17 Mayıs 2016 Salı

Shah yoxsa Aryan ? (FAN)

Bu yazıya başlamazdan öncə yenə bu haqda düşündüm... Ssenarini əgər Aditya Chopra yazsaydı... Yazsaydı...Amma yazmadı, ssenaristliyi də,  rejissorluğu  da Maneesh Sharmanın öhdəliyində olan "FAN"dan danışacıq bu gün  :)

"Dilwale"-dən sonra artıq filmləri gözləmə həvəsimə limit qoymuşam. Böyük ümidlərin yaranmasını əngəlləməyə çalışıram. Amma "FAN"... Bu bir az başqa məsələdir...

Srk müsahibələrində deyib ki, ölümündən öncə övladlarına miras olaraq 5 film saxlamaq arzusundadır və güman edir ki, "FAN" onlardan ilki olacaq...

Düzü aktyorun o mirasın bir hissəsini artıq hazırladığını düşünürdüm. Amma  filmi izlədikdən sonra düşündüm ki, əgər o,  öz aktyorluğunun nümayişinə eyham vuraraq belə demişdisə , tamamilə haqlı imiş...

Elə başlayaq ssenaridən... Hollywood üçün bu mövzuda çoxlu alternativ filmlər olsa da  Bollywood üçün bir ilk idi. Mövzu maraqlı idi, aktyor məni indiyə qədərki bütün filmlərindəki obrazlarından daha çox heyrətləndirəcək qədər möhtəşəm  bir iş ortaya qoymuşdu, aksiyon səhnələri isə  "Axır ki ! " dedirdəcək qədər real, təbii və həyəcanlı idi... Gauravın özünü müdafiə səhnələrinə yaxşı mənada o qədər təəccüblənmişdim ki... Amma bir əmma var...

Filmin kulminasiya nöqtəsi ulduzla, yəni Aryan Khanna ilə onun fanı-Gauravın ilk görüşmə səhnəsidir...  O səhnədə Aryan Khannanın sözlərini eşidəndən  sonra mən ciddi bir xəyal qırıqlığı  yaşadım... Əlbəttə, məsələ aydındır. Bu bizim Shahımız deyildi, bu xəyali qəhrəman Aryan Khanna idi... Amma elə bu səbəbdən də düşünürəm ki, ssenarinin ən böyük çatışmamazlığı da elə bu idi ki, filmi izləyən hər kəs bir saniyə, bir an da olsa Shahrukun da real həyatda bir Aryan ola biləcəyini düşündü...

Filmdə aktyorun öz həyatından köhnə lentlərin istifadəsi,  filmdəki həyat yoldaşının Gauri Khana çox bənzəməsi, filmdəki övladlarının Aryanla Suhananı xatırlatması... Kim bilir, bəlkə də bu ciddi səhv idi. Axı Shahın real səhnələri, Shahın indiyə qədər işlənmiş ən gözəl cümlələrindən biri niyə Aryana aid edilməliydi ki, filmi izləyən də onları eyni bir insan kimi qəbul etsin?

Bəlkə də elə bu səbəbdən "FAN" vizyonda gözlənilən uğura doğru addımlaya bilmədi...

Nə xoş ki film "STAR" haqda yox, "FAN" haqda idi, Aryanın yaratdığı bütün ikrah hissinə rəğmən, Gaurav bütün saflığı,  sevgisi, səmimiyyəti və ən əsası fanlığı ilə  şəxsən mənim ürəyimdə özünə yer ayıra bildi... Həyatda ən çox sevdiyi insanla ilk görüşündən sonra olan hissədə belə onu sevməyə davam etdim, hər etdiyində bir həqiqət tapmağı belə bacardım. Ya da Gaurav  bunları bacardı :)

Bunu mütləq deməliyəm , əgər Shahın top 5 rolu siyahısı hazırlanacaqsa orda Gaurav mütləq  orada yer almalıdır...

Və...Çox maraqlıdır mənə... Görəsən filmin bütün izləyiciləri bitdikdən sonra Shahrukun həyatda necə insan olması haqda düşündülərmi ? Görəsən Gaurav kimi bir fanı olsaydı,eyni vəziyyət yaransaydı, o nə edərdi ? İstisna deyil ki, bütün dünyada milyonlarla fanatı olan bir ulduzun  bu tip fanları və onlarla yaşanacaq bu tip olayları olub və olacaq da... Görəsən o belə şəraitlərdə necə davranardı və davranır  ?

Filmi izləyəndən sonra həm də hansı nüansları dəyişsək, bəlkə film daha çox sevilərdi deyə düşündüm...(Bəli, mən bəzi filmlərdən sonra yaman çox düşünürəm ! :D) 
 Məsələn, Srk filmdə Aryan Khannanı yox, elə Shahrukh Khanı canlandırsaydı ? Gauravla olan məsələ nisbətən fərqli olsaydı... Öz həyatı ilə fanının həyatı arasında seçim etmək məcburiyyətində qalsaydı... Hər şey ola bilər, mühümü odur ki, bir Aryan Khanna olmasaydı...

Amma bu mənim xəyallarımın sərhədlərini aşmır :) Maneesh Sharma öz bildiyini etdi və bəlkə də, "FAN"la Shahın çoxsaylı fanlarını əlindən aldı... Ümid edirəm bu sadəcə mənim mənasız düşüncəmdir  :/

Mənimçün filmin ən təsirli səhnəsi sondakı selfielər oldu. Bəs sizinçün ?

Yazını Gauravı yad edərək bitirəcəyəm :)

Kim olursan ol, Aryan Khanna, ya da Shahrukh Khan... Fanların yoxdursa, sən də yoxsan... :)


P. S. Filmi türkcə altyazılı izləmək üçün sizə link qoyuram : (çoxlu alternativlər var saytda)
http://www.hintfilmiizle.com/fan-2016-izle.html
Xoş izləmələr :)



















9 Mayıs 2016 Pazartesi

Sanam teri kasam (Sənin üzərinə and içirəm) və ya biz "ağlamalı" filmləri sevirik

Harshvardhan Rane və Pakistan əsilli Mawra Hocane... Film hər ikisinin Bollywood debütü sayılır. "Ghayal.Once again"lə eyni gündə vizyona girən bu melodram janrında olan film təbii ki, vizyonda geridə qaldı və ortalama nəticə ilə kifayətlənməli oldu. Amma çoxları hesab edir ki, filmin baş rol oyunçularının gələcək karyeraları üçün bu belə yetərlidir.

Film haqda düşüncələrimdən öncə  artıq əmin olduğum qəribə bir nüansdan yazmaq istəyirəm. "Faduniya"nın idarəsi ilə, həm də elə öz maraqlarım xətrinə daima həm rus, həm də türk səhifələrini, qrupları sosial şəbəkələrdə izləyirəm. Əlbəttə ki, bu tip yerlərdə sadəcə  yeniliklər, xəbərlər olmur. Oxumağı çox sevdiyim film müzakirələri, rəylər, tənqidlər də paylaşılır. Və bütün bunlardan sonra bir şeyə əmin oldum. Sadaladığım səhifələrin aid olduğu ölkələrdə , xüsusən də bizdə əksər hind filmi sevənlərçün favorit məhz melodramlardır ! İstisnalar əlbəttə ki, var, amma reallıq dəyişmir. Biz  nakam məhəbbətə baxmağı və onun qəhrəmanları üçün ağlamağı sevirik. O dərəcə sevirik ki, DDLJ-də gördüyümüz  (Məsəlçün :) ) hind dəyərlərini unuduruq. Mədəniyyətlərimiz, dinlərimiz, yaşam tərzlərimiz, etiraf edək, sevgilərimiz belə yerlə göylə fərqlənsə belə hind filmlərinin ən başdan ötürməyə çalışdığı hind yaşamının, hind ailəsinin mənəvi dəyərləri idi... Son dəfə hansı filmdə o dəyərlərin qorunduğunu gördüyümü artıq xatırlamıram :/

"Sanam teri kasam" və "Hamari adhuri kahani "  də (2-ci haqda növbəti yazılarda) hər şeyə rəğmən filmi izləyib, üstəlik çox da bəyənib xoş  rəylərini yazanların  sayəsində  izləyəcəyim filmlər siyahısına daxil olmuşdu...

Hə, sevgi hind filmləri üçün daima aktual mövzudur, əla mövzudur . Qovuşmayan sevgililər də həqiqətən kədərləndirir, hələ onlardan biri bu həyatdan  vaxtsız gedirsə bu dəhşətdir !
Amma bir reallıq var ki, bütün bunlar filmdə canlandırılır və həyat bütün bu təkrarlanan ssenarilər üzərində qurulan filmləri izləyəcək qədər uzun deyil.

"Sanam teri kasam " ssenarisində isə ən çox təəccübləndiyim məqam  gənc qızımız Sarunun  (Mawra) atasına o cür hörmət etməsi, o cür sevməsi, onunçün hər şeyə razı olması təqdirdə şəxsi həyatında elədikləri oldu...  Görəsən hindistanlılar da filmi izlədikdən sonra "Yəni, Saru yaxşı qızdır ? " sualını verdilər ?

Məsələyə tamam başqa cür də baxıb içimizi rahatlada bilərik əslində, çünki Harshvardhanın səyləri nəticəsində  İnder obrazı həqiqətən də əla yaranmışdı və aydın idi, o Sarunun hər şeyə rəğmən yanında olacaqdı. Bu arada aktyorun bu rola seçilməkçün film heyətinə  sözün həqiqi mənasında yalvardığını bilirdinizmi ? Məncə yaxşı ki, son seçim elə o olub :)

Mawranın doğma ölkəsində demək olar ki, sevilməməsinin səbəbini isə deyəsən filmi izlədikdən sonra anladım. Amma məsələ Mawrada yox, Saruda idi. Mawranınsa aktrisa olaraq gələcəyi parlaq ola bilər, kim bilir.

Dostlar bu post sizi filmi izləməməyə səsləmək xarakteri daşımır, Əsla.Əgər melodramalara baxmağı, yanınıza bir salfet qutusu qoyub  ağlamağı sevirsinizsə, film əsl sizlikdir .

Amma , yox, əgər oxşar ssenari, qəribə uyğunsuzluqlar (sadəcə iksidir bu) istəmirsinizsə filmdən uzaq durun.

Bu filmdə də sevdiyim sitatlar oldu və sizlə paylaşıram :)

Dünyanı idarə etməkçün iki kəlmə yetərlidir : "Bağışla" və "Səni sevirəm ".

"Bəzi səhvləri bağışlamırlar "-Bu cümlə sadəcə kitablarda gözəl görünür.

Tanrıya "olacaqsa olsun " deyilməz...

Filmi həm rusca həm də türkcə altyazılı variantlarda rahatlıqla tapa bilərsiniz.

Türkcə altyazılı izləmək arzusunda olanlarçün ən uyğun link :
http://www.hintfilmiizle.com/sanam-teri-kasam-2016-izle.html