15 Mart 2016 Salı

Novruz-Axır çərşənbə falları

Xanımlar, əvvəlcə onu deyim ki, hər hansısa falı sınamaq qərarına gəlsəniz, bunu yalnız əyləncə xətrinə edin. Həyatımızı, gələcəyimizi öyrənmək üçün hansısa proseslər çox gücsüzdür. Amma ənənələrimizi yaşatmaq, bizdən sonrakı nəsillərə ötürmək, dostlarla əylənməkçün bu bayram günlərində daha gözəl nə ola bilər ki ? :)

 Bu postda indiyə qədər eşitdiyim, oxuduğum, gördüyüm, qarşıma çıxan Axır çərşənbə fal və etiqadlarını paylaşıram sizlərlə :)

 1.Qapı pusma.- Bu haqda yəqin ki, bütün qızlarımızın məlumatı var :) Bu fal üçün havanın qaralması vacibdir. Qapınızı hər an kimlərinsə pusa biləcəyini ehtimal edərək, axır çərşənbə gecəsində özəlliklə evinizdə xoş söhbətlərin olmasına diqqət etməyə çalışın :)

 2.Qismətini bilmə.-Axır çərşənbə gecəsi gec yatmaq adətdəndir. Yatmazdan qabaq qızlar duzlu kökə yeyir, su içmirlər. Gecə yuxuda həmin kökə yeyən xanıma su verirlər. Adətən də bu suyu verən həmin xanımın qisməti hesab olunur :)

 3.Niyyət yozma.-Axır çərşənbə günü otuzluq lampanın altına bağlı qıfıl qoyurlar. Niyyət edib evin qapısının açılmasını gözləyirlər. Evə kim ilk girsə, onun ilk dediyini niyyətə görə yozurlar.

 4.Alma falı.-Axır çərşənbə günü qızlar alma yeyir, almanın toxumlarının on dənəsini yatmazdan əvvəl balışın altına qoyurlar. Yuxuda görülən adam qismət kimi qəbul olunur :)

 5.Başmaq falı.-İlaxır çərşənbədə və ya elə Novruz bayramında gəlinlik yaşında qızlar sağ ayaqlarının başmaqlarını götürüb qapıya arxaları dönmüş vəziyyətdə geriyə atırlar. Başmağın pəncə hissəsi üzü üstə qapıya doğru olsa bu həmin qızın bu il nişanlanacağına, evə tərəf düşsə isə, bu il qismətinin açılmayacağına yozulur :)

 6.Hə-Yox falı.-Axır çərşənbədə niyyət edilir : "Hə" yazıb altından bir neçə düz xətt çəkilir, başqa sətirdə "Yox" yazıb altından bir neçə düz xətt çəkilir. Sonra düz xəttləri sayıb yeddincini qaralayırıq("hə" və "yox" da sayılır). Qaralama prosesi ya "hə"nin, ya da "yox"un üzərində qalana kimi 7 dəfə saymaqla təkrar edilir. "Hə"-nin qaralanması arzuya çatmaq, "yox"un qaralanması isə əksi kimi yozulur.

 7.Sevgi yoxlaması.-Axır çərşənbə günü nişanlı qızların öz nişanlıları tərəfindən çox istənilməsini yoxlamaq üçün onlara düyünlü saplar verilir (insaflı davranaraq, çox nazik saplar məqsədəuyğun deyil :) ). Əgər qız düyünləri aça bilsə, demək ki, nişanlısı onu çox sevir. Aça bilməsə, az :)

 8. Xeyir-şər falı.-Axır çərşənbə günü bir niyyət tutulur və naməlum sayda çöplər düzülüb "xeyir", "şər" deyə saymağa başlanılırş Əgər axırıncı çöp "xeyir" olsa məqsədə çatılır, "şər" olsa tutulan niyyət həyata keçmir.

