23 Ocak 2015 Cuma

Dil to Pagal Hai ( Ürək dəlisovdur)

Öz xəyal dünyalarında yaşayan qız oxucular, bu film məhz sizin üçündür! : ) Bir film ki , “ Bu dünyada hardasa kimsə səninçün yaradılıb” cümləsi ilə başlayır, daha nə olsun ? : )

“Dil to pagal hai” (“Ürək dəlisovdur”) filminin rejisorluğu Yaş Çopraya, prodüserliyi isə ona və oğul Çopraya aiddir. 1997-ci ildə çəkilmiş filmin baş rollarında Şahrux Xan (  Rahul) , Madxuri Dikşit (Pudca),  Karizma Kapur ( Nişa) və Akşay Kumar (Accay) yer alıb.  3 saatlıq film 1998-ci ildə 3 Milli Film Mükafatını, 8 Filmfare mükafatını və düz 10 Zee Cine Mükafatını qazanıb. Bəs bu qədər yaxşı mənada səs-küy yaradan filmdə söhbət nədən gedir görəsən ? : )

Səs küylü tamaşaların rejisoru olan  Rahul öz işilə və həyatı ilə məşğuldur, onun heç xəbəri də yoxdur ki, öz hərəkətləri ilə bezdirdiyi istedadlı rəqqasəsi Nişa onu sevir. Rahul məhəbbətə , kimisə sevəcəyinə və ən əsası kiminləsə qarşılıqlı sevgi əsasında  bir ömür boyu ailə şəklində yaşaya biləcəyinə inanmır. Amma o, taleyin onunçün nə hazırladığından xəbərsizdir… Və gözlənilmədən növbəti tamaşanın Mayasını , beynində canlandırdığı o möhtəşəm qız obrazını tapır- Pudcanı. Üstəlik bu təsadüf deyil. Onlar artıq  fərqində olmadan dəfələrlə rastlaşıblar… Hətta hər rastlantıda Rahulun tamaşasının musiqisini fitlə zümzümə eləməsi öx xəyallarına çox bağlı olan Pudcaya hər dəfə işarə kimi görünür. Yoxsa bu onların sevgisinin musiqisi olacaq ?
Amma hər şey bu qədər sadə deyil, Rahul artıq ən yaxşı dostlarından birinin onu sevdiyini bilir , həm də Pudcanın sayılı günlərdən sonra onu uşaqlıqdan böyüdən ailənin oğluyla evlənəcəyini də…

Filmdən yaddaqalan sitatlar :

Tanrı bizimlə oyun oynayır sanki… O, elə edir ki, bir insan ikinci insanı sevir… İkinci insanı da elə edir ki, o da üçüncünü sevir… Və üçüncü insana da bir başqasını sevdirir…

Hardasa kimsə mənimçün yaradılıb və mən bir gün mütləq onunla görüşəcəyəm.

Sevdiyin insanın da səni sevməsi… Bu çox az adamın sahib ola biləcəyi bir şeydir…

Biz həmişə xəyallarımızda hansısa  oğlanın atla gələcəyini düşünürük, sevəcəyimiz oğlanla evlənəcəyimizi. Amma elə olmur, bizə qalan sadəcə bizimçün seçilən oğlanla evlənmək olur. Sonra da onu sevmək. Həm kim bilir, bəlkə elə doğurdanda sonra görəcəyik ki, o elə həmin oğlandır ?

Bizim xəyallarımızdakı sevgilimizlə, həyatımızdakı… Onlar eyni deyil.

Filmdəki bütün musiqiləri bu linkə daxil olub dinləyə bilərsiniz :














18 Ocak 2015 Pazar

Koi... Mil Gaya ( Sən tək deyilsən)

Əziz oxucu, film haqda yazıya başlamazdan əvvəl, soruşmaq istəyirəm : Sən başqa planetlərdə həyatın olduğuna inanırsan ? Filmə baxsan, bu sualı niyə soruşduğumu da başa düşəcəksən : )
“Koi… Mil gaya” (“Sən  tək deyilsən”)  çox məşhur “Krrish” seriyasının 1-ci və 3-cü filmlərinin rejisoru, həm də  Hritik Roşanın atası Rakeş Roşanın filmidir. Filmin prodüserliyi də ona aiddir. Həmçinin ssenari müəllifləri olan Xani İrani, Sacin Bhaumin və Robin Bhatt kimi adların  yanında onun da adı var. 170 dəqiqəlik filmin baş rollarında  Hritik Roşan (Rohit), Priti Zinta ( Nişa), Rekxa ( Rohitin anası),  Racat Bedi( Rac) çəkilib. Film əsasən fantastika və dram janrındadır. Çəkildiyi 2003-cü ildə xeyli sayda mükafat ( o cümlədən ən yaxşı film, ən yaxşı baş rol kişi aktyoru üzrə Filmfare mükafatları) qazanıb.
Bu yaxınlarda “Koi… mil gaya”nı yerli kanalların birində “+13” yazısıyla görmək təəccüb doğurdu düzü. Çünki film əslində bütün yaş həddləri üçün nəzərdə tutulub.
“Sən tək deyilsən “  əksər hind filmləri kimi ana xəttini  əks cinslərin sevgi münasibətləri üzərində qurmayıb. Film boyu  hisslərinin saflığını, əsil məsumiyyəti, dostluq bağlarının möhkəmliyini  izləyərkən çox kövrələcəksiniz…
Biz insanlar bəlkə də çox qəddarıq. Səbəblər bizi maraqlandırmır. Biz düşünmədən kimisə incidə, alçalda, özümüzdən və bütün insanlardan uzaq tuta bilərik… Amma haralardasa bizim kimi olmayanlar yaşayır. Onlar insan olmaya da bilər. Amma öz əməlləri ilə kimlərisə insan olmalarından utandıracaqlar. Onlar insanların bir-birinə edə bilmədiklərini edəcəklər.
Sevgi və dostluq ! Bu ikisi milliyyət, din, dil, irq və.s tanımır. Yalnız bunlarla bitmir. Filmdə müəyyən əqli qüsurları olan  insanlar, onların cəmiyyətdə nələr yaşaya biləcəyi və bilməyəcəyini o qədər incə məqamlarla izləyə biləcəksiniz ki… Qısası, bu filmi mütləq “Baxacağım filmlər” siyahısına əlavə etməlisən ! : )
Bu çox möhtəşəm, saf və dəyərli dostluq hekayəsidir. Ya da insan olmayanların insanlıq dərsinin hekayəsi…

Filmdən məşhur sitatlar:

Siz müəllimsiniz, cənab, yüzlərlə tələbəyə görə məsuliyyət daşıyırsınız. Siz onları həyatda irəli getmələri üçün ruhlandırırsınız. Kompüter insanları yaratmayıb, ser. İnsan kompüterləri yaradıb. Ona görə də beyinlər kompüterin heç vaxt bacarmadıqlarını yerinə yetirə bilər.

Heç vaxt kimisə alçaltmayın , cənab. Çünki “kiçiklər” də bir gun gəlir ki, böyüyürlər.

Əgər bütün normal insanlar sizin kimidirsə, mən xoşbəxtəm ! Xoşbəxtəm ki, o sizin kimi deyil !

Filmdən bütün musiqiləri bu keçidə daxil olaraq dinləyə bilərsiniz :










12 Ocak 2015 Pazartesi

Mujhse dosti karoge! ( Mənim dostum olarsan ?)

Yanvarın 11-I Bollywoodun ən istedadlı və yaraşıqlı aktyorlarından olan Hritik Roşanın düz 41 yaşı oldu. Bu gün də onun ən maraqlı filmlərindən biri “Mujhse dosti karoge !” (“Mənim dostum olarsan ? “) haqda danışacağıq.
Məşhur “Fanaa” ( “Kor məhəbbət”) filminin rejissoru Kunal Kohlinin  çəkdiyi ilk film olan “ Mujhse dosti karoge!”-nin prodüserləri  ata və oğul Çopralardır.  149 dəqiqəlik filmdə baş rolları Hritik Roşan, Rani Mukkerji, Karina Kapur və Dhoom film seriyasından sevilən aktyor  Uday Çopra paylaşıb.
“Mujhse dosti karoge !” (“ Mənim dostum olarsan ? “) standart məhəbbət filmi deyil. Bu dostluqla  sevginin  ən saf hekayələrindəndir.
3 uşaqlıq dostu 15 ildən sonra görüşür. Londondan təzə qayıdan Rac( Hritik Roşan)  düz 15 il Tinanın ( Karina Kapur)  adı altında Pudca( Rani Mukkerji) ilə məktublaşıb. Onlar bir-birini heç kəsin bacarmadığı qədər yaxşı tanıyır və anlayırlar. Amma 15 il sonra  Pudcanın  “ O, məni ürəyi ilə tanıyacaq” düşüncəsi səhv çıxır. Rac indi Tina ilə sevgilidir, ailələr toy haqda düşünür. Pudca isə sadəcə Racın ən yaxşı dostuna çevrilir.  
Daima təəccüb yaşayan Rac  təsadüf nəticəsində başa düşür ki, illərdi onun hər şeyi paylaşdığı qız Tina yox, onun ən yaxın rəfiqəsi Pudcadır.
Hər şeyi ailələrə deməyi qərara alanda isə hadisələr elə dəyişir ki, onlar indi ikisi də qərar verməlidir : Məhəbbət, yoxsa dostluq ?
Sevgi birdən-birə qisas  məsələsinə çevrilir. Pudca əgər indi Racın şərtinə əməl etməsə ən yaxın dostunun xoşbəxtliyini onun ən pis anında almış olacaq.
Və sonra tale hər kəsin mat qalacağı bir oyun oynayır…

Filmdən məşhur  sitatlar:
 Əgər sən daima köhnə xatirələrlə yaşasan, onda necə yenilərini yaradacaqsan ?

Biz həyatımızla əlaqəli böyük qərarlar verə bilmirik, həyat bizim haqqımızda qərarlar verir.

Dostluq bütün münasibətlərdən yüksəkdədir, çünki bütün münasibətlər dostluqdan başlayır.

Sevgi sadəcə kiməsə “Səni sevirəm” demək deyil… Sevgi hətta heç nə demədən də elə sevgidir… Sevgi qurban verməkdir… Başqalarina görə susa bilməkdir… Sevgi sadəcə xoşbəxtlik deyil… Başqalarına görə öz xoşbəxtliyini qurban verməkdir…

Filmin bütün musiqəlirini bu linkdən dinləyə   bilərsiniz:

https://www.youtube.com/watch?v=S8bZQ-v0I_w









3 Ocak 2015 Cumartesi

DDLJ ( Dilwale Dulhania Le Jayenge- Cəsur ürəkli oğlan gəlini aparar)

Bu  il film nə az nə çox  düz 20 yaşını qeyd edəcək. Amma bu illər ərzində hələ də hind film sektorunun ən baxımlı filmi yerini qoruyub saxlamağı bacarıb. Hind film tarixinin ən uzun müddətli filmi (189 dəqiqə) olan DDLJ-da Bollywood üçün əfsanə  cütlük sayılan Şahrux Xan və Kajol çəkilib. Film ikisinin də  visit kartına çevrilib. 1996-cı ildə o vaxta kimi heç bir filmin qazanmadığı 10 Filmfare mükafatını və Milli Mükafatı qazanmaqla ilin ən gözəl filmi seçilib. Filmin rejissoru Aditya Çopra həm də Cavid Siddiqui ilə ssenaristliyi paylaşıb. Prodüser isə hind film sənayesinin ən yadda qalan adlarından biri- Aditya Çopranın atası, Yaş Çopradır.
Bəs görəsən, film niyə bu qədər sevildi ? Çünki, DDLJ sadəcə Rac və Simranın sevgi hekayəsi deyil. Bu film ailədaxili münasibətlər,  köhnə ənənələr, qadın haqqları, qürbətdə yaşamaq, vətən sevgisi kimi mövzulara çox həssaslıqla  toxunsa da , çatdırmaq istədiklərini çox effektli mesajlarla izləyicisinə ötürə bilib.
Birini sevirsənsə o səninlə olsun deyə hər şeyə razı olacaqsan. Bəs bu hər şeyi edəndən sonra hadisələr istədiyin kimi cərəyan etməsə necə ?
Rac kiminçünsə avara ola bilər, amma o, qısa vaxt əvvəl sevəcəyini ağlına belə gətirmədiyi Simran üçün indi hər şeyə hazırdır.
İzləyin, hətta bir dəfə yox, bir neçə dəfə, doya-doya… O möhtəşəm musiqiləri dinləyin… Əfsanəvi Qatar , sarı çiçəklər, zınqırov  səhnələri bəlkə sizinçün də unudulmaz film səhnələrinə çevrildi .
Filmdən məşhur sitatlar :
Heç bir axmaq sadəcə sənin barmağına üzük keçirməklə səni əlimdən ala bilməz. Sən mənimsən, sadəcə mənim.
Mən hindliyəm… Və bir hindli qız üçün onun namusunun nə demək olduğunu bilirəm…
Böyük şəhərlərdə kiçik problemlər olur, senyorita, narahat olmayın.
Əgər o, səni sevirsə dönəcək və sənə baxacaq. Dön, Simran, dön!
Amma mən unutmuşdum ki, biz qadınların hətta xəyal qurmağa, arzulamağa da haqqları yodur…

Filmi öz dilimizdə də saytlarımızda tapıb izləyə bilərsiniz. Görün, cəsur ürəkli oğlan gəlini apara biləcək, ya yox ?










Filmdəki bütün mahnıları video formasında : https://www.youtube.com/watch?v=AmqxWoaAO3I


Başlayırıq :)

Yeni ilin 3-cü günündə ilk bloq yazısını paylaşaq dedim . Hörmətli oxucu, bu bloqda sevdiyin hind filmləri, ulduzları, Hindistan gerçəkləri və daha nələr haqda məlumatlar ala biləcəksən. Çox çalışacağam ki, sənin üçün hər həftə yeni nəsə paylaşa bilim.
Əgər hind filmlərini sevmirsənsə, eybi yox, sən də bu blogu izlə. Bəlkə  bir müddət sonra fikrin dəyişdi ? 
Hindistan istehsal olunan filmlərinin sayına görə dünyada 1-ci yeri tutur. Bu filmlər içində Kann, Berlin, Venesiya kimi kinofestivallarında mükafatlar qazananları da az deyil.  Günümüzdə hind filmləri hətta ABŞ-ın və Avropa ölkələrinin sakinlərinin də sevimlisinə çevrilib. Bütün dünyada hind film ulduzlarının saysız-hesabsız fanat ordusu var.
Qısası, başladıq! 
Bu arada, növbəti yazımız əfsanə hind filmi – DDLJ ( Dilwale Dulhania Le Jayenge- Cəsur ürəkli oğlan gəlini aparar) haqda olacaq.