilən musiqini çalsalar ölsəm belə diriləcəyimi düşünürəm və nə olsun ki, o bütün dünyadakı yüz minlərlə həyatında bir dəfə də olsun hind filmi izləyənlər üçün əfsanə səhnədir ?
Amma səhv etmisən, xahiş edirəm, yenə şans ver, bir az araşdırma et, ya bu blogda istədiyin tipi yaz və sənə ən ideal filmi tövsiyyə edim. İnan ki, buna çatacaq qədər təcrübəm var :)

Deyəsən söhbəti çox uzatdım. Əslində demək istədiyim sadəcə artıq blogun fəaliyyətini azacıq dəyişəcəyim idi. Hind filmləri öz yerində, davam. Amma özəlliklə indi yaşadığımız dekabr ayında anladım ki, digər film təcrübələrimi də bölüşməliyəm. Hələ ki. Yenə də, bir az dəyişik formatda.
Məsələn , bu post əslində səni yeni il və qış aurasına salmağa gücü olan 10 filmə həsr olunub. Ya da sadəcə sənə qısa müddətlik də olsa bəzi şeyləri unutdura biləcək 10 filmə… :)

1. Çox düşündüm , “Home alone” seriyasını burda qeyd edim ya yox ? Axı zatən hər kəs o  filmləri izləyib və sevir. Amma sırf filmə haqsızlıq olmasın deyə siyahımın birinci pilləsində yer verdim.
Az qala hamımız ilk 2 filmi izləsək də,  ümumilikdə 5 bölümü var filmin. Amma ilk 2 filmin məşhurluğu da əbəs deyil. Həqiqətən də həm aktyor işi, həm də aurasına görə ilk filmlər sonrakı 3 filmi əməlli başlı geridə qoymağı bacarıb.
Yeni ilə girməzdən əvvəl Kevinin macəralarını da izləməyi unutmayın :)

2. Bu il izlədiyim və aşiq olduğum animasiya filmi –A  Christmas Carol ! Möhtəşəm ! Miladın bütün gözəlliklərini  o qədər saf və “isti” formada təsvir ediblər ki :) Unutmadan, film Charles  Dickensin eyni adlı əsəri əsasında ekrana alınıb və baş rolda animasion formada da olsa Jim Carrey yer alıb :)
Mütləq izləyin ! :)

3. Bilmirəm, “miladı oğurlayan Grinch” (Grinch.Who  stole Christmas)  ölkəmizdə “Home alone” qədər populyardır ya yox, amma bu siyahıda mütləq yer almalı olan filmlərdən biridir. Yaşıl və eybəcər Grinchin milada nifrətini ekrana alan bu filmin də baş rolunda Jim Carrey yer alıb.

4. 12 dates of Christmas- Mənim yeni kəşfim. İndiyə kimi nə bizimkilərdə  , nə də rus kanallarında reklamını belə görmədiyim  çox fərqli bir film. Filmin çox maraqlı sujet xətti var. Belə ki, gənc və çox standart həyatı olan bir qız milad ərəfəsində alış-veriş mərkəzlərinin birində yıxılaraq huşunu itirir. Ayılandan sonra həyatına davam eləsə də, o hər səhər yuxudan duranda yenidən həmin ana-huşunun ayılması anına  qayıdır. Özü də düz 12 dəfə ! Bu 12 sutka ona nələrisə başa salmalıdır. Axı dekabr möcüzələr ayıdır :)

5. Love actually- Bu  filmdə Hollywoodun 10-a yaxın iddalı adı yer alıb. Amma sırf ən azından trailerinə baxasınız deyə heç birinin adını çəkmirəm. LA milad ərəfəsində bir-birindən ayrı, amma həmçinin də dolayı yollarla əlaqələri olan  fərqli həyat hekayələrini ekranlaşdırıb.  Rəngarəng  və hisslərlə bol əsil yeni il filmi…( “New year’s eve” filmi də bəzi əlamətlərinə görə bu filmə çox bənzəyir. Alternativ kimi qəbul edə bilərsiniz)

6. Four Christmases- Vince Vaughn  və  Reese Witherspoon baş rollarında  çəkildiyi   romantik komediya janrında olan  filmdə   bir-birini sevən və “hər kəsdən fərqli” cütlüyü canlandırırlar. Milad tətilində Ficiyə getməyi planlayıb valideynlərini aldatsalar da, işin üstü açılır və onlar bir sutkada bir-birindən ayrı yaşayan ata-analarına baş çəkməli olurlar. Amma bu heç də asan olmayacaq. Üstəlik bu gün onların həyatlarını həmişəlik dəyişəcək.

7. Surviving Christmas- Tom (Ben Afflec) illər  sonra böyüdüyü evə qayıdır və heç tanımadığı ailəyə milada qədər onun da ailəsi olmasıyçün bir xeyli pul ödəyir. Gülüş dolu, səmimi və isti bir film :)

8. The holiday- Milad ərəfəsində internet saytında evlərini sadəcə bir tətillik dəyişən iki gənc qadının dəyişən həyatlarını canlandıran əsil qış filmi. İsti örtüklərinizə bürünün, qabağınıza da isti içkinizi qoyun və keçin filmin qarşısına :) Bu növbəti filmə də aiddir.

9. When you were sleeping- Bir Sundra Bullock şedevri :) Əsil qış auralı melodram.

10. Siyahının yeganə rus filmi-Мой парень – ангел. Son vaxtlar həyatında bir xeyli problem olan gənc qızın həyatında qəflətən yaraşıqlı bir oğlan peyda olur. Oğlan ? Yox, o mələkdir :)  Hər mələyin də yerdə öz missiyası var.
 Mütləq izlənməlilərdən :)


Yoldaşlar, bu mənim siyahımdır, əlbəttə ki, yeni il və qış auralı filmlər bununla bitmir. Amma mənim top 10 filmim bunlardır, kim bilir, bəlkə gələn dekabrda sağ olsam burda tamam başqa siyahı oldu ? :)
         P.S. Bunu yazmasam olmaz." Ирония судьбы, или С легким паром"- rusların ən sevdiyi dekabr filmidir. Filmin ikinci versiyası da çəkilib. Amma əmin olun bu filmin yeni illə heç bir əlaqəsi yoxdur. Filmdə yeni ili xatırladan bircə müharibədən çıxmış küknar ağacı var, vəssalam. Ruslar bu filmdə də əksərində olduğu kimi pis şeyi yaxşıymış kimi qələmə verməyi bacarıblar. İkincisi, lap dəhşətdir.
Qısası, izləməyin, vaxtınız heyfdir.


Hiç yorum yok:

Yorum Gönder