25 Aralık 2015 Cuma

Yeni il düşmənləri

Yeni il qabağı millət olaraq “dəyərli” hədiyyəmizi almış olsaq da,məncə hər şeyə  rəğmən artıq əksəriyyətimizin evində şam ağaclarımız bəzənib, işıqlarımız asılıb, körpələrimizə şənlik biletləri alınıb, paytaxt salatının ərzaqları da çox güman bahalaşmadan öncə artıq alınıb. Yəni ümid edirəm ki, alınıb…

Yazını məhz bu gün-25 dekabrda yazmağım təsadüfi deyil. Bu gün bütün xristian dünyası ən əziz bayramlarından birini- Miladı qeyd edir. Amma əvvəlcədən qısa izahat vermək zərurəti görürəm, Milad və Yeni il eyni bayram  deyil ! Milad xristian dünyasının ən əziz bayramıdırsa, Yeni il bütün dünyanın ən fərqli formalarda, fərqli günlərdə, amma eyni hisslərlə qeyd etdiyi  bayramdır.

Miladın xristianlar üçün özəl  mənaları var. Biz Novruzda necə qohumları, dostları yad ediriksə, xristianlar da Miladda. Biz Novruzda papaqlarımızı qapılara atıb, gizlənib sovqat gözləyiriksə, Miladda da azyaşlılar kişi kimi qapıları döyüb gözəl bayram nəğmələri oxuyurlar, əvəzində şirniyyat , ya da ən yaxşı halda bir az nəğd pul alırlar.

O ki, qaldı yeni ilə, bu bayram adından da bəlli olduğu kimi köhnə ili bütün pis və yaxşı tərəfləri ilə yola salıb, yeni ildən uğur və xoşbəxtliklər gözləyərək ona qucaq açmaq deməkdir. Axı bu zavallı bayram nə etsin ki, illərdir ki, onda da ağaclar bəzənir, Şaxta Babalar və qar qızlar uşaqları oynadır və sairə və ilaxır. Bayaqdan bunları yazmaqda səbəbim hər dekabrdan dekabra artan  sosial şəbəkələrdəki “yeni il düşmənləri”dir.

Bəziləri din adı altına sığınırlar.
Onlara biri xatırlatsın ki, ölkəmiz dünyəvi dövlətdir. Burda dini bayramları belə qeyd etməkdə azadsan , o ki, qaldı Yeni ili. Sənin heç kimin özəl həyatına, hisslərinə, arzularına  və də hansı bayramı qeyd etməyinə  qarışmağa haqqın yoxdur. Heç dinin belə sənə o haqqı vermir.
İslam bütün dinlərə və peyğəmbərlərə hörmətə səsləyən dindir, sən necə İsa Məsihin doğulduğu günün qeyd olunmasına bu qədər ikrahla yanaşa bilirsən ? Hə, axı mövzu Milad yox, Yeni il idi.  Yeni ilə olan nifrəti anlamaqda o qədər çətinlik çəkirəm ki, bəlkə obyekti Milad olaraq qəbul etsəm qavrayacağımın daha asan olduğunu düşünürəm…Bəlkə Yeni ilin Milad ornamentləri ilə zəngin olmasını bəhanə edəcəklər ?

Hər yerin rəngarəng bəzəndiyi, dostların və qohumların  yada salındığı, uşaqların sevindiyi, insanların üzlərinin güldüyü bir bayram, yəni ,doğurdan da pis ola bilərmi ?

Bəlkə yeni ili qeyd edəndə “cəhənnəmdə yanacaqlar”ını düşünürlər ? Orda yanmamaqçün  daha sadə şeylər də edə bilərlər. Məsələn , başqalarının həyatlarına burunlarını salmaya, yalan danışmaya, vicdana sahib ola, kimlərisə sevindirə ya da çox uzağa getməyək, qadınlar haqda heç olmasa İslamın buyurduqlarını edə bilərlər. Bacararlar ? Yox, məncə. Axı onlar  daha “ciddi” işlərlə məşğuldur. Ətrafda bu qədər problem dolaşarkən, onlar hər yerdə öz mənasız üsulları ilə   insanları yeni ili qeyd etməməyə çağırırlar.

