25 Aralık 2015 Cuma

Yeni il düşmənləri

Yeni il qabağı millət olaraq “dəyərli” hədiyyəmizi almış olsaq da,məncə hər şeyə  rəğmən artıq əksəriyyətimizin evində şam ağaclarımız bəzənib, işıqlarımız asılıb, körpələrimizə şənlik biletləri alınıb, paytaxt salatının ərzaqları da çox güman bahalaşmadan öncə artıq alınıb. Yəni ümid edirəm ki, alınıb…

Yazını məhz bu gün-25 dekabrda yazmağım təsadüfi deyil. Bu gün bütün xristian dünyası ən əziz bayramlarından birini- Miladı qeyd edir. Amma əvvəlcədən qısa izahat vermək zərurəti görürəm, Milad və Yeni il eyni bayram  deyil ! Milad xristian dünyasının ən əziz bayramıdırsa, Yeni il bütün dünyanın ən fərqli formalarda, fərqli günlərdə, amma eyni hisslərlə qeyd etdiyi  bayramdır.

Miladın xristianlar üçün özəl  mənaları var. Biz Novruzda necə qohumları, dostları yad ediriksə, xristianlar da Miladda. Biz Novruzda papaqlarımızı qapılara atıb, gizlənib sovqat gözləyiriksə, Miladda da azyaşlılar kişi kimi qapıları döyüb gözəl bayram nəğmələri oxuyurlar, əvəzində şirniyyat , ya da ən yaxşı halda bir az nəğd pul alırlar.

O ki, qaldı yeni ilə, bu bayram adından da bəlli olduğu kimi köhnə ili bütün pis və yaxşı tərəfləri ilə yola salıb, yeni ildən uğur və xoşbəxtliklər gözləyərək ona qucaq açmaq deməkdir. Axı bu zavallı bayram nə etsin ki, illərdir ki, onda da ağaclar bəzənir, Şaxta Babalar və qar qızlar uşaqları oynadır və sairə və ilaxır. Bayaqdan bunları yazmaqda səbəbim hər dekabrdan dekabra artan  sosial şəbəkələrdəki “yeni il düşmənləri”dir.

Bəziləri din adı altına sığınırlar.
Onlara biri xatırlatsın ki, ölkəmiz dünyəvi dövlətdir. Burda dini bayramları belə qeyd etməkdə azadsan , o ki, qaldı Yeni ili. Sənin heç kimin özəl həyatına, hisslərinə, arzularına  və də hansı bayramı qeyd etməyinə  qarışmağa haqqın yoxdur. Heç dinin belə sənə o haqqı vermir.
İslam bütün dinlərə və peyğəmbərlərə hörmətə səsləyən dindir, sən necə İsa Məsihin doğulduğu günün qeyd olunmasına bu qədər ikrahla yanaşa bilirsən ? Hə, axı mövzu Milad yox, Yeni il idi.  Yeni ilə olan nifrəti anlamaqda o qədər çətinlik çəkirəm ki, bəlkə obyekti Milad olaraq qəbul etsəm qavrayacağımın daha asan olduğunu düşünürəm…Bəlkə Yeni ilin Milad ornamentləri ilə zəngin olmasını bəhanə edəcəklər ?

Hər yerin rəngarəng bəzəndiyi, dostların və qohumların  yada salındığı, uşaqların sevindiyi, insanların üzlərinin güldüyü bir bayram, yəni ,doğurdan da pis ola bilərmi ?

Bəlkə yeni ili qeyd edəndə “cəhənnəmdə yanacaqlar”ını düşünürlər ? Orda yanmamaqçün  daha sadə şeylər də edə bilərlər. Məsələn , başqalarının həyatlarına burunlarını salmaya, yalan danışmaya, vicdana sahib ola, kimlərisə sevindirə ya da çox uzağa getməyək, qadınlar haqda heç olmasa İslamın buyurduqlarını edə bilərlər. Bacararlar ? Yox, məncə. Axı onlar  daha “ciddi” işlərlə məşğuldur. Ətrafda bu qədər problem dolaşarkən, onlar hər yerdə öz mənasız üsulları ilə   insanları yeni ili qeyd etməməyə çağırırlar.

Sizin qurban bayramında kəsilən qurbanlara ağzını büzənlərdən elə də fərqiniz yoxdur. Nə də Aşurədə  qan verməyi ağlına belə gətirməyib özünü al-qana bulayanlardan…

Hə, bir məsələ qaldı ! 31 dekabr həm də Dünya azərbaycanlılarının həmrəylik günüdür axı.  Mənə görə bu ad bir az sarkazmlı gəlir. Axırıncı dəfə harda həmrəylik görmüsünüz, əziz həmvətənlərim ? Lütfən, ciddi “həmrəylik”ləri xatırlamağa çalışın… Əgər bacarırsınızsa…
Sahib olmadıqları vətənpərvərlikləri bayraq edərək  Yeni ilə düşmən kəsilib , az qala evimizdəki şam ağaclarını da zibilliyə tullamağımızı istəyəcək qədər  “həmrəylik” tərəfdarları var. Görəsən onların həmrəylik , ya da həmrəyliyi qeyd etmək haqda necə düşüncələri var, kaş ki, bölüşsələr…

Soruşsan bu vətənin böyütdüyü bir şairi,tanımaz,  vətəninin tarixinə aid ən primitiv şeyi soruş, bilməz. Amma o vətənpərvərdir !

İş yoldaşları az maaşla əlaqədar müdriyyətə müraciət etmək istəyəndə o qorxudan kənara çəkilər, küçədə hansısa qıza sataşsalar onun vecinə də olmaz, 30 apreldə universitet yoldaşlarıyla  bərabər sadəcə anmaq məqsədilə qara geyim geyinməyə belə azca cəsarəti yoxdur. Amma o həmrəyliyi qeyd edir . Yeni ili yox!

Belə də davam etsin.

Hər iki kateqoriyaya dekabrın son günlərində yedikləri bayram yeməklərinin nuş olmasını, boğazlarında qalmamasını diləyirəm.

Allah bizi ən qorxulu bəladan-cahillikdən qorusun.

Bayramlarınız da mübarək olsun.

1 yorum: