26 Nisan 2017 Çarşamba

13 reasons why? ( 13 səbəb niyə ?)

Keçən həftə sonumu 13 bölümlük bir seriala həsr etdim, demək olar. Qərara gəldim ki, bu serial haqda fikirlərimi sizlə də bölüşüm.





Serialın adı "13 reasons why" eyni adlı kitabın motivləri əsasında çəkilib . (Müəllif : Jay Asher) Rejissor isə Brian Yorkerdir. Kitabı oxumasam da, oxuyanların rəylərinin arasında bir dəfə belə kitabın filmdən daha yaxşı olduğuna dair fikrə rastlamadım.


Əslində bu normaldır və gözləniləndir , amma bu haqda bir az sonra. Deyirəm , bəlkə öncə serialın xarakter posterlərinə baxaq ? :)

                                        















Deməli, serialın əsas qəhrəmanı bir həftə əvvəl intiharla həyatına son qoyan 17 yaşlı Hannah Bekardır(ingiliscə oxuyun :) ). (Yeri gəlmişkən, serial aktrisanın debütü sayılır)


Bəli, bəli. Filmdə obrazın bütün səhnələri də keçmişə qayıdışlar, xatırlamalar və təsəvvürlərdir. Yəni, indidən deyim, bu qız qayıtmayacaq, artıq həyatda yoxdur...


Serialın adını izahı da belədir ki, Hannah öz intiharından əvvəl 13 kasetə öz səsini yazır. Bu səsyazmalarının hər birində o ,intiharının səbəblərini qeyd edir. Hər səbəbdə ayrı qəhrəman və ya qəhrəmanlar iştirak edir. Səs yazıları da ilk kasetdən sona doğru toplam 13 nəfərə növbəylə keçir. (İlk dinləyən bütün səsləri dinləyir, ötürür özündən sonrakı diskin qəhrəmanına və.s) .

                                 

Serialın emosional yükü çox ağır idi və kitabdan fərqli olaraq bu yolla o qədər fərqli hissi, düşüncəni, ağrını , ümidi çox daha saf və dolğun formada izləyiciyə ötürüblər. Netflix kanalının təcrübəsində ilk dəfə hansısa serialın bir gündəcə bütün bölümləri yayımlandı və bu "13 reasons why" oldu. Posterlərdən , serialın trailerində də anlaşılır, Hannah tək əsas qəhrəman deyil, hər bölümdə biz Clay vasitəsilə onun səsini dinləyə bilirik.

                                   


Serial nə qədər yeniyetmə mövzulu olsa da ,müəyyən mənada gənclik növzulu da hesab oluna bilər- özəlliklə də bizim tamaşaçımız üçün. Çünki , bütün xarici seriallardan mənim kimi bəlkə siz də hiss etmiş olarsınız ki, Avropa və Amerika təhsil sisteminin təxminən15-17 yaş aralığına düşən aralığı bizdə tam-tamına universitet həyatına uyğun gəlir.

                           





İlk bölümdə özüm həqiqətən də serialı az qala mənasız serial hesab edirdim, amma şans verib ikinci bölümə də baxdım və dediyim kimi 2 günə bütün bölümləri bitirdim.

Ölkəmizdə əslində intihar elə də aktual problem sayılmır, amma gəlin qəbul edək ki, son illər bizdə də yaşı az olanların intihar faizi artır, hətta sosial şəbəkələrə yansımayan, ailələr tərəfindən qapalı saxlanan o qədər intihar olayları var ki.

Mənim özümə qalsa intihar bir fərdin şəxsi həyatına dair seçimidir, bəli, bu bütün sevdiklərinə qarşı dəhşətli cəzadır, bağışlanmazdır, amma , həqiqətən də, bir insanın tam öz iradəsilə etdiyi tək tük hərəkətlərdən biridir bu. Saatlarla düzgün olmaması, günah olması və.s haqda danışmaq olar. Lakin məncə, bunu edən insan bütün bunları düşünərək, anlayaraq , ya da, ən pisi - hətta vecinə belə almayaraq edir.

Taleh , həyat hər bir bu düşüncədə olan insana ən primitiv jestlə, hadisəylə "bunu etmə" desin, istəyirəm... Nəisə, mövzudan çox uzaqlaşmayaq.




Hiss edirəm ki, Hannah xarakterini intihara görə qınayanlar da var. Özəlliklə Amerikalı bir qız üçün bunların intihar səbəbini olmadığını düşünənlər. Amma bu tip bir aktın milliyyətə, ölkəyə yox, məhz psixoloji duruma dəxli var. Başına minlərlə əzab gəlməsinə baxmayaraq həyata sinə gərən saysız şərq qadını var. Amma bu o demək deyil ki , kiməsə ağır, layiq görünməyən səbəblər bir digərini intihara aparmayacaq...

1-ci bölümdən etibarən sona qədər ən həssas , ən dərin nöqtələrə qədər insan hisslərinə, insanın dərinliklərinə onun ətrafındakıların necə vecsizliklə təsir etdiyi o qədər professional formada göstərilib ki... Adamlara etdiyimiz və çox adi, anlamsızdır deyə düşündüyümüz primitiv hərəkətlər onların həyatını alt-üst edə bilər. Heç düşünürükmü ? Əlbəttə, baş verənləri qəlbimizə o qədər də buraxmamaq qabiliyyəti əladır, amma , axı bu hər kəsdə alınmır...



  İzləyərkən mütləq hansısa bölümdə nə vaxtsa sizin də həyatınızda olmuş və ya ola biləcək bənzər hadisələrlə rastlayacaqsınız, ki , mən rastlamışam . O "səbəb"dən çox uzun müddət özümü o qədər pis hiss etmişdim ki :) Düzü, unutmamışam, sadəcə böyümüşəm :)




İstəyirəm, bu serialı izləyəsiniz və izlədikcə ətrafınızdakı insanlara qarşı daha düşüncəli davranasınız. İnsanları qırmaq, yox hesab etmək, atmaq, aldatmaq, istifadə etmək elə asandır ki... Amma bilməliyik ki, kimdənsə səhvimizə görə üzr istəyəndə, çətin gündə tək qoymayanda, ona arxadan vurmaq əvəzinə irəli getməsinə kömək olanda , onu yarı yolda tək buraxmayanda... Öz içimiz də sevgi ilə, xoş aura ilə dolacaq... Ən azından özümüz üçün bunu edə bilərik...



Və unutmayaq, kim bilir, bəlkə də kiməsə ayıracağımız diqqətlə xəbərimiz də olmadan onu böyük bir bəladan xilas edəcəyik...

Təbii ki, öz dilimizdə, altyazı ilə serialı heç yerdə tapa bilməzsiniz.

Amma rus dublajı və altyazısı ilə , həmçinin də, türkcə altyazısı ilə çox sayda saytda izləyə bilərsiniz.

Bu arada, bəlkə kimlərəsə maraqlı olar , serialın əsas prodüserləri arasında Selena Gomez və anası da yer alıb. Ki, müğənninin özü səsləndirdiyi bəzi ifaları da serialda eşidə bilərsiniz. Selena uzun müddət imiş ki, bu kitabın ekrana daşınmasını istəyənlərdən və bunun həyata keçməsinə ən çox sevinənlərdən imiş :)



21 Nisan 2017 Cuma

Kaira və adsız qız ( “Uçan Pəncab” yoxsa “Əziz həyat” ?)

Alia Bhat (Alia Bhatt) hazırda Bollywoodda ən çox danışılan , ən çox tələb olunan aktrisalardan biridir. Bir qız ki , Karan Johar onu öz mənəvi qızı adlandırır. Bu isə onun həm də rejissor Mahesh Bhattın qızı olması faktını belə geridə qoyur :)



Mart ayının 15-i  24 yaşını tamamlamış  aktrisa hələ 19 yaşında öz professional film debütünü edib.Filmi qətiyyən bəyənməsəm də , bir reallıq var ki, “ Student of the year”  Bollywooda   3 maraqlı ad qazandırdı :  Varun Dhavan (Varun Dhawan) , Sidhart Malhotra (Siddharth Malhotra) və haqqında danışdığımız Alia …





Aktrisa artıq Bollywoodun  “Oscar”-I sayılan 2 Filmfare mükafatına sahibdir ki, sonuncunu  bu gün sizə haqqında danışacağım 2 filmdən biri- “Udta Punjab” (Uçan Pəncab) sayəsində alıb.
İkinci filmimizsə “Dear Zindagi “-dir (Əziz həyat). Yəni, bu dəfə ,çalışacağam ki ,bizim gənc, amma istedadlı aktrisamızın bu iki bir-birilə heç bir baxımdan əlaqəsi olmayan  filmləri haqda olan fikirlərimi sizlə də paylaşım :)

Əvvəla onu deyim ki, Alia tamaşaçı tərəfindən birmənalı qarşılanmayan aktrisalardandır. Yəni nə qədər fanatı olsa da , bir qrup izləyici onu hələ də qəbul edə bilməyib. Sadəcə film sahəsində çalışan bir ailədən gəlməyi sayəsində bu yerlərə gəlib çıxdığını düşünənlər də az deyil.  Ulduzların bundan xoşhal olmamaqları qədər , məncə, izləyicilərin müəyyən mənada haqlı olmaları da anlaşılandır :) Bollywood üçün filmlə bağlı sənətlərin nəsildən nəsilə keçməsi o qədər standart bir şeyə çevrilib ki, artıq. Amma hələ ki,  bu soyad davamçılarının özlərini peşələrində doğrultmadıqlarını demək  də haqqsızlıq olmazmı ?



Nəisə. Filmlər haqda əvvəlcə sizə məlumatlandırım.

Keçən ilin noyabrında vizyona girən “Əziz həyat” vizyonda “Uçan Pəncab”-a nisbətdə çox daha gəlirli film oldu. Birincinin baş rollarında Alia və  Şahrux Xan (Shahrukh Khan) yer alsa da , ikincidə Alia ilə  filmi Şahid Kapur ( Shahid Kapoor) ,Dilcit Dosanc ( Diljit Dosanj) ,Karina Kapur Khan  ( Kareena Kapoor Khan  ) paylaşdılar.

 Rejissor Qauri Şindenin (Gauri Shinde) “Əziz həyat”I gənc bir qızın – Kairanın həyatına  fərqli baxış yaradan gənclik dramasıdır. Bir gün öz filmini çəkməyi arzulayan gənc qızımız uğursuz bir sevginin mərkəzinə düşür , bu azmış kimi yaşadığı evdən çıxarılır… Həyatı ilə barışmaz hala gələn Kaira   illərdir, emosianal bağlarını itirdiyini düşündüyü ailəsinin yanına qayıdır. Burada isə o , təsadüfən , bütün həyata olan baxışını dəyişdirəcək adamla- həkim Cəhangir Xanla  tanış olur  :)



Bəli, Kaira ilə Cəhangirin görüşləri, söhbətləri çox maraqlı idi… Hətta illərdir ki, bu qədər film izləməyimə baxmayaraq ilk dəfə idi , məhz bu tipdə zövqlü dialoqlar , maraqlı sitatlar eşitdiyimi deməliyəm …

-Eynşteyn deyib bunu… O insan axmaqdır ki, hər gün eyni şeyi edir , amma fərqli nəticələr gözləyir..

-Özümüzü lazımi qədər dərk edəndən , anlayandan sonra , başqalarının haqqımızda nə düşündüyünün mənası olmur. Tamamilə.

- Hər suala cavabı olan insan dahi deyil, dahi hər suala cavab tapmaq üçün səbri olan insandır.

-Rahat ağlaya bilmirsənsə , necə rahat güləcəksən ?

-Həyat puzzle kimidir, həyatındakı insanlar sənə parçaları əlaqələndirməyə , yerini  tapmağa kömək edə bilər. Ancaq  yalnız sən puzzle-ı bitirə bilərsən…



Amma… “Amma” haqda “Uçan Pəncab”dan da danışandan sonra… :)

İkinci filmimiz rejissor Abişek Çaubiy ( Abishek Chaubey ) qələmindən çıxmış  və Hindistanın əzəli dərdlərinə toxunmuş kriminal dramadır. Filmin elə ilk dəqiqələrində  eyni adlı musiqi nömrəsində  Şahid Kapuru (Shahid Kapoor) o halda görəndə bu filmdə yolunda getməyən bir şeylər olacaq (yaxşı mənada) deyə düşündüm və elə də oldu  :)



Əvvəl də vurğuladığım kimi , filmdə 4 baş rol var və  hər bir rolun- 22 yaşlı müğənninin, reablitasiya mərkəzində işləyən həkim xanımın,  polis işçisinin və filmin sonuna qədər adını öyrənə bilməyəcəyimiz əkində işləyən gənc qızın (Alia) hekayəsi  bir nöqtədə kəsişir. Onlar 4-ü də eyni bəlanın “qurban”larıdır… Narkotik… Hindistanın nə vaxtsa bu bəladan qurtulacağına inanmaq çox çətindir… Hələ Pəncab… Hər gün bu ölkədə saysız gənclər, hətta yeniyetmələr  uyuşdurucu ücbatından həyatlarını itirir. Yəni , anlayacağınız, film çox aktual bir mövzunu , adət etmədiyimiz bir formada bizə təqdim etməyi bacarıb…

Alia hər iki filmdə, özəlliklə də “Udta Punjab”da  bütün istedadını ortaya qoyub desəm yanılmaram… Məncə, bu qızın bacarığını dananlar hər 2 filmi mütləq izləməlidir.  Fikrimcə,“Dear Zindagi”-yə nisbətədə, digər filmdə daha çox emosiyanı izləyiciyə ötürməyi bacarıb. Ümumiyyətlə, “Udta Punjab”da Alia xarakteri həddən artıq az danışıb. Amma bu aktrisanı  da , elə yaratdığı obrazı da daha maraqlı edib.

Okay, Aliaya söz yox, hər iki film də həqiqətən təriflərə layiq idi. Amma , dayana bilmirəm və əlbəttə ki, birini digərindən daha yüksək yerdə saxlayıram ! :) Niyə ?



Çünki, düşünürəm ki, filmlər insanlara nəsə verməlidir, nəsə öyrətməlidir , nəyəsə səsləməlidir və.s. Və mən düşünürəm ki, hind qadını üçün  həll olunacaq o qədər məsələ var ki, işıqlandırılaısı , Kaira obrazının dərdləri, problemləri  əksər hind qadınları üçün ümumiyyətlə dərd belə deyil.



Çünki , hər iki filmdə bariz şəkildə insanların bir-birinə olan yardım, kömək, dostluq  nümunələri var idi və bu mənada “Uçan Pəncab” “Əziz həyatı” böyük fərqlə geridə qoyur. Bir film ki, fədakarlığın ən ağır nəticəsini belə bizə göstərir…



Çünki , hind filmi üçün ən önəmli faktor  sevgidir  və “Udta Punjab”dakı saf Juddu sevgisinin yanında , mənə görə , Kairanın “qarışıq” münasibətləri heç nə idi.


Əslində bu “çünki”-lər arta bilər , amma sizi bezdirmək istəmirəm :) İzləməyə gələndə isə , hər iki filmə baxmağınızı şiddətlə tövsiyyə edirəm, amma mütləq birini seçəcəksinizsə , qoy seçiminiz “Udta Punjab  “ olsun :)