18 Aralık 2016 Pazar

Yeni il üçün hədiyyə ideyaları



Yeni ilə çox az qalıb ! :)
Ölkəmizdə nə qədər ənənə halını almasa da , bizdə də bu bayramda bir-birinə hədiyyələr alan və verənlərin sayı ildən-ilə artır :)  İlin möcüzəli ayında sevdiklərinizə, yaxınlarınıza  hədiyyə almağa tələsirsinizsə bu yazı sizə kömək ola bilər :) Hədiyyə ideyalarına keçməzdən qabaq mütləq bir şeyi dəqiqləşdirək. Yoldaşlar , əgər sevindirməyi düşündüyünüz şəxsin konkret olaraq nəyəsə ehtiyacı varsa (məsələn , kitab sevən dostunuz uzun zamandır hansısa kitabı almaq istəyirsə , rəfiqənizin saat mağazasındakı həmin saatda gözü qalıbsa  və də ən önəmlisi hansısa yaxınınızın  sırf maddi cəhətdən büdcəsinə uyğun deyil deyə ala bilmədiyi önəmli bir şey varsa. Bütün bunları nəzərə alarkən, öz büdcənizi də unutmayın. Əgər pula qənaətə ehtiyac yoxdursa alacağınız hədiyyənin də qiyməti böyüyə bilər:) ) məhz həmin ehtiyacları hədiyyənizlə qarşılamağa çalışın. Axı verəcəyimiz hədiyyə həqiqətən də sahibinin ehtiyacı olacağı , onu həqiqətən sevindirəcək bir şey olmalıdır :)


Başlayaq :)
1. Hərfi mənada şirin hədiyyələr 
:) Həm hazır ala biləcəyiniz , həm də əllərinizlə hazırlaya biləcəyiniz ən dadlı, mövsümə uyğun praktik hədiyyələr sizcə də bu kateqoriyada deyil ? :) Bütün şirniyyat evlərində mövsümə uyğun tort və şirniyyatlar satılır, şokalad seçiminin bolluğundan danışmağa isə ehtiyac yoxdur. Həm çox az adam tapmaq olar ki, bu tip hədiyyəni sevməyə. Qonaq gedərkən hədiyyə kimi tort və ya şirniyyat səbəti aparmaq daha uyğun olsa da , daha qeyri-rəsmi görüşlərdə dostlarınıza vermək üçün ən idealı balaca qutularda  özünüzün yerləşdirəcəyi , üzərini ürək sözlərinizi yazdığınız açıqca ilə rəngləndirdiyiniz  şokalad tipli məhsullar ola bilər.





Almaq istəmirsinizsə , özünüzə güvənirsinizsə  sadəcə google-da saysız hesabsız şirniyyat (məsələn mənim hər zamanki seçimim-sadə , xəmirinə özümün xırda şokalad dənələri əlavə etdiyim qurabiyələr) reseptlərindən birini açıb  önlüyünüzü taxıb iş başına keçirsiniz :)(Yeni il simvollarına aid  qurabiyə ,keks çərçivə və ya qabları var ki, hazırladığınız şirniyyata bayram aurası qata bilər) Hazır olduqda sonra daha xoş görüntülü olması üçün xüsusi yeni il qutularında(və ya  paketlənəcək səbətdə) hədiyyənizi sahibinə təqdim edə bilərsiniz. (Bu tip qutular haqda sonda ətraflı məlumat verəcəyəm).



2. Qış deyəndə ağlınıza qar və soyuqdan sonra nə gəlir ? :) Sizi bilmirəm, mənim ilk düşündüyüm isti geyimlər, sviterlər , şarflar, papaqlar əlcəklər və corablardır :) Endirimli bir mağaza tapıb sahibini bütün qış boyu isidəcək bir hədiyyə tapmaq necə fikirdir ? Üstəlik bütün bunlar üçün  bədən , baş, əl ölçüləri haqda xüsusi biliyə də sahib olmalı deyilsiniz. Özəlliklə bəylərə hədiyyə alarkən, bu punktu yadınıza salın. Üzərində yeni il ornamentləri olan sviterlər, şarflar və corablar isə hədiyyənizin hər zaman yeni ili xatırlatmasını təmin edə bilər :)





3. Qışı isti içkilərsiz təsəvvür eləmək mümkün deyil.  İstər çay, istər qəhvə. Hər ikisi hədiyyə üçün əla ideyadır. Amma diqqətli olmaq lazımdır, hədiyyə alacağınız şəxs haqda məlumatlı olmalı, məsələn hansı bitki çaylarını sevdiyini bilmiş olmalısınız. Elə insanlar var ki, bəzi ətirli çay qoxularını qətiyyən sevmirlər. Ona görə bu haqda  dəqiq bir informasiyanız varsa , alacaq şəxsin bəyənəcəyi fərqli bitki tərkibli, fərqli qoxulu, fərqli ölkələrə aid, fərqli tərtibatları olan (marketlərdə belə yeni il mövzulu çay və qəhvə qutuları var) və ən əsası fərqli qiymətlərdə satılan çaylar arasında seçim edə bilərsiniz. Şəhərimizdə xüsusi çay mağazalarında çəki ilə sizə təqdim olunacaq daha özəl və daha keyfiyyətli seçimlər də var.

Qəhvə alarkən isə  ,nəzərə alsaq ki, əksəriyyəti ya bankalarda ya da bağlamalarda(çaylar da həmçinin) satılır , deməli ,onları başqa bir qutuya qoyub hədiyyə etmək  daha uyğundur. Amma o qutunu rəngləndirmək üçün qutuda həm də fərqli naxışlı fincanlar da yerləşdirmək olar. Qəhvə bağlamasına isə həm də hazırlanacağı zaman dad qatacaq quru krem tozu,darçın və.s kimi əlavələr də eləmək olar.





Ümumiyyətlə bitki çaylarını qışda tez-tez özünüzə də alın. Həm dərinizin həm orqanlarınızın sağlamlığı üçün çox faydalıdır :)
4. Kitab-mənə görə hər zaman ideal sevinc mənbəyidir. Seçimdə tərəddüd edəndə kitab  mağazalarındakı satıcılardan sizə tövsiyə etmələrini xahiş edin. Həmin şəxsin xasiyyətinə , zövqünə uyğun bir kitab mütləq tapılacaq :)

Hədiyyəlik bağlamanı yenə də unutmuruq.
5. Qeyd dəftərçəsi. Qarşıdan yeni təqvim ili gəlirsə istər şagirdə , istər tələbəyə, istər işləyən adama mütləq yeni qeyd dəftəri lazımdır. Yəqin , siz də artıq yeni üslublu, əyləncəli dəftərçələri mağazalarda görmüsünüz. Əgər siz də mənim kimi qiymətlərin bir qədər fantastik olduğunu düşünsəniz ya özünüz online sifariş edə və ya instagramdakı bu tip online sifarişlərlə məşğul səhifələrə müraciət edə bilərsiniz.



6. Film paketi. Niyə paket ? Çünki bu yeni il paketinə həm 1 və ya bir neçə yeni ildə izlənəcək film diski, həm partladılmış və ya partladılmamış qarğıdalı bağlaması , həm hər hansı içki (bu sadəcə üzərində şaxta baba şəkli olan coca-cola da ola bilər) , həm də çips daxildir. Qısası  maraqlı bir ailəvi film izləmə üçün lazım olanlar.


7. Baxım paketi. Kosmetik yox, sırf baxım üçün olan vasitələrin hədiyyəlik paketi həm xanımlara, həm də bəylərə lazım olan praktik  şeyləri özündə cəmləyir. Bu cür bağlamalarda xanımlarçün əgər  əl kremi, dodaq balzamı, duş geli, manikür dəsti kimi vasitələr ola bilərsə , bəylərçün təraşda lazım olanlar  və ətir kimi seçimlər yararlı ola bilər.
8. Özüm bu tip hədiyyələri “temalı” adlandırıram :) Yəni sizin “Friends” serialını çox sevən bir dostunuz varsa niyə onunçün serialın adının , məşhur sitatlarının yazıldığı köynəklərdən və ya telefon kabrolarından  birini sifariş etməyəsiniz ? :)



Və ya əgər ananız  Oktay Ustanın daimi izləyicisi olubsa niyə ona Türkiyədən müəllifi olduğu kitablardan birini sifariş etməyəsəniz ? :)




Ya da hind filmlərini çox sevən rəfiqənizə Khanlardan biri haqda olan (Hər üçü haqda kitab türkcədə var) kitab sifariş etməyəcəksiniz də nə edəcəksiniz ki ?  :)




9. Tam olaraq öz əlinizdəki məhsullarla hazırlaya biləcəyiniz yeni il hədiyyələri. Düşündüm ki, bu haqda ən yaxşısı fotolar paylaşım. Üstəlik sadəcə google-da  “Christmas gift ideas DİY” yazmaqla saysız-hesabsız ideyalarla tanış ola bilərsiniz.(Əlinizdə DİY üçün baza vasitələr olmalıdır –heç olmasa silikon yapışqanlı tapanca məsələn)










Bunlar mənim ideyalarım idi :) Əlbəttə , sizin də daha maraqlı təklifləriniz ola bilər, paylaşın :)
Hədiyyələri nə vaxt və kimə verəcəyinizdən asılı olmayaraq xüsusi diqqətlə hazırlayın, çünki bir hədiyyə onu verənin xarakterindən də müəyyən qədər xəbər verir :)
Yeni il hədiyyələrinin ən mütləq riayət olunası tərəfi qablaşmasıdır ! Ən adi hədiyyəni belə rəngarəng kağızlarla büküb əla görünüşlü etmək olar :)



Qutulara gələndə, şəhərdə yeni il  mövzulu qutular hazırda provance və Qrafika  mağazalarında var. Amma adi istənilən ölçülü və formalı qutularsa həm adını çəkdiyim mağazalarda , həm də şəhərin müxtəlif yerlərində olan xırdavat dükanlarında var. (Ən çox da elə 28 may metrosunun yaxınlığındakılarda)

Sonda isə hər birinizə hədiyyə verəcəyiniz, vermək istəyib də verə bilmədiyiniz insanlar üçün həqiqətən dəyərli olmağınızı arzulayıram. Yalnız sizə dəyər verən insanlar anlayacaqlar ki, sadəcə həyatlarında var olmağınız, sağlam və xoşbəxt olmağınız elə onlar üçün ən vacib , ən birinci hədiyyədir.

Hiç yorum yok:

Yorum Gönder