Sizin qurban bayramında kəsilən qurbanlara ağzını büzənlərdən elə də fərqiniz yoxdur. Nə də Aşurədə  qan verməyi ağlına belə gətirməyib özünü al-qana bulayanlardan…

Hə, bir məsələ qaldı ! 31 dekabr həm də Dünya azərbaycanlılarının həmrəylik günüdür axı.  Mənə görə bu ad bir az sarkazmlı gəlir. Axırıncı dəfə harda həmrəylik görmüsünüz, əziz həmvətənlərim ? Lütfən, ciddi “həmrəylik”ləri xatırlamağa çalışın… Əgər bacarırsınızsa…
Sahib olmadıqları vətənpərvərlikləri bayraq edərək  Yeni ilə düşmən kəsilib , az qala evimizdəki şam ağaclarını da zibilliyə tullamağımızı istəyəcək qədər  “həmrəylik” tərəfdarları var. Görəsən onların həmrəylik , ya da həmrəyliyi qeyd etmək haqda necə düşüncələri var, kaş ki, bölüşsələr…

Soruşsan bu vətənin böyütdüyü bir şairi,tanımaz,  vətəninin tarixinə aid ən primitiv şeyi soruş, bilməz. Amma o vətənpərvərdir !

İş yoldaşları az maaşla əlaqədar müdriyyətə müraciət etmək istəyəndə o qorxudan kənara çəkilər, küçədə hansısa qıza sataşsalar onun vecinə də olmaz, 30 apreldə universitet yoldaşlarıyla  bərabər sadəcə anmaq məqsədilə qara geyim geyinməyə belə azca cəsarəti yoxdur. Amma o həmrəyliyi qeyd edir . Yeni ili yox!

Belə də davam etsin.

Hər iki kateqoriyaya dekabrın son günlərində yedikləri bayram yeməklərinin nuş olmasını, boğazlarında qalmamasını diləyirəm.

Allah bizi ən qorxulu bəladan-cahillikdən qorusun.

Bayramlarınız da mübarək olsun.

18 Aralık 2015 Cuma

Yeni il və qış auralı 10 film

Salam, oxucu :)

Əgər bu bloga ilk dəfə baş çəkirsənsə, səni xəbərdar edim ki, burda əvvəllər ancaq hind filmləri haqda və bir neçə bənzər yazılar var idi. Amma qərara gəlim ki, formatı dəyişim :)

Bu blogu yaradanda sırf hind filmi adı gələndə ağzını büzən və ancaq yaşıl çəmənliklərdə dəli kimi qaçan qız-oğlanı təsəvvür edənləri “ilham mənbəyi” kimi qəbul etmişdim :D
İstəyirdim ki, oxucum başqa prizmadan o filmə baxa bilsin. Hətta baxmasın,  zövqünə, xarakterinə, vaxtına uyğun filmi seçə bilsin.

Məsələn, sən , əziz realist, çılğın və işgüzar adam, ilk dəfə tv-də təsadüfən mənim az qala 50 dəfə izlədiyim “DDLJ”-I izlədin, özü də Rajla Simranın sarı çiçəklərin əhatəsində bir-birinə doğru irəliləmə səhnəsindən başladın ? Və, bitdi ? Yox, nə olsun ki, o səhnə mənim favorit səhnəmdir, o səhnədə ifa edilən musiqini çalsalar ölsəm belə diriləcəyimi düşünürəm və nə olsun ki, o bütün dünyadakı yüz minlərlə həyatında bir dəfə də olsun hind filmi izləyənlər üçün əfsanə səhnədir ?
Amma səhv etmisən, xahiş edirəm, yenə şans ver, bir az araşdırma et, ya bu blogda istədiyin tipi yaz və sənə ən ideal filmi tövsiyyə edim. İnan ki, buna çatacaq qədər təcrübəm var :)

Deyəsən söhbəti çox uzatdım. Əslində demək istədiyim sadəcə artıq blogun fəaliyyətini azacıq dəyişəcəyim idi. Hind filmləri öz yerində, davam. Amma özəlliklə indi yaşadığımız dekabr ayında anladım ki, digər film təcrübələrimi də bölüşməliyəm. Hələ ki. Yenə də, bir az dəyişik formatda.
Məsələn , bu post əslində səni yeni il və qış aurasına salmağa gücü olan 10 filmə həsr olunub. Ya da sadəcə sənə qısa müddətlik də olsa bəzi şeyləri unutdura biləcək 10 filmə… :)

1. Çox düşündüm , “Home alone” seriyasını burda qeyd edim ya yox ? Axı zatən hər kəs o  filmləri izləyib və sevir. Amma sırf filmə haqsızlıq olmasın deyə siyahımın birinci pilləsində yer verdim.
Az qala hamımız ilk 2 filmi izləsək də,  ümumilikdə 5 bölümü var filmin. Amma ilk 2 filmin məşhurluğu da əbəs deyil. Həqiqətən də həm aktyor işi, həm də aurasına görə ilk filmlər sonrakı 3 filmi əməlli başlı geridə qoymağı bacarıb.
Yeni ilə girməzdən əvvəl Kevinin macəralarını da izləməyi unutmayın :)

2. Bu il izlədiyim və aşiq olduğum animasiya filmi –A  Christmas Carol ! Möhtəşəm ! Miladın bütün gözəlliklərini  o qədər saf və “isti” formada təsvir ediblər ki :) Unutmadan, film Charles  Dickensin eyni adlı əsəri əsasında ekrana alınıb və baş rolda animasion formada da olsa Jim Carrey yer alıb :)
Mütləq izləyin ! :)

3. Bilmirəm, “miladı oğurlayan Grinch” (Grinch.Who  stole Christmas)  ölkəmizdə “Home alone” qədər populyardır ya yox, amma bu siyahıda mütləq yer almalı olan filmlərdən biridir. Yaşıl və eybəcər Grinchin milada nifrətini ekrana alan bu filmin də baş rolunda Jim Carrey yer alıb.

4. 12 dates of Christmas- Mənim yeni kəşfim. İndiyə kimi nə bizimkilərdə  , nə də rus kanallarında reklamını belə görmədiyim  çox fərqli bir film. Filmin çox maraqlı sujet xətti var. Belə ki, gənc və çox standart həyatı olan bir qız milad ərəfəsində alış-veriş mərkəzlərinin birində yıxılaraq huşunu itirir. Ayılandan sonra həyatına davam eləsə də, o hər səhər yuxudan duranda yenidən həmin ana-huşunun ayılması anına  qayıdır. Özü də düz 12 dəfə ! Bu 12 sutka ona nələrisə başa salmalıdır. Axı dekabr möcüzələr ayıdır :)

5. Love actually- Bu  filmdə Hollywoodun 10-a yaxın iddalı adı yer alıb. Amma sırf ən azından trailerinə baxasınız deyə heç birinin adını çəkmirəm. LA milad ərəfəsində bir-birindən ayrı, amma həmçinin də dolayı yollarla əlaqələri olan  fərqli həyat hekayələrini ekranlaşdırıb.  Rəngarəng  və hisslərlə bol əsil yeni il filmi…( “New year’s eve” filmi də bəzi əlamətlərinə görə bu filmə çox bənzəyir. Alternativ kimi qəbul edə bilərsiniz)

6. Four Christmases- Vince Vaughn  və  Reese Witherspoon baş rollarında  çəkildiyi   romantik komediya janrında olan  filmdə   bir-birini sevən və “hər kəsdən fərqli” cütlüyü canlandırırlar. Milad tətilində Ficiyə getməyi planlayıb valideynlərini aldatsalar da, işin üstü açılır və onlar bir sutkada bir-birindən ayrı yaşayan ata-analarına baş çəkməli olurlar. Amma bu heç də asan olmayacaq. Üstəlik bu gün onların həyatlarını həmişəlik dəyişəcək.

7. Surviving Christmas- Tom (Ben Afflec) illər  sonra böyüdüyü evə qayıdır və heç tanımadığı ailəyə milada qədər onun da ailəsi olmasıyçün bir xeyli pul ödəyir. Gülüş dolu, səmimi və isti bir film :)

8. The holiday- Milad ərəfəsində internet saytında evlərini sadəcə bir tətillik dəyişən iki gənc qadının dəyişən həyatlarını canlandıran əsil qış filmi. İsti örtüklərinizə bürünün, qabağınıza da isti içkinizi qoyun və keçin filmin qarşısına :) Bu növbəti filmə də aiddir.

9. When you were sleeping- Bir Sundra Bullock şedevri :) Əsil qış auralı melodram.

10. Siyahının yeganə rus filmi-Мой парень – ангел. Son vaxtlar həyatında bir xeyli problem olan gənc qızın həyatında qəflətən yaraşıqlı bir oğlan peyda olur. Oğlan ? Yox, o mələkdir :)  Hər mələyin də yerdə öz missiyası var.
 Mütləq izlənməlilərdən :)


Yoldaşlar, bu mənim siyahımdır, əlbəttə ki, yeni il və qış auralı filmlər bununla bitmir. Amma mənim top 10 filmim bunlardır, kim bilir, bəlkə gələn dekabrda sağ olsam burda tamam başqa siyahı oldu ? :)
         P.S. Bunu yazmasam olmaz." Ирония судьбы, или С легким паром"- rusların ən sevdiyi dekabr filmidir. Filmin ikinci versiyası da çəkilib. Amma əmin olun bu filmin yeni illə heç bir əlaqəsi yoxdur. Filmdə yeni ili xatırladan bircə müharibədən çıxmış küknar ağacı var, vəssalam. Ruslar bu filmdə də əksərində olduğu kimi pis şeyi yaxşıymış kimi qələmə verməyi bacarıblar. İkincisi, lap dəhşətdir.
Qısası, izləməyin, vaxtınız heyfdir.


12 Aralık 2015 Cumartesi

Maardani (Döyüşçü)

Müsahibələrinin birində  Rani Mukherjeedən soruşurlar ki, indiyə qədər çəkilmiş hansı filmdəki rola aşiq olub və o rolda çəkilməyi arzulayıb. Aktrisa da cavab verib ki, “Dabang”. Amma Sonakshinin obrazı yox, məhz Salmanın obrazı… :)

Üstündən az keçmir ki, arzusu reallaşır. Rejissorluğu Pradep Sarkara, prodüserliyi isə hazırki həyat yoldaşı Aditya Çopraya aid olan “Maardani”-yə çəkilir. “Maardani” hindcədən tərcümədə “döyüşçü” deməkdir. Rani  əmin ola bilərsiniz ki, döyüşçü ruhlu qadın polis obrazının öhdəsindən məharətlə gəlib :) Tamaşaçı onu daima  aşiq qadın obrazında, əsil xanım-xatın üslubda görmüşdü. Maardani isə onun tam başqa yönlərini ortaya çıxarmağı bacarıb… Burda sevgi, xəyanət, ayrılıq acısı yoxdur…  Qızı qədər sevdiyi bir azyaşlını dəhşətli bir bəladan xilas etməyə çalışan  güclü bir qadın var, baş qa da heç nə.

Kriminal-triller janrında olan filmin süjet xətti , bəlkə də artıq anlamış olduğunuz kimi Hindistanın ən ağrılı problemlərindən birinə- qız uşaqlarının oğurlanması və cinsi istismarına həsr olunub.
Shivaninin  (Rani) əvvəl bu işlə  əlaqəsi  belə yox idi. Ta ki, Pyarinin günlərdir ki, yoxa çıxdığını öyrənənə qədər…

Hindistan ədalətin dalınca gedənlərçün təhlükəli ölkədir, haqlı olsan belə, qurbanlar verməkdən  qaça bilməzsən . Amma Shivani geri çəkilmək fikrində deyil O , bütün bu işlərin başındakı adama-Karana (Tahir Raj Rasin) yaxınlaşmağı bacarır. Amma bu yaxınlaşmanın sonu onun bir gün özünü yataqda əli-qolu bağlı və uyuşmuş vəziyyətdə tapması ilə bitir.

Hər şey bitdi ? Yox, əməliyyat hələ indi başlayır… :)

Film ən yaxşı “pis obraz” nominasiyası üzrə “Filmfare”, ən yaxşı triller-aksiyon aktrisası nominasiyası üzrə “Stardust” mükafatını qazanıb. Onlarla mükafata isə namizəd olaraq göstərilib.

Filmdən yadda qalan sitatlar :

Bir siçanı yuvasından ancaq başqa siçan çıxarda bilər.

Həyatda heç kimə boşu-boşuna vəfalı davranma.

Qanunlara görə hərəkət etsək, bəs cinayətkarları necə tutacıq ?

Hindistanda hər 8 dəqiqədə bir uşaq itir.  Dünyada 1.2 milyon uşaq cinsi əlaqəyə zorlanılır. Hindistan dünyada uşaqların seksual köləliyinə görə 1-ci yerdədir…Hindistanda hər il 40000 uşaq qaçırılır.