14 Eylül 2017 Perşembe

27 il sonra "O" ( It)

Bazar günü CinemaPlus da "It" filminə baxdım. Cinemaplusun tamaşaçılar üçün yaratdığı şərait, rahatlıq, səs və görüntü təchizatı mənə görə əladır. Heyf ki, düz arxamızdakı sırada əyləşən "pусскоязычный" qaqaşların filmdəki olaylara verdikləri əlaqəsiz reaksiyalar , rəylər, yersiz gülüşləri məni bu dəfə çox narahat etdi  və üstəllik filmdə səslənən bir suala onlardan birinin rahatca bərkdən verdiyi "cavab" məni deyəsən əməlli hirsləndirdi ki , bəlkə də elə ondandır , bu dəfəki postum daha çox tənqid yüklü olacaq. Yəqin neqativlikdən elə filmdə də ancaq neqativlik axtarıb tapmışam :) 




Əvvəlcə deyim ki, "It" əzizimiz Stephen Kingin 86-cı ildə qələmə aldığı təxminən 1000 səhifəlik eyni adlı romandan motivləşdirilib. Romandan elə düz 4 il sonra Tommy Lee iki dənə çox bəyəndiyim film çəkib əsərə əsasən. O qədər bəyənmişdim ki, hər iki filmi hələ də rus dublajıyla netbukumda saxlamışam.



Amma yeni filmi heç sevmədim. Rejissor və aktyor işinə nəsə deməyə dilim gəlmir, hələ bütün ilk film sevgimə baxmayaraq bu oğlanları daha çox sevdim, daha uyğun görünürdülər obrazlara...


Amma serialın əslində ən əsas qəhrəmanı odur - o, yəni Kloun. 1990-da Tim Curry rolun öhdəsindən möhtəşəm gəlmişdi, o obraz çox daha kloun kimi idi , nə qədər "creepy" idisə o qədər də "sevimli" idi . Deyəcəksiniz , qızın başı xarab olub, amma inanıram ki , filmi izləmiş olanlar mənlə razılaşacaqlar. 


                                        Bir soldakıya baxın, bir sağdakıya, haqsızammı ? :D 

Amma bu Kloun daha çox elə ilk baxışdan dəhşət saçmaq üçün idi. Hələ o geyim, o qrim :/ Uşaqların baş rolda olduğu filmi bu qədər "müasirləşdir" , amma klounu o günə qoy, niyə axı ? :/ 



Müasirlikdən danışmışkən , Beverly xarakterinin də dəyişimini heç bəyənmədim. Ümumiyyətlə , filmdə ən az bəyəndiyim acting da o gənc aktrisada idi. 




Və "It"-in ən bəyənmədiyim iki səhnəsini seçsəm bir ilk və bir son səhnə olacaq. Az qala filmə baxmayanlar belə hadisələrin necə başladığını bilir, ona görə bunu spoiler kimi qəbul etməyəcəyinizi düşünürəm :) Olaylar bizim "uğursuzlar klubu"nun ( bəli, bu 6 oğlan özlərini belə adlandırırlar ) Billinin kiçik qardaşı Barrynin müəmmalı şəkildə yoxa çıxması ilə başlayır. Anlamıram, o yoxa çıxmanı çox daha filmin janrına da uyğun olaraq mistik etmək olardısa, niyə azyaşlı obrazı o cür şiddət səhnəsində təsvir edirlər ? (İlk filmdə bu səhnədə bu acı detal yox idi) 



Bir də son səhnə... Beverly və Bill romantik səhnəsi :) Yaxşı ki, filmin sonu idi, ciddən , artıq uşaqların yer aldığı filmlər də məgər bunsuz keçmir yəni ? :D  




Yox, mən köhnə fikirli zad deyiləm. Məsələ başqadır. "It" romanını oxumamışam, fikrim də yoxdur, amma hamımızın anlaya biləcəyi bir önəmli hissə var : Hər birinin öz qorxuları olan uşaqlar (!) və o qorxuları onlara qarşı istifadə edə biləcək fövqəltəbii bir güc , yəni məlum Kloun . Azyaşlı ilə dəhşət , şiddət səhnələri və bu iki şey arasındakı o incə, çox incə çizgi...Saflıq və çirkab misalı. Bilmirəm anlata bilirəmmi ? :) 


Bazar günü izlədiyim o filmdə mən o çizginin neçə dəfə yox olduğunu gördüm. Zatən yüksək gözləntilərim olmayan filmdən heç zövq ala bilmədim ,anlayacağınız...Üstəlik,filmin 27 ildən sonra çəkilməsi (Belə ki, ssenaridə dəhşətli hadisələr 27 il aralıqla təkrarlanır) məndə , bəlkə əvvəlki filmlədəki olaylarla hansısa əlaqə olar, ordakı hadisələr hansısa "göndərmələr" olar ümidi yaratmışdı , amma düzü o ümid elə traileri izləyən kimi yox olmuşdu :) 




Postumu yekunlaşdırmazdan əvvəl istəyirəm nəzərinizə çatdırım ki, bu ilki film bir qorxu filmi olaraq vizyonda rekordlar qırır :) (Qorxu filmləri adətən çox qazana bilmir , hələ mən maraqla #jigsaw gözləyirəm) Bilmirəm bunu reklam və pr fəaliyyətlərinə borcludurlar , ya nə , amma 8 sentyabrda vizyona girmiş 35 milyon büdcəli film , ilk həftəsonu 117 milyonu keçmişdisə , artıq dünya üzrə 200 milyonu da keçib :) 



Yəni , tənqidçilərdən də övgülər aldığını nəzərə alıb mənim baxış bucağımda bir problem olduğunu düşünməyə də bilmirəm :) "Mother" filmi ilə sevgimizi qazanan Andy Muschiettinin bu filmini də izləmək arzusundasınızsa , yazdıqlarımın hamısını nəzərə alın məncə. Zatən əvvəldə də vurğuladığım kimi, rejissor və aktyor işində hər şey əla idi. Nə isə, dostlar , uzandıqca uzanacaq bu post :) İstəyərəm bütün izləyicilər Bill, Benjamin , Richie , Stan , Eddie , Mike və Beverlyni izləyərkən öz qorxularını yada salsın , o qorxular ki, sadəcə uşaqlıqda yox hər zaman arxanızca gələcək... Və istərəm siz də ən az bu uşaqlar qədər qorxularınızın qarşısında cəsur davrana biləsiniz :) 



P. S. Aktyorluğunu , obrazını (Richie, sən də olmasan kim bizi o qədər şeyin arasında gülümsədəcəkdi ? :) ) və elə öz sevimli simasını da çox bəyəndiyim 14 yaşlı Finn Wolfhard məndə artıq mövcud olan "Stranger Things" izləmək marağını bir az da artırdı :) Aranızda bu serialı izləmiş olanlar varmı ? Təəsssüratlarınızı mənlə bölüşün ! :) 



Gələn yazıda görüşənədək :)


Hiç yorum yok:

Yorum Gönder