 9.Üzük falı.-İlaxır çərşənbənin ən məşhur fallarından biri :) Əslində bu fal üçün üzüyün nişanlı bir qıza aid olması elə də vacib deyil. Üzük elə saçına bağlanacaq qızın barmağındakı üzük də olsa məqsədəuyğundur. Belə ki, falına baxılan qızın saçından asılmış üzük əvvəlcə həmin qızın saçlarına sürtünməli, sonra stəkana yarımçıq tökülmüş suyun üstündən keçirilməlidir.Üzüyü bir dəfə stəkana vurduqdan sonra o üzü fırlanmağa başlayır və hər dəfə stəkanın divarlarına dəyişi sayılır. İnanca görə üzüyün dayanmasına qədərki son vuruş sayı həmin qızın evlənəcəyi yaşı ifadə edir.

 10. Axır çərşənbə günü hər tərəfi bərabər qızdırılan bir dəmirin (tava da olar) üstünə partlamamış qarğıdalılar qoyulur. Qızlar hər biri öz qarğıdalı dənəsini seçir və onların patlamasını gözləyirlər. Qarğıdalı dənələrinin patlama ardıcıllıqları onların sahibələrinin evlənmə(nişanlanma)ardıcıllıqları kimi yozulur :) Qarğıdalı yoxdursa buğda da istifadə oluna bilər.

 Xanımlar, sonda "7 sin süfrəsi"(7 "s"li süfrə)nin elementlərini də sizlə paylaşıram.

 Sirkə.-Dad və zövqə işarədir.
Sarımsaq.-Sağlamlığa işarədir.
Səbzə.-Ümidi ifadə edirş.
Sumax.-Bərəkət rəmzi kimi süfrəyə qoyulur.
 Sikkə.-Var-dövləti simvolizə edir.
 Saat.-Uzun ömürə işarədir.
 Su.-Aydınlıq rəmzidir.

 Həyatınızın 7 "s"in ifadə etdiyi şeylərdən heç vaxt əskik olmasın ! İlaxır çərşənbəniz və qarşıdakı Novruz bayramınız mübarək ! :)


                                         





11 Mart 2016 Cuma

"Dilwale" ya "Bajirao Mastani "? / Hər ikisi ya heç biri.

18 dekabr bollyfanlar üçün əlbəttə ki, özəl gündür. Çünki 2015-in məhz 18 dekabrında iki əjdaha iş - "Dilwale" və "Bajirao Mastani " (bundan sonra BM) vizyona girdi. Düzü, mən sadəcə filmləri izləyənə qədər belə düşünürdüm :) Belə düşüncənin hər iki film üçün ayrı səbəbləri var idi. "Dilwale" beş ildən sonra Srkajol əfsanəsini yenidən ekrana gətirəcəkdi. "BM" isə Sanjay Leela Bhansalinin tarixi hadisələrin motivləri əsasında ərsəyə gətirdiyi uzun müddət gözlənilən film idi. Hər iki filmi izləməzdən əvvəl keçirdiyim həyəcanı xatırlayıram. Sonra da izlədikdən sonra yaranan xəyal qırıqlıqlarını... Filmlər haqda danışmazdan əvvəl bütün oxucularımı hind film sektorunda verilən bütün mükafatları önəmsəməməyə çağırıram. Qoy fikirlərinizi o taxta və metal parçaları yox, hissləriniz, bildikləriniz və dəyərləriniz formalaşdırsın. Bu yazıda da "BM"in onlarla mükafat alması, "Dilwale"nin isə adının heç bir mükafat siyahısında yer almaması heç bir əhəmiyyət kəsb etməyəcək. Qısa bir haşiəyə çıxım. 2012-də ekranlara gələn "Dilwale" rejissoru Rohit Shettynin "Chennai Express"-i kimi filminə görə Deepika az qala "Ram-leela"ya görə aldığı qədər mükafat almışdı. Amma hind filmindən, hind film dəyərlərindən və ən önəmlisi vaxtın dəyərindən başı çıxanlar qəbul edər ki, hind film sektorunun ən mənasız filmlərindən biri elə "Chennai Express" olub və o filmdə mükafata layiq heç bir rol yox idi. Hətta mənə " "Dilwale" ya "Chennai Expressi" ?" deyə on dəfə soruşsalar da "Dilwale" deyərəm. Nəisə, birinci ssenari haqda danışsaq, hə, etiraf etmək olar, "BM" daha güclü ssenariyə malik idi. Amma bunu sırf "Dilwale" ilə müqayisədə deyə bilərik. Yox bir tarixi film olaraq "BM" ssenarisini də zəif hesab etməyə çoxlu səbəblər tapmaq olar. Anlamıram, görəsən, filmlərin vaxtlarını qısaltma istəkləri, həm də filmin izləyicisinə ötürəcəklərini də əsaslı formada azaldırmı ? Kaş ki, "Dilwale" ssenarisində "olmasa da olardı" və ya "olmasa daha yaxşı olardı " dediyimiz görüntülərin əvəzinə daha çox Srkajol kimyası izləyə bilərdik... Fanlar da çox güman indiyə kimi izlədikləri və izləməyi arzuladıqları o sevgini görə bilmədilər. Çox təəsüf, amma bu reallıq idi. Sanki həm aksiyon, həm də məhəbbət olacaq deyə bir xeyli qismən "oturuşmamış" səhnələr ortaya çıxmışdı. Düzü, "BM"-də də oxşar situasiya var idi. "Aksiyon" sözünü "tarix" sözü ilə əvəz etməliyik sadəcə... Bəlkə də film izləyiciləri kimi çox alışmışıq tarixi qəhrəmanları mükəmməl görməyə, niyəsə "BM"-də obraz olaraq Bajirao da, Mastani də mükəmməllikdən uzaq idi. Bajirao bir sevdiyi qadını belə ailəsinə, din adamlarına qəbul etdirə bilməyən , amma imperatorluqları diz çökdürən başçı (paradoksa baxın bir :) ), Mastani də ailəli kişiyə aşiq olan, ailəsindən və qürurundan sevgi üçün vaz geçən bir müsəlamn qızıdır. Özü də bizim bu qız-Mastaninin hər o qeyri adi intonasiyalı "ishq" deyişində təəccüblənirdim. "Sən nə ara belə "ishq"ə düşdün axı, ay Mastani ?" :) Xoşbəxtlikdən "Dilwale"-də vəziyyət belə deyildi. Aktyorluqlardan danışsaq, Shahrukhu "Kaali", Deepikanı "Mastani" obrazına nə qədər uyğunsuz görsəm də, "Dilwale"-də Varun "Veer"-in, Kajol (Yeri gəlmişkən, bu qadın yaşı artdıqca cavanlaşmağı necə bacarır ?) "Meera"-nın, "BM"-də isə Priyanka Chopra "Kashi"nin öhdəsindən məharətlə gəlməyi bacarmışdı. Ümumiyyətlə Varun və Ranveer aktyorluqlarını bir xeyli irəli daşıyıblar da demək olar. Kajol isə... Bir qadın bu yaşda aksiyon janrına yalnız bu qədər uyğun ola bilərdi. :) "BM"-in başına gələn ən gözəl şeyin Priyanka olduğunu da qeyd etməsəm olmaz :) Musiqilərə gəlsək, hər şeyə rəğmən, "Dilwale"-nin qabaqda olduğunu sadəcə mən yox, bütün youtube istifadəçiləri anlaya bilər. "Dilwale" vizyona 3100, "BM" isə 5000-dən artıq film salonunda girsə də, birinci öz qazancı ilə ikincini geridə qoymağı bacardı. P.S. Əziz oxucu, bütün bunlar mənim şəxsi fikirlərimdir və əlbəttə ki,sənin fikirlərinlə üst-üstə düşməyə də bilər :)