27 Haziran 2017 Salı

Lion (2016)

Nə qədər vaxtdır artıq bu film haqda yazmağa fürsət axtarırdım. O gün yetişdi deyəsən. Sonuncu – 89-cu  Oscar mükafatlandırma mərasimində  6 nominasiya namizəd olan film heç birində  mükafat əldə edə bilməsə də , həm tənqidçilərdən yetəri qədər müsbət rəyləri , həm də vizyonda tamaşaçı sevgisini  qazanmağı bacardı.



Film gerçək hekayədən ilhamlanıb və elə  həmin hekayənin qəhrəmanı olan Saroo Brierleyin Larry Buttrose ilə yazdığı “Evə uzun yol” kitabından  ekranlaşdırılıb. Baş rollarda Hindistanın Hollywooddakı  fəxri  Dev Patel , şedevr bir aktrisalıq işini ortaya qoyan Nicole Kidman , Rooney Mara , David Wenham yer alıb.

                                     Həyatdakı Saroo , filmdəki azyaşlı və yetkin Saroo

İlk öncə bu filmdə indiyə qədər gördüyüm ən şəkər , ən sevimli uşaq aktyoru gördüyümü deyim sizə :) Bu necə bir gözəllikdir ,  ümid edirəm,  gələcəyi , ən az filmdəki rolunun gələcəyi qədər parlaq olar.



Film  bizim balaca , şəkər , hindli oğlanımızın qardaşıyla  iş üçün ilk dəfə həmişəkindən uzaqlara getməsi  və orda öz qardaşından ayrı düşüb heç tanımadığı, dilini belə bilmədiyi bir yerdə özünü tapması ilə başlayır. 

Saroo nə qədər anasını , qardaşını axtarıb tapmağa çalışsa da  bir şey çıxmır və onun ən başdan emosional yükü ağır olan hekayəsi  başqa bir yöndən irəliləməyə başlayır. O, əslində on minlərlə uşaq içindən ən bəxti gətirənlərdən biri olur və avstaliyalı bir ailəyə övladlıq verilir…



Düzü , Saroonun illər boyu  daha çox sırf onu böyüdən ailəni, qadını üzməməkçün özüylə apardığı mübarizə məni çox təsirləndirdi. Həqiqətən necə də çətin bir durumdur , səni bataqlıqdan xilas edib uzun müddət səni nə sevgidən , nə maddiyyatdan əskik etməyən  valideynlərin varkən içində  basdırdıqca daha da alovlanan bir vətən , torpaq , ailə , səni dünyaya gətirən və səninçün hər şeyə qatlanan bir ana  özləmi ilə yaşamaq…



Filmin əsas qəhrəmanı Saroo olsa da, analığı  Sue mənimçün  bir ana obrazı kimi yaddaqlan oldu. Qadının niyə bu uşaqları ( Saroodan sonra başqa bir hindli uşaq da ailəyə gəlir) övladlığa götürməsi haqda oğulluğuyla olan söhbəti haqda təəssüratlarımı sadəcə ifadə edə bilmirəm… Sənin kimi qadınlar çox olsun, Sue !



Film boyunca qalxan , düşən və yenidən qalxan ağır emosional vəziyyət  sonda izləyicisinə əməlli duyğu partlaması yaşadır :) Trailerə baxanda düşünmüşdüm ki, görəsən filmin adı niyə məhz “Aslan”dır ? İnanın , bu o qədər maraqlı və kədərli bir detaldır ki, siz də bilmək istəsəniz filmi izləməlisiniz …



Əjdaha aktyor işi  və ürəyinizi titrədəcək bir yaşam hekayəsi…




Həyat pisli və  yaxşılı təsadüflərlə  ,möcüzələrlə doludur.  Hər birinizin ən yaxşı təsadüfünüzü , ən möhtəşəm möcüzənizi tapmağınız diləyi ilə…

Həyatdakı Saroo və ailəsi 

Filmdəki Saroo və ailəsi 

Hiç yorum yok:

Yorum Gönder