14 Haziran 2015 Pazar

Kyun… Ho gaya na! ( Gör, indi nələr olacaq ! )

     “Kyun… Ho gaya na!” ən başdan deyim ki, saf bir məhəbbət hekayəsidir. Əgər kimisə çox sevirsinizsə, amma o bunu anlamamaqda israr edirsə, deməli bu filmdə sizdən də çox şey var.

     Samir Karnikin rejissorluğunu etdiyi və baş rollarını Vivek Oberoy, Aişvarya Rai Baççan və Amitab Baççanın paylaşdığı film 2004-cü ildə çəkilib. Əsasən melodrama janrında olsa filmdə  ara-sıra komedik səhnələrə də rast gələ bilərsiniz. Tamil və Telequ filmlərinin məşhur aktrikasalarından olan Kadcal Avarqal da öz film debutunu məhz KHGN ilə edib.
     Diya( Aişvari ya) həyatının böyük bir hissəsini dayısının yetimxanasında ona kömək etməklə keçirib. Bir gün o, universitet imtahanını vermək üçün atasının yaxın dostunun ailəsinə bir müddətlik qonaq gəlir. Bu ailə onun artıq qatarda rastlaşdığı Arcunun(Vivek)  ailəsidir. İlk görüşdən heç bənzəmədikləri bəlli olan bu iki gənc əvvəlcə məcburiyyətdən də olsa ünsiyyət qurmalı və bərabər vaxt keçirməli olurlar.
     Diya ailələrin tanışlığı ilə qurulan nigahlara qarşıdır. Arcunsa əksinə, o, gələcəyi haqda bütün qərarları anasının öhdəsinə buraxıb.
     Arcunun az qala hər şeyi zarafata salmağından təngə gələn Diya gözlənilmədən onu sevməyə başladığını başa düşür… Amma Arcun elə əvvəlki Arcundur. Onun hələ də “lüğətində sevgi sözü yoxdur”. Arcunun anasının  gəlin namizədi olaraq Diyanı görməsinə baxmayaraq o evdən çıxır və atasının yanına qayıdır. Üstəlik ən yaxın dostuna çevrildiyi Arcuna xəbər belə etmədən…
     Bu gedişdən sonra sanki Arcunla Diyanın rolları dəyişir və təxmin etdiyiniz kimi Arcun Diyanın arxasınca gedir, özü də lüğətində hələ də dəyişiklik etmədən :)
     Amma artıq heç nə əvvəlki kimi deyil, Diya artıq öz uşaqlıq dostu, dayısının yetimxanasında böyüyən İşanla (Sunil Şetti) ailə qurmaq üzrədir. Nəsə olmalıdır… Möcüzə ? Ya da sadəcə oyun ?
     “Ən möhkəm sevgilər dostluqla başlar” sloqanını rəhbər tutanlar, siz mütləq izləməlisiniz filmi :)
     Filmdən yadda qalan sitatlar :

     Sevginin uzun müddətə ehtiyacı yoxdur, ona sadəcə bir neçə an lazımdır.
Fərqi yoxdur, bu avtomobil yarışıdır ya həyat yarışı. Əgər sən qalib olmaq üçün oynayırsan, deməli olacaqsan.

     Bəzən qərarlar doğru ola bilər, amma bunu demək üçün vaxt artıq keçibsə, nə əhəmiyyəti var ?
     
     Nə vaxt ki, öz sevgimizi etiraf etməyə cəsarət tapırıq, onda öz gözlərimizin qarşısında sevgimiz bir başqasınkina çevrilir.
     
     Filmdən bütün musiqiləri aşağıdakı linkdən dinləyə bilərsiniz :

https://www.youtube.com/watch?v=u2e_w9YXbwE&list=PLF21768C4B8C9C7